geyim

“Nə geyinim” sualını stresə çevirməmək üçün nə etməli? – QADINLAR OXUSUN!

Baxış sayı: 1. 171

Hər səhər yuxudan qalxıb əl-üz, diş təmizliyi həll edilir, yemək yeyildikdən sonra qarderobun önünə keçilir. Və cavabı çox çətin bir sual gəlir: nə geyinim?… Kişilərdən fərqli olaraq, bu sual qadınlar üçün çox vaxt bir sindrom halını alır. Səhər sindromu…

Həm gözəl, həm də iş yerinə uyğun geyinə bilmək çox çətin işdir. Səhər işə getməmişdən paltarının birini götürüb, digərini qoyan, qərarsızlıqdan əziyyət çəkən xanımlarımız az deyil. Bir qərara gəlmək üçün onlar hətta bəzən havanın temperaturuna baxır, ona görə geyim seçir, yaxud da yoldan keçənlərin əyinlərinə nə geyindiklərinə baxaraq, təkrar qarderobun qapısını açır və bir neçə dəst paltar uyğunlaşdırırlar. Nəhayət, geyinəcəklərinə qərar verdikləri paltarı ütüləyirlər. Yaxınlıqda olan birindən necə göründüyü ilə bağlı fikir soruşurlar və s. Sonda yenə də nə olur bilirsinizmi? Bu qədər düşündükdən, beyin fırtınası yaşadıqdan sonra, bir gün öncə geyindiyi paltarları ilə gedəcəyi yerə yollanırlar. Elə buna görə də, xanımlarla söhbət edərkən, “beş dəqiqəyə hazırlaşıb çıxdım” ifadəsini eşitmək çətin məsələdir.

İngiltərədə qadınlar arasında aparılan araşdırma ortaya maraqlı nəticələr çıxarıb. Məlum olub ki, qadınların bütün həyatları boyu ən çox verdikləri sual “Bu gün nə geyinim?” sualıdır. Bu araşdırmaya görə, ortalama hər qadın həftə ərzində 16 dəqiqəsini paltar şkafı önündə həmin gün nə geyinəyəcəyini düşünərək keçirir. Həftəsonu üçün harasa getmək planlaşdırılıbsa, bura 14 dəqiqə də əlavə olunur. Xüsusi gecələr olan həftələrdə isə 20 dəqiqə əlavə olaraq hesablanır. Tətilə çıxanda paltar seçmək qadınların nə az, nə çox 52 dəqiqəsini alır. Beləliklə, orta hesabla qadınlar ömürlərinin 287-320 gününü nə geyinəcəklərini düşünərək keçirirlər.

Qadınların bu sualına cavab tapmasaq da, ipucu vermək üçün modelyerlərin bu haqda fikirlərinə müraciət etdik.

 

geyim

Gündəlik geyim uyğunlaşdırması nədir?

Modelyer-dizayner Fikrət Əliyev qadınlara gündəlik paltar seçimi ilə bağlı məsləhətlərini verdi: “Gündəlik geyim deyəndə qadınların düşüncəsində qəlibləşmiş forma mövcuddur-köynək və şalvar. Amma düşünmək lazımdır ki, elə xanımlar var ki, şalvar onların bədəninə uyğun gəlmir, yaxud ailəsi problem edir. Bunu dərd etmək lazım deyil. Çünki hal-hazırda həm milli mentalitetimizə uyğun, həm də qadınlarımıza yaraşan çox gözəl ətəklər, əlbisələr var. Xanımlar onlara müraciət edə bilərlər”. Fikrət Əliyev qadınların səhərlər paltar seçimini çətinləşdirən səbəblərə toxundu: “Qadınlarımız bəzən düşünürlər ki, yaxşı kombinə etmək deyəndə rənglərin uyğunluğu, yəni eyni rəngdə olması nəzərdə tutulur. Amma onu deyim ki, nəzərə almaq lazımdır ki, geyim seçərkən rənglərin eyni olmasını nəzərə almaq, gözəl bir uyğunlaşdırmaq demək deyil. Digər tərəfdən də, hər paltara özü rəngdə başqa bir geyim tapmaq asan deyil. Bu düşüncə onların işini daha da çətinləşdirir. Əsl uyğunlaşdırmada önəmli olan rənglərin eyni olub-olmamasından asılı olmayaraq, bir-birini tamamlamasıdır. Yox əgər “mən ağ şalvar geyinmişəmsə ona uyğun ağ kofta geyinməliyəm” düşünərək paltar geyinmək istəsələr, bu, xanımları qarderobun qarşısından ayırmaz. Amma çox gözəl rənglər var ki, onları bir-birinə yaraşdırıb geyinmək özü belə gözəl bir kombinədir”.

 

 

Paltarın çoxluğu seçimin azlığına səbəb olur?

Maraqlıdır ki, xanımlar ya paltarın çoxluğundan əziyyət çəkirlər, yaxud da çox az olduğu üçün geyinməyə paltar tapmırlar. Fikrət Əliyevin məsləhətləri daha çox paltarların çoxluğundan əziyyət çəkib, necə geyinəcəklərinə qərar verə bilməyən xanımlara oldu: “Bir çox xanımların qarderobu dolu olduğu halda nə geyinəcəklərinə qərar verə bilmirlər. Və hər gün “nə geyinim?” deyə düşünürlər. Nə qədər çox paltarları olsa da, nə geyinəcəklərini bilmirlər və yeni bir şey istəyirlər. Həmin xanımlara məsləhətim odur ki, paltarlarını bir neçə hissəyə ayırıb, bir qismini gözlərindən uzağa, yəni, çox az istifadə etdikləri şkafa qoysunlar və uzun müddət onları istifadə etməsinlər. Müəyyən müddətdən sonra həmin paltarlar onların gözündə yenilənəcək”. Modelyerin yanaşmasına görə, zövqlü geyinməyin paltarın az, yaxud da, çox olması ilə əlaqəsi yoxdur: “Mən elə insan tanıyıram ki, şkafında maksimum beş dəst paltar olsa da, onu çox səliqəli şəkildə istifadə edir və hər geyindiyində yeni almış kimi şux təsir bağışlayır. Ancaq şkaf dolusu paltarı olan insanlar da var ki, onların geyimi hər nə qədər yeni olsa da, bu çox da bilinmir. Buna görə də, xanımlar gərək yenilikdən əvvəl səliqəyə, şuxluğa və məkana görə geyimə diqqət etsinlər”.

Fikrət bəy bu mövzuda xanımlara peşəkarlarla məsləhətləşməyi məsləhət gördü: “Hətta xanımlarımız peşəkarlara müraciət etmədən də, dərgilərdən, internetdən istədikləri suallara cavab tapa bilərlər”

 

Hər məkanın öz geyimi var

F.Əliyev deyir ki, qadınlar iş geyimi seçərkən gözəlliklə yanaşı, rahatlığa da üstünlük verməlidirlər: “Artıq xanımlarımız daha şux və cazibəli görünmək üçün demək olar ki, iş geyimlərini də ziyafət geyimlərinə bənzədirlər. Ancaq bu düşüncə yanlışdır. Çünki hər məkan özünə görə fərqli geyim tələb edir. Məsələn, əgər iş ortamında rahat geyimlərə üstünlük verilərsə, işçilərə işləmək, əyləşmək, hətta düşünmək belə rahat olar. Hətta mən deyərdim ki, rahat geyimlərlə yanaşı, xanımlar gərək gündəlik geyim olaraq elə paltarlara üstünlük versinlər ki, geyindikləri zaman onlara dar olmasın. Paltarlar nə qədər geniş olsa, bu onların bir o qədər də hərəkətli olmalarına, özlərini daha rahat hiss etmələrinə, ən əsası da daha az yorulmalarına kömək edər. Qeyd edim ki, bir insanın gündəlik iş rejimində yorğunluğunun az, yaxud da çoxluğu, onun geyimindən və seçdiyi ayaqqabısından asılıdır”. Modelyer xanımlara gündəlik hündürdaban ayaqqabılara geniş yer verməməyi məsləhət gördü: “Xüsusilə də, Azərbaycan xanımlarının qarderobunda önəmli yeri olan hündürdaban ayaqqabıların gündəlik olaraq istifadə edilməsinin tərəftarı deyiləm. Çünki bu tip ayaqqabılar insanı çox yorur, digər tərəfdən də ayaq ağrılarının yaranmasına və xanımlarda bədən fiqurasının dəyişməsinə səbəb olur”.

geyim

Daxili aləmin aynası

F.Əliyevin fikrinə görə, geyim insanların daxili dünyasından xəbər verir: “Təbii ki, mən bütün insanlara bunu aid etmirəm. Elə insanlar var ki, imkanları yoxdur, qarderoblarından nə tapsalar, onu da geyinirlər. Ancaq geyimi haqqında çox düşünən və bunun üçün maddi imkanları olan insanların xarakterini geyimlərinə görə müəyyən etmək mümkündür. Məsələn, rəngli geyimlərə üstünlük verən xanımlar daha çox dəlisov xarakterli, qırmızını sevən və qarderobunda bu rəngə daha çox yer verən xanımlar isə daha çox sevgi dolu insanlar olurlar. Ancaq elə qadınlar var ki, daha çox tünd geyimlərə üstünlük verirlər ki, həmin qadınlar daha çox özünə qapalı və diqqət mərkəzindən uzaqda olmağa meyil göstərən xanımlardırlar. Bunun üçün də onlar öz rəng seçimlərinə görə qarderoblarını zənginləşdirə bilərlər. Xanımlarımıza bir şeyi də demək istərdim ki, bəyəndikləri paltarı alarkən ilk növbədə, onu nə ilə geyinəcəklərinə diqqət etsinlər. Əgər ona uyğun başqa bir paltarları yoxdursa, yenə geyim şkafının qarşısında vaxt itirmək məcburiyyətində qala bilərlər”.

 

“Nə geyinim” sualını stresə çevirməyin

Modelyer Şəlalə Maqsudova da bizimlə söhbətində xanımlara səhərlər geyim seçimi problemini aradan qaldırmaq üçün məsləhətlərini verdi: “Bəzi xanımlarımız geyim seçimində o qədər problem yaşayırlar ki, hətta bu onları stresə belə sala bilir. Buna görə də mən deyərdim ki, hər iş xanımının qarderobunda bir dəst klassik geyimin olması, onları bu vəziyyətdən qurtara bilər. Xanımlar hər şeydən öncə özlərinə güvənməlidirlər və şkaflarında olan paltarların onların üzərində çox gözəl qaldığını düşünməlidirlər. Bu düşüncədə olsalar, onsuz da hər gün nə geyinəcəklərinin problemini yaşamaq məcburiyyətində qalmazlar. Hətta mən öz qızlarıma da məsləhət verərkən hər zaman deyirəm ki, hər gün nə geyinəcəyinizin üzərində çox düşünməyin. Çünki, bu özünüzə olan güvən hissini azaldar. Bunu sadəcə öz qızlarıma deyil, bütün xanımlara məsləhət görürəm. Odur ki, xanımlarımız üçün ən vacibi özlərini içərisində rahat və gözəl hiss etdikləri paltarlara qarderoblarında yer versinlər. Bu zaman səhər nə geyinəcəklərinin sıxıntısını da yaşamış olmazlar”.

Bir sözlə, axşam yatanda “sabah nə geyinəcəyəm?” sualı ilə beyininizi məşğul etməyin. Qoy bəzəyiniz daxili aləminiz olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir