valideyn

Nənə yaşındakı analar…

Baxış sayı: 1. 414

Əvvəllər 40 yaşdan sonra ilk uşaq dünyaya gətirən qadınlar cəmiyyətdə qınanılırdısa, indi bu, normal qarşılanır. Son zamanlar gec ana olanların sayı da artmaqdadır. Ekspertlər gec ana olmağın müsbət cəhətləri ilə yanaşı xeyli mənfi tərəflərinin də olduğunu deyirlər.

Statistikaya nəzər salsaq, Azərbaycanda 45 yaşdan sonra daha çox şəhərdə yaşayanlar uşaq dünyaya gətirirlər. “Trend”in məlumatına görə, 2005-ci ildə Azərbaycanda 216 qadın 45-49 yaşında ana olduğu halda, 2010-cu ildə bu rəqəm 202, 2015-ci ildə 133, 2017-ci ildə isə 94 olub.

Ölkədə 50 və daha yuxarı yaşda ana olanların sayı 2005-ci ildə 18, 2017-ci ildə 13 nəfər olub.

2005-ci ildə 45-49 yaşda ana olanların 109-u, 50 yaşdan sonra ana olanların 7-si, 2017-ci ildə isə 45-49 yaşda ana olanların 58-i, 50 yaşdan sonra ana olanların 10-u şəhər yerlərinin payına düşüb.

Ötən il 45-49 yaşlı analar tərəfindən doğulan uşaqların 48-i həmin qadınların birinci, 31-i ikinci, 5-i üçüncü, 6-sı 4-cü, 4-ü beşinci və daha sonrakı uşağı olub.

 

Psixoloq Vəfa Rəşidova Demir bildirir ki, qadın özünü ana olmağa hazır hiss etdiyi yaşda uşaq dünyaya gətirməlidir: “İş təcrübəmdə görmüşəm ki, ana olmağa hazır olmayan yaşda ana olanlar çox ciddi ailə problemləri yaşayırlar. Uşağa nə yetərincə sevgi, nə də qayğı verə bilirlər. Elə olur ki, gənclər istədiyi bir çox şeyləri öz həyatlarında yaşamadıqlarına görə ana olmağa hazır deyillər və uşağa düzgün tərbiyə verə bilmirlər. Hər bir xanım daxili hissinə nəzər salmalıdır. Yalnız ana olmağa hazır olduğunu dərk etdikdən sonra övlad dünyaya gətirə bilər. Yoxsa, “mən ailə qurdum və uşağım olmalıdır” kimi yanaşmaq xanımın özü, ailə üzvləri üçün bu dönəmin stresli, ağır olmasına gətirib çıxarar”.

Həmsöhbətimizə görə, elə xanımlar olur ki, onlar üçün hər şey sistematik, planlı şəkildə olur. Yəni, həyatının bir xəritəsi var deyə, ana olmağa hazırlıq dönəmi ayırır. “Hazırlıq dönəmindən sonra ana olmağa hazır olur və uşaq dünyaya gətirir. Bu da gözəl bir fikirdir. Eyni zamanda, bir çox analara depressiv hallara düşməmək üçün gözəl yoldur”.

Psixoloq qeyd edir ki, yeni ana olan xanımların əksəriyyətində depressiya müşahidə olunur: “Psixoloji seanslardan bunun səbəbini görürük ki, ana olmağa hazır olmadıqları üçün depressiyaya düşüblər. Ruh, beyin, eyni zamanda ailə ortamı, şəraitləri hazır deyil. Hazırlıqlar olmadığı halda hamiləlik və sonra uşaq dünyaya gətirmək ciddi fəsadlarla nəticələnir, uşağa qayğı göstərmək, sağlam böyütmək qəlizləşir”.

Rəşidovanın dediyinə görə, son zamanlar gec yaşda ana olanların sayı artır: “Bu da onunla bağlıdır ki, indiki zamanda həyatda müəyyən bir mövqedə olmaq, özünə şərait qurmaq o qədər də asan deyil. Əvvəllər 45 yaşında ana olmaq, xüsusilə də birinci uşaq anası olmaq insanlar üçün dəhşətli bir şey idi. Cəmiyyət gec ana olanları qınayırdı. Amma indiki zaman üçün 45 yaşında ilk uşağı dünyaya gətirmək normaldır. Əvvəllər bu yaşa qədər ilk uşaq planlamağı saxlamırdılar. Ona görə ki, insanların həyatında bir sistem vardı. Daha gözəl həyat, ev və maşın üçün yarışma yox idi. İnsanların psixologiyasında mükəmməlçilik, maksimalizm çox az nəzərə çarpırdı. Bu gün analar brend geyimləri geyməyin savaşındadır. Valideynlər övladlarını düzgün tərbiyə etmək əvəzinə bacardıqca daha çox pul qazanmağa can atırlar. Bəzi insanlar bütün ömürlərini maddi baxımdan nəyəsə nail olmaq üçün sərf edir, elə də olur ki, heç nəyə nail olmurlar. 45 yaşında valideyn olmağa məcbur qalır. Bəziləri həqiqətən də uğur qazana bilirlər. Bu da 45 yaşına qədər ancaq olur və bu yaşdan sonra özünü ana olmağa hazır görür”.

Onun dediyinə görə, gec və ya daha cavan yaşlarda ana olmağın psixoloji cəhətdən elə bir fərqi yoxdur: “Gec oldu və ya tez oldu, bu, rol oynamır. Qadın övladı üçün əsl ana olmalıdır, önəmli olan budur. Ana oldunsa, əsl analıq borcunu yerinə yetirməlisən. Hər bir kəs fizioloji cəhətdən ciddi problemi yoxdursa, həyata uşaq gətirə bilər. Amma hər kəs mənəvi cəhətdən ana ola bilməz. Erkən və ya gənc yaşlarda ana olub uşağa psixoloji problemlər yaratmaq, stres içində böyütmək, onun özgüvənini davranışlarıyla məhv etməkdənsə, gec yaşda ana olmaq daha məsləhətlidir”.

Müsahibimizin fikrincə, gec ana olmağın üstün cəhəti odur ki, 40-45 yaşda qadın həyatı daha dərindən dərk edir. Ona görə də uşağını düzgün formalaşdıra bilər. “Əvvəllər insanlar başqa cür idi və analarımız bizi 19-20 yaşlarında dünyaya gətirir və normal tərbiyə edirdi. Amma indi başqa cürdür”.

Kişilərə gəlincə, ekspert qeyd edir ki, kişilər ata olmağa gec adaptasiya olurlar: “Kişilər evlilikdən bir-iki il sonra ata olmağa hazır olurlar. Belə hallar olur ki, uşaq ailədə dünyaya göz açır, amma ata ona yaxınlaşa, onu oynada bilmir. Ata üçün də qadınlarda olduğu kimi adaptasiya dövrü lazımdır. Elə kişilər var ki, ömür boyu ata olmaq məsuliyyətinin altına girə bilmir. Əlbəttə ki, kişinin ata olmağa hazır olması da qadından asılıdır. Qadınlar kişiləri ata olmağın məsuliyyətinə, bunun gözəlliyinə tədricən alışdırmalıdır”.

 

Araşdırmalara görə, gec yaşda ana olmağın bir çox müsbət cəhətləri var. Danimarkanın Orxus Universitetinin alimləri bunun üçün 4741 qadını müşahidə ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, gec yaşda hamilə olan qadınlar hamiləliyi daha rahat keçirir, erkən doğum və düşmə riski ehtimalı daha aşağı olur. Təcrübənin nəticələrinə görə, gec ana olan qadınlar uşaqlara qarşı daha təmkinli olur və bu, uşaqların tərbiyəsinə müsbət təsir göstərir. Uşaqların davranış pozuntuları və sosial problemləri az olur.

Lakin bunun fəsadlarının olduğunu iddia edən alimlər də var. Hesab olunur ki, 35 yaşdan sonra zaman sizin xeyrinizə işləmir, çünki toxum hüceyrələrinin keyfiyyəti xeyli aşağı düşür. 35 yaşdan sonra uğurlu hamiləlik şansı azalır. Qadının yaşı artdıqca uşaqsalma faizi də artır. 35 yaşdan sonra hamiləlik uşaqlıq xaricində olan hamiləlik, cift gəlişi, vaxtından əvvəl doğuşla nəticələnə bilər. Bu yaşda qadın hamilə qalırsa, Daun sindromu və digər anomaliyalara daha tez-tez təsadüf edilir. 30-34 yaş arasında qadının Daun sindromu ilə uşaq doğmaq riski təxminən 1200-də 1 olur, 35-39 yaş arasında isə bu risk hər 700-ə 1 düşür.

 

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir