nene-baba

Nəvələr üçün nənə və babanın var olmasının faydaları – PSİXOLOQ YAZIR

Baxış sayı: 172

Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir. Bağça yaşına qədərki dövrdə istər uşaq, istərsə də ana üçün bu period daha da çətin keçə bilir. Bağlanmanın çox əhəmiyyətli olduğu bu inkişaf pilləsində uşaq-valideyn münasibətinin zəif olması gələcəkdə uşağın sosial yaşamında bir sıra neqativ hallarla qarşılaşa biləcəyini unutmaq olmaz. Xüsusilə ilk illərdə baxıcının tez-tez dəyişdirilməməsi və uşağın öz evində olması həm güvən, həm də evə sahiblənmə duyğusunu inkişaf etdirəcək. İş həyatından ayrıla bilməyən və ya ayrılmaq istəməyən analar bağçayaqədərki dövrdə uşağa qayğını ya maaşlı baxıcı ilə, yada yaxınlıqda olan qohumlar, qonşular vasitəsilə təmin edirlər.

İşləyən anaların öz uşaqlarını rahat şəkildə əmanət edəbiləcəkləri ilk seçimlərdən biri ana və qayınanadır. Uşağın olması ilə nənə və baba statusu avtomatik ortaya çıxır. Bizim cəmiyyətdə ananın işləyib-işləməməsindən asılı olmayaraq uşaq olduqdan sonra hər iki nənənin uşaq üzərində söz haqqına sahiblənməsi müşahidə olunur. Nənə və babanın nəvəyə baxması onların vaxtının səmərəli keçməsi və nəticədə yaşamağa olan həvəslərinin, həyat sevincinin artmasına səbəb olur. Eyni zamanda nəvələr üçün də nənə və babanın var olmasının bir sıra faydaları var. Belə ki, nənə və baba nəvəyə sevgi, qayğı, şəfqət, yaxınlıq, əxlaqı dəyərlər, sosial dəstək kimi bir sıra faydalar verir. Valideynlər üçün də nənə-babanın olması valideynlik təcrübələrindən faydalanmaq baxımından əhəmiyyətlidir. İlk uşağı olan və uşaq böyütməklə əlaqəli təcrübəsi olmayan ailələr üçün nənə-baba əhəmiyyətli mənbədir.

Ənənəvi cəmiyyətlərdə nənə və babanın öz uşaqlarına qarşı daha avtoritar, nəvələrinə qarşı isə daha icazəverici tərzdə davrandıqları müşahidə olunur. Valideynlərin qərarlı və intimazlı davranışları uşaqlar tərəfindən istənilməyən hala çevrilir. Bu zaman əgər nənə və baba uşağın bütün istəklərini qarşılayarsa, valideynlə uşaq arasında anlaşılmazlıqlar yaşana bilər. Nənələr ilə anaların təlim və dissiplinində fərqliliklər ortaya çıxarsa, mübahisədə uşaq özünə rahat olan tərəfi seçir, bununla da bəzən ana istəmədiyi təlim formasına razı olmaq məcburiyyətində qalır. Nənə və baba uşağın tərbiyəsində o zaman məhsuldar olurlar ki, onlar ailədə valideynlərdən üstün təsirə malik olmasın, ana və atanın tərbiyə formasına zidd davranmasınlar.

Nənənin uşağa baxarkən o evdə qalması bəzən ananın məsuliyyət duyğusunun azalmasına, uşaq üzərində təsirini itirməsinə səbəb olur. Uşağa nənənin baxması zamanı ortaya çıxan digər bir mənfi hal nənənin valideynlərlə olan münasibətini uşağa ötürməsidir. Bu dövr uşaqların görərək öyrəndikləri ilk illər olduğu üçün nənənin davranış şəkli, ifadə tərzi, reaksiya forması ona keçə bilər. Valideynlər bu halda narahat ola bilərlər. Amma unudulmamalıdır ki, bu hal keçici haldır. Əgər valideynlər bu davranışlara həddindən artıq reaksiya bildirməslər və bununla onu möhkəmləndirməsələr, bağça və məktəb illərindən yeni davranışlar ortaya çıxacaq.

Nəticə olaraq istər işləyən, istərsə də işləməyən analara kömək edən nənələr ailə bütünlüyünə, ailə sərhədlərinə diqqət etməlidirlər.

 

Uzman psixoloji konsultant Maarif Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir