Nermine Abbasova

Nərminə Abbasova: “Müalicə olunmayan xroniki qastrit xərçəngə səbəb olur”

Baxış sayı: 127

Bir çox insanın mədə ağrısından əziyyət çəkməsi günümüzdə adi hala çevirilməkdədir. Mədə ağrılarının ac qalarkən və orucu açarkən yeyilən qidalardan sonra baş qaldırması isə həyəcan siqnalı sayılır. Həkim müayinəsi Qastrit diaqnozu qoyduqda isə gecikmiş müalicə effektsiz ola bilər.

Bugünkü yazımız qastritlə bağlıdır. Qastrit nədir, əlamətləri necədir, yaranma səbəbləri nədir və müalicəsi necə aparılmalıdır?

Mövzuyla bağlı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovaya müraciət etdik.

Nərminə Abbasova ilk öncə onu bildirdi ki, mədədə yanma, ağrı, şişkinlik kimi əlamətlərlə özünü göstərə bilən qastrit mədənin daxili divarının iltihabı deməkdir. Müalicəsi diqqətdən kənarda qalan və gecikdirilən qastrit xərçəngə səbəb ola biləcək ciddi xəstəliklərin yolunu aça bilər. Xəstəlik həmçinin, qastrit iltihabı kimi də tanınır.

Qastritin əlamətlərindən bəhs edən həmsöhbətimiz qeyd etdi ki, qastritin simptomları xəstədən xəstəyə fərqli olsa da, adətən onlara ürək yanması, ağrı ürəkbulanma, qusma, gəyirmə, erkən doyma, iştahsızlıq və yeməkdən ikrah hissi, şişkinlik daxildir:

“Bu cür qastrit əlamətləri olan xəstələrin bir mütəxəssislə məsləhətləşməsi tövsiyə olunur. Diaqnostika zamanı xəstənin anamnezi götürülür və müayinə etməklə diaqnoz asanlıqla qoyula bilər. Ancaq xəstələrdə ağrı şiddətlidirsə, çəki itkisi ilə müşayiət olunan həddindən artıq və ya davamlı ürəkbulanma və qusma varsa, dərman istifadəsinə baxmayaraq, yaxşılaşma yoxdursa, xəstə əlavə müayinələrdən keçməlidir. Xüsusilədə bu şikayətlər 55 yaşdan yuxarı bir şəxsdə yeni baş veribsə, xəstə çox diqqətli olmalıdır”.

Həkim deyir ki, bu müayinələrdən ən əhəmiyyətlisi endoskop deyilən, ucunda kamera olan alətlə mədənin içinin vizuallaşdırılmasıdır. Onun sözlərinə görə, bu yolla düzgün və dəqiq diaqnoz qoyula bilər:

 

 

“Məsələn, kəskin qastritdə simptom qəfil başlayan mədə ağrısıdır. Mədənin ağrıyan nahiyəsinə toxunduqda ağrı daha da artır. Buna kəskin qastritdə əlamətlərə bel ağrısı, qusma, daimi gəyirmə, qara rəngli nəcis, ürək yanması, mədə ağrısından əyilmək də daxildir. Xroniki qastritdə əsas əlamətlər görünmür, lakin müalicə olunmazsa, uzun müddət ərzində müxtəlif xəstəliklərə yol açır.

Hər bir pasienti qastritin yaranma səbəbləri və hansı yaş həddində ona daha çox rast gəlindiyi də maraqlandırır. Ailə həkimimiz bildirdi ki, qastrit hər yaşda görünsə də, adətən böyüklərdə olur:

“Kəskin, yəni qəfil və xroniki, yavaş inkişaf edən qastrit iki ayrı qrupda araşdırılır. Alkoqol, aspirin, ağrıkəsicilər və stress adətən kəskin qastrit yaradır. Mədənin daxili divarında yaşayan və adətən uşaqlıqda çirklənmiş sudan keçən Helicobacter pylori adlı çubuqşəkilli bakteriya xroniki qastritin ən mühüm səbəbidir. Həmçinin öd reflü və bəzi infeksiyalar bu gün bir çox insan üçün problem olan qastritə səbəb ola bilər. Psixi gərginlik, həddindən artıq spirt istifadəsi, qida zəhərlənməsi, immun sisteminin zəifləməsi və irəli yaş qastritin yaranma səbəbləri arasındadır. Çünki müalicə olunmayan xroniki qastrit zamanı mədənin daxili divarından müxtəlif toxuma dəyişikləri baş verə bilər və bu zaman genetik meyli olan və kanserogen maddələrə məruz qalan insanlar xərçəngin əmələ gəlməsinə zəmin hazırlayırlar.

Həkim terapevt bildirdi ki, sözügedən xəstəliyin ən mühüm müalicəsi həyat tərzinin dəyişdirilməsi, pəhriz saxlamaq və dərman müalicəsidir. Nərminə xanım vurğuladı ki, qastritdən əziyyət çəkən xəstələr sürətli yemək yeməməli və yeməkləri yaxşı çeynəməlidirlər:

“Siqaret və spirtdən, qazlı içkilərdən, qızardılmış yeməklərdən, yağlı qidalardan, kolbasa və sosiska kimi qidalardan uzaq durmaq lazımdır. Xəstələr içkiləri çox isti və ya çox soyuq içilməməlidilər. Gün ərzində bol su içilməli, tərəvəz və meyvə yeyilməlidir”.

Nərminə xanım qeyd etdi ki, qastrit, adətən dərman və pəhriz tövsiyələri ilə uğurla müalicə oluna bilən xoşxassəli bir xəstəlikdir. Onun sözlərinə görə, daimi müayinələrə laqeyd yanaşmaq olmaz:

“Xəstələrin riayət etməli olduğu pəhriz tövsiyələrinin sıralanmasını diqqətinizə çatdırmaq istəyirəm. Yeməklərinizi az və tez-tez istehlak etməyə diqqət edin. Yeməyi çox isti və ya çox soyuq yeməyin. Yeməklərinizi yavaş-yavaş yeyin və çox yaxşı çeynəyin. Turp, tomat pastası, sirkə, ketçup, xardal, zeytun, qoz-fındıq və quru meyvələr istehlak etməyin. Yeməklərdəki bütün qidalar çiy qoyulmalı və qızartmadan bişirilməlidir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir