usaqlar

Nə üçün ailədə birinci övlad kimi daha çox oğlan istəyirlər?

Baxış sayı: 950

İş yoldaşımın mənə şahidi olduğu bir hadisəni nəql etmək istərdim. Bu yaxınlarda o, uşaq mağazasından alış-veriş edərkən orada çəhrayı uşaq paltarlarına baxıb hönkür-hönkür ağlayan hamilə bir qadın görüb. Bu hadisə onu təsirləndirməklə yanaşı, əməllicə heyrətləndirib. Adətən gələcək analar gözlədiyi körpələri üçün geyimlərə nəzər yetirəndə üzlərində təbəssüm, riqqət, mərhəmət olur, burda isə göz yaşları vardı… Bir neçə gün sonra iş yoldaşım həmin qadınla təsadüfən uşaqlar üçün oyun meydançasında qarşılaşıb. Qadın oraya oğluyla gəzintiyə çıxıbmış. İş yoldaşım ondan mağazadakı həmin o hadisə haqda soruşub, qadının cavabı isə çox təəssüfdoğurucu olub. Sən demə, qadın qız övladı istəyirmiş, amma USM nəticəsində ona söyləyiblər ki, sənin oğlun olacaq. İndi o qadın həm özünə, həm yoldaşına, həm də oğlan olduğuna görə hələ dünyaya gəlməyən övladına qarşı acıqlıdır. Və ən əsası, o, bu əhval-ruhiyyədə, bu durumda 1 ay imiş gəzirmiş…, hələ qarşıda onu ayyarımlıq müddət də gözləyirdi.

Təəssüf ki, əksər Azərbaycan ailələrində yeni doğulacaq övladın cinsinə çox ciddi yanaşılır, hətta bir sıra ailələrdə sonradan oğlan, yaxud qız övladları arasında ciddi fərq fə qoyulur. Uşaq gözləyərkən, xüsusən də ilk övladı daha çox oğlan arulayırlar. Uşağın cinsinin planlaşdırılması və hamiləliyin ilk həftələrindən körpənin cinsini təyin etməyə imkan yaradan ilkin diaqnostika mümkün ilandan sonra tibbin inkişafıyla bir qisim qız uşaqlarının dünyaya gəlməsi şansları sadəcə qalmır. Bu, nə dərəcədə ədalətlidir? Yeni doğulacaq uşaq çox böyük sevinc və maraqla gözlənilirsə, onun cinsinin fərqi varmı?

valideyn

Planlaşdırma metodları

Əlbəttə ki, hər bir insanın gələcək övladının cinsi ilə bağlı ümid  və planları olur. Lakin əgər istək və reallıq üst-üstə düşmürsə, kimlərsə bir az qəmlənəcək, sonradan bununla çox asanlıqla barışacaq, kimlərsə isə bunu dramatikləşdirib faciə şəklinə salacaq. Məlumdur ki, uşağın cinsini kişi orqanizmindəki X, yaxud Y xromosomları müəyyən edir. Yəni uşağın hansı cinsdən olması yalnız kişidən asılıdır. Hazırda bəzi hoqqabazlar gələcək valideynlərə övladın məhz onların istədiyi cinsdə olmasını “yəqinləşdirəcək” üsullar təklif edirlər, özü də xeyli miqdarda pul müqabilində. Bu üsullar arasında bu və ya digər xromosomun artmasına kömək edən xeyli  miqdarda qidalar, dietalar, günləri hesablamağa imkan verən cədvəllər, fal və sair mövcuddur. Əslində, bütün bu üsullar çox etibarsızdır və onların başında çox zaman sırf təsadüflər dayanır; axı cavab imkanı çox deyil, “bəli”, yaxud “xeyr”, yaxud “oğlan və ya “qız”. Belə olan halda da yanılmaq nisbəti xeyli dərəcədə azalır. Amma yeganə     təminatlı üsul hamiləliyin bir neçə həftə sonrası USM vasitəsilə uşağın cinsinin müəyyənləşdirilməsidir. Lakin bu üsul təəssüf ki, hər ailənin işinə yaramır. Yəni həmin ailələr bunu gecikmiş sayır və uşaqdan azad olur. Təəssüf ki, son zamanlar ölkəmizdə abortların sayı artan istiqamətdə gedir. Ən acınacaqlısı isə budur ki, ölkə əhalisinin cins üzrə tərkibində qadınların faiz nisbəti diqqətçəkən tərzdə azalır. Yəni əgər 5 il öncə faiz nisbəti 51 (qadın) – 49 (kişi) idisə, hazırda demək olar ki, faiz nisbəti bərabərləşib. Bu isə o deməkdir ki, vəziyyət belə davam edərsə, 5 ildən sonra qadınların sayı kişilərinkindən az olacaq, bu da anaların sayının azalmasına ciddi təsir edəcək.

valideyn

Psixoloji məqam

Görəsən, nə üçün bir qisim valideynlər övladının cinsinə belə ciddi yanaşırlar? Bu zaman xüsusən də oğlan uşaqlarına üstünlük verirlər. Bunun bəzi səbəbləri var. Hələ də, bəzi kişilər hesab edir ki,oğul övladın dünyaya gəlməsi ətrafdakılar, tanışları arasında üstünlükdür, kişilik qabiliyyəti, mücəssəməsidir. Əgər hansısa kişi hansısa limitə qədər oğlan övladının olmamasına görə həyatı boyu məyus olarsa, digər biri mümkün qədər sonadək mübarizə aparıb arzu etdiyi oğlana sahib olmaq istəyəcək, bu zaman onun yazıq həyat yoldaşı doğulan hər qız uşağına görə sevimli həyat yoldaşı qarşısında (yuxarıda qeyd etdiyimiz məqama əsasən yanlış olaraq) günahkarlıq hissi daşıyacaq. Ailədə övlad olanda və ikincisini gözləyəndə çox zaman əks cinsdən olan uşaq arzulayırlar, bunun da səbəbi anlaşılandır. Amma əksər azərbaycanlı ailələrdə ilk övladı xüsusən də gələcək atalar oğlan istəyirlər. Səbəbi isə sadə olduğu qədər çoxdur; onlar nəslin davamçısını, varisi arzulayırlar. Bəzi stereotiplərə görə isə gələcək valideynlər həyatda daha çox oğlan övladının uğurlarına qürurlanmaq istəyirlər. Daha bir səbəb isə valideynlərin ahıl yaşlarında, ömrünün sonlarına yaxın tək qalmaq qorxusudur ki, oğlan övladların doğulması ilə bundan sığortalanmaq istəyirlər. Lakin təəssüflər olsun ki, bəzi hallarda taleyin acı nəticələri də olur, yəni valideynlər bu mənada oğlanlarına arxayın olduqları halda, yanılırlar, qarşı tərəf onları atıb gedir, yaxud baxımsız, köməksiz qoyub gedir.

Əslində isə heç nəyə baxmayaraq, gələcək övladını sevməyə hazır olan valideynlər üçün cins elə də vacib deyil. Tam əminliklə söyləmək olar ki, məhz belə valideynlər sadəcə ər və arvad kimi deyil, daha “böyük” nümunəvi olmağa hazırlıqlıdırlar. Lakin mövcud stereotiplər bir çox valideynlərə, xüsusən atalara qeyd etdiyimiz kimi, körpəsini cinsindən asılı olmayaraq olduğu kimi qəbul etməyə mane olur. Aydındır ki, oğlan uşaqlarını daha çox kişilər arzulayır. Kişilər oğlan övladlarını öz nəsillərinin, öz reallaşmayan arzularının davamçısı kimi qəbul edirlər. Oğlan – gələcək dayaq, ən yaxın bir köməkçi, qazanc gətirən, ailə saxlayandır. Qız isə bir çox azərbaycanlı ailələrində ağır yük, ciddi məsuliyyət kimi anlaşılır. Təəssüf ki, qızı ərə vermək, ona cehiz almaq və sair məsələlərə bəzi ailələrdə çox dramatik, qəliz bir proses kimi yanaşırlar. Ən əsası onun sağlam, tərbiyəli böyüdülməsi faktoru bir çox valideynlərdə ehtiyat, ciddi narahatlıq, hətta qorxu yaradır. Əslində bu, çox ədalətsiz yanaşmadır. Statistika göstərir ki, valideynlərinə qız uşaqları daha çox qulluq edir, hətta yetkin yaşda, özü ailə quranda belə valideynləriylə emosional cəhətdən möhkəm bağlılığı qoruyurlar. Qız uşaqları valideyni, onun sağlıq durumu haqda daha çox düşünür.

Əksər valideynlər yaxşı anlayır ki, bu və ya digər cinsdən olacaq körpəni arzulamaq düzgün deyil, buna görə də vicdan əzabı çəkənlər də olur, amma yenə də məhz istədikləri övlad cinsinə ümid edir və inanırlar. Gələcək övladın bu cür qeyri-səmimi qəbulu gələcəkdə bir çox problemlərə yol açır. Yenicə doğulmuş bir körpə arzulanan, sevimli ola bilər, amma böyüyüb yetkin yaşa çatanda ona bəslənən ümidləri, etimadı doğrultmaya da bilər, nadürüst, işsiz, avara, bir sözlə, cəmiyyət və ailəsi üçün yararsız bir fərdə də çevrilə bilər. Məsələyə bir az yumşaq yanaşsaq isə – valideynin görmək istədiyi kimi – oğlan uşağı istiqanlı, qayğıkeş və mehriban, qız uşağı isə müstəqil, güclü və iradəli olmaya da bilər. Digər problemlər də yarana bilər. Tutaq ki, bir qız atası növbəti dəfə oğlan istədiyi halda qız dünyaya gələrsə, onu öz sevgisi, diqqət və qayğısı ilə lazımınca əhatələndirməz…  Bu da istər-istəməz özünü uşağın gələcək həyatında ciddi mənəvi zədə kimi göstərə bilər. Öz övladına ikili münasibət onunla xarakterikdir ki, valideynlərinin sevgisinə baxmayaraq, o cür övladlar daima kompleksli olacaqlar, öz yerini həyatda çətinliklə tapacaq, bəlkə də heç tapmayacaqlar. Tez-tez belə bir fikrin şahidi oluruq: “Mən ailəmizdə, 3-cü, yaxud 4-cü qızam, atam mənim yerimə oğlan istəyirdi”. Yaxud da əksinə: “Biz iki qardaşıq, mənim yerimə anam qız arzulayırdı” və sair və ilaxır. Maraqlıdır, övlad valideynin ona olan münasibətini hardan, necə bilə bilər, bir şərtlə ki, valideyn bunu ağzından qaçırtmasın…

valideyn

Tərbiyə fərqləri

Bir çox gələcək valideynlər söyləyirlər ki, oğlan istəyirlər, ona görə ki, qızı necə tərbiyə edəcəklərini təsəvvür edə bilmirlər, yaxud da əksinə. Şübhəsiz ki, tərbiyədə hansısa fərqlər mövcuddur. Oğlanlarda biz daha çox kişi xarakterinin cəhətlərini – kişilik, sözünün üstündə durma, sözünün ağası, iradə, dözümlülük, məsuliyyət, özünə və hərəkətinə cavabdeh olmaq, zəifləri müdafiə etmək, ədalət hissi görmək istəyirik, qız uşaqlarının isə zəriflik, mülayimlik, səliqəlilik, gülərüzlük, xeyirxahlıq, nəciblik, kompromisə getmək, bağışlamaq bacarığı, qohumcanlıq kimi qadın xüsusiyyətlərinin daşımasını arzulayırıq. Valideynlərdən heç biri istəməz ki, oğul övladı yuxarıda göstərdiyimiz kişiyə xas olan o cəhətlərə xeyirxah və dostsevərlik kimi xüsusiyyətləri olmadan sahib olsun. Yaxud da öz əməllərinə cavab verməyi, məsuliyyət daşımağı bacarmayan, xanım-xatınlıqdan uzaq olan bir qız övladına valideynlik etsinlər. Odur ki, oğlan və qızların tərbiyəsindəki fərq daha ciddi şəkildə nəzərə alınmalıdır.

Əgər valideynlər uşağı dünyaya gətirməyə və onu tərbiyə etməyə hazırdırlarsa, onda onlar üçün əsas məqam həqiqətən də qiymətli olan, valideyn və uşaqları bağlayan sevgi və qarşılıqlı anlaşma olacaq. Başqa digər mövhumat gerilik isə istənilən cinsdən olan uşağın sözsüz, sərhədsiz sevgiyə, çətinliklərə hazır olmayan valideynlər üçündür.

Övladın cinsinin necə olması elə də önəmli deyil, önəmlisi onun olmasıdır, özü də sağlam, ailə və cəmiyyət üçün gərəkli… Peyğəmbərimiz Həzrəti Məhəmməd s.ə.s – in bir hədisini xatırlamaq da yerinə düşərdi: “5 qız böyüdüb ərsəyə çatdıran valideynin yeri cənnətdir”

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir