Elnur Rustemov

Nənə, nənə, can nənə – PSİXOLOQ 6 GÜNLÜK KÖRPƏNİN ÖLÜMÜNDƏN YAZIR

Baxış sayı: 1. 439

“Gencaile.az” Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun məqaləsini təqdim edir.

Lap yaxında mətbuatdan 6 günlük körpənin su quyusuna atılması xəbərini oxuduq və mənim kimi min yaxud milyonlarla insan bu hadisədən sarsıldı, etiraz etdi. Bir o qədər də insan psixoloji travma aldı. Dolayısı ilə bir nənənin timsalında minlərlərlə nənələrə qarşı inamsızlıq yarandı. Günümüzdə baş verən istənilən hadisəyə qarşı insanlarımızın ifrat həssaslıq nümayiş etdirməsi ortadadı. İstənilən hadisə insanların şüuraltısına mənfi, yaxud müsbət təsir göstərir. Görünən o ki, günümüzdə neqativ hadisələr daha çoxdur, insanlarımız belə situasiyada daha çox həssaslıq nümayiş etdirirlər. Yazılan şərhlər və onların tərkibinə baxsaq mənzərə aydın şəkildə gözümüzün qabağında canlanar. Nə isə mətləbdən uzaqlaşmayaq, qayıdaq nənəyə. Müqəddəs kitablarda Allah təalanın dünyanı 6 günə yaratdığı qeyd olunur. Yazılır ki, Allah altıncı gün heyvan və insanları yaratdı. Bizdə isə 6-cı gün bir uşaq nənənin əlində faciəli şəkildə həyatını dəyişdi.

Bəli, dünyada hər gün uşaqlı, böyüklü kifayət qədər insan müxtəlif səbəblərdən həyatını dəyişir. Bəlkə də bu hadisədən də faciəli şəkildə. Sadəcə o hadisələrin böyük əksəriyyəti təsadüf nəticəsində baş verdiyinə görə belə faciəvi əhəmiyyət kəsb etmir. Sual yaranır. Nənə hansı səbəbdən qız nəvənin həyatına belə amansızlıqla son qoyur? Problemin kökü haradan qaynaqlanır? Biz öncəki yazılarımızda da etnopsixologiya və onun əsasını təşkil edən şifahi və yazılı ədəbiyatın bugünki həyat tərzimizə, davranışımıza, ünsiyyətimizə təsir göstərdiyini qeyd etmişik. Nənə məsələni də istisna deyil. Yəni nənənin nənəsindən bizə miras qalan düşüncə tərzi var. “Nəslin davamçısı oğlandı. Ata-ana oğul yanında qalar”.

Qız yükü, duz yükü

“Dədə Qorqud” filminə yəqin ki, baxmayan olmaz; oğlu olan ağ çadıra, qızı olan qara çadıra. Azərbaycan qadınına “qara çadır” hələ o zamanlardan qoyulub. Əslində belə yanaşmaları əksər Azərbaycan filmlərində görmək olar. Təhminələr, Mayalar, Nigarlar və s. Nə qədər ağır da olsa etiraf etməliyik ki, biz bu düşüncələrlə böyümüşük. O çəkilənlər, yazılanlar, deyilənlər, hamısı cəmiyyətə ötürülən subliminal mesajlar idi. Təsiri hələ bundan sonra da qalacaq. Tam aradan qalxması real deyil. Bunun üçün genetik kod tamamən dəyişməlidi. Azərbaycanda 7 bacının bir qardaşı olub, indi də var. Ancaq 7 qardaşın bir bacı olmağına az təsadüf edilir. 7 bacı 1 qardaşa görə həyata vəsiqə qazanıb. Hansı ki, o 1 qardaşı da çox zaman həmin 7 bacı bir ömür boyu saxlayıblar. Bütün bunların kökündə əksər vaxt təki oğlan uşağı, “düşmənə” gözdağı olsun düşüncəsi dayanır. Ailədə qız övladının olmaması problem deyil, əsas oğlan olmalıdı. Hətta oğlu olmayıb da qızı olana “sonsuz” deyiblər.

Indi isə qayıdaq reallığa. Görünən o ki, atalar çox zaman qızlarına düşkün olurlar. Elə ata da var ki, qızı ilə nəfəs alır. O zaman sual yaranır, niyə onlar bunu cəmiyyətdən gizlətməyə çalışırlar?  Dostlar, problem ata deyil babadı, nənədi, bibi, xaladı, qohum-əqrabadadı. Onların qınağına görə ər qız uşağı dünyaya gətirən həyat yoldaşını xəstəxanadan evə götürməyə gəlmir, küsür evdən gedir. Qoy görsünlər incikdi, özünü pis hiss edir. Çünki bizim üçün nəslin davamçısı oğlan olub, qız yox. Oğlan uşağı olmayan ata, eləcə də ana özünü o qınağın qarşısında yarımçıq hiss edir. Bu cür yanaşma dünən olub, bu gün var, sabah da olacaq; bəli, ailəsi olub da, oğlan uşağı dünyaya gətirə bilmədiyinə görə oğlunu başqa qadınla evləndirib ondan oğlan dünyaya gətirən analar hələ də var. Onu edən də dünən qız, bu gün ana, nənə olan xanımlarımızdı. Proses onlardan asılı olmayaraq şüuraltı baş verir. O şüuraltıya təsir göstərən isə yuxarıda qeyd etdiyimiz etnopsixologiyadı.

melek_268cd2ec0390c5af5094a7b57ef19855

Gör mənim qızım nə deyir; üzüyü qaytar!

“Əhməd haradadır?” Qloballaşmanın ilk qaranquşu idi. O qloballaşma ki, özü ilə çoxlu yeni yanaşma, düşüncə tərzləri gətirdi. Onlardan biri də gender bərabərliyidi. Son 20 ildə xanımların ictimai, sosial və siyasi həyatda aktivliyi kifayət qədər artıb. İndi Azərbaycanda, elədə də xaricdə təhsil alıb, müxtəlif sahələrdə uğurla fəaliyət göstərən, ata ailəsinə, qardaşlarına belə “əl tutan” xanımlarımız çoxdu. Yəni öncələrdə xanımlıq ərə gedib uşaq dünyaya gətirmək idisə, bu gün xanımlar karyera qurmaq, iqtisadi müstəqillik qazanmaq, bərabər hüquqlu ailə həyatı yaşamaq istəyir və bu istiqamətdə mücadilə aparırlar. Bunu qəbul edən və etməyən kişilər var. Hər birinin də məsələ ilə bağlı arqumentləri ortada. Kimi fikir, kimi şiddət göstərmək formasında. Dəyişmək iradə və öz üzərində çalşmaq tələb edir. Zor göstərmək, zor etmək deyil və hörmət, hörmətə bağlıdı. Hörmət görən xanım hörmətsizlik etməz. Amerika, inkişaf etmiş Avropa ölkələrinin demək olar ki, hamısı yuxarıda qeyd etdiyimiz mərhələləri keçib. Yəni bizdən əvvəl bunları yaşayanlar olub. Baxıb dərs almaq da olar.

Hörmətli, analar, nənələr, xalalar, bibilər heç olmazsa, oturduğunuz ağacın budağını kəsməyin.

Hörmətli atalar, babalar, əmilər, dayılar. Qorxu hörmət yaradır. Ancaq bir

müddətlik.

Ağlımızın bir küncündə qalsın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir