Nermine  Abbasova

Nərminə Abbasova: “Yüksək təzyiq beynin zədələnməsini sürətləndirir”

Baxış sayı: 464

Müşahidələrdən belə müəyyən edilir ki, insanların əksəriyyəti yaddaşsızlıqdan şikayətlənir. Hətta bir çoxları bu yaddaşsızlığın koronavirusdan sonra artdığını düşünür.

Mövzu ilə bağlı danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova xatırlatdı ki, ümumiyyətlə mütəxəssislər hər zaman 30 yaşda olanların beyin sağlamlığını qorumaq üçün təzyiq göstəricilərinə diqqət etmələri barədə xəbərdarlıq edirlər:

“Bir araşdırmaya görə, beynin sağlamlığının qorunması üçün “fürsətlər pəncərəsi” 30 yaşdan 50 yaşın ortalarına qədər açıq qalır. Bir məlumatı diqqətinizə çatdırım – araşdırma üçün 1946 ildə doğulmuş 500 nəfər yoxlanıb. Orta yaşın əvvəllərində müşahidə olunan yüksək təzyiqin daha sonra ortaya çıxan qan damarlarındakı zədə və beynin kiçilməsi ilə əlaqəli olması bəlli olub. Mütəxəssislər “kritik vaxt” olaraq görülən 30 və 40 yaşlardakı yüksək təzyiqin “beynin zədələnməsini sürətləndirdiyini” deyirlər. Orta yaşlarda qan təzyiqi göstəricilərinin dementiya riski ilə əlaqəli olması daha əvvəl aparılmış araşdırmalarda da görülmüşdü. Lakin elm adamları bu zərərin nə vaxt və necə ortaya çıxdığını anlamaq üçün yeni göstəriciləri yoxlamağa araşdırmağa başlayıb. Araşdırma zamanı iştirakçıların beyni yoxlanıb və qan təzyiqləri ölçülüb. 36-43 yaşlarında qan təzyiqindəki artımın beynin kiçilməsi ilə əlaqəli olması nəticəsinə gəlinib”.

 

Nərminə xanım bildirdi ki, hamının beyni yaşlandıqca kiçilir, amma damar dementiyası kimi nevrodegenerativ xəstəliklərdən əziyyət çəkənlərdə bu daha çox müşahidə olunur:

“Həkim müasir dövrdə bilgilərini hər zaman artırmalı, alimlərin araşdırmalarını izləməlidir. Alimlərimizin araşdırmalarından bilirik ki, üzərində araşdırma aparılan şəxslərdə koqnitiv çatışmazlıq müşahidə olunmasa da, araşdırmaçılar beynin kiçilməsinin koqnitiv çatışmazlıq göstəricilərindən öncə baş verdiyini bildirirlər. Heç şübhəsiz ki, alimlərimiz eyni şəxslərdə həyatlarının növbəti illərində bu göstəricilərin müşahidə olunub-olunmamasını dəqiqləşdirmək üçün onlar üzərində araşdırmaları davam etdirəcəklər”.

Terapevt bildirdi ki, 43-53 yaş arasında qan təzyiqindəki artımın 70 yaşında olan şəxslərin qan damarlarında yaranan zədə ilə əlaqəli olması üzə çıxıb. Həkimin sözlərinə görə, məlum olub ki, 30 yaşda qan təzyiqimizdəki göstəricilərimiz on illər keçdikdə belə beynimizin sağlamlığına öz təsirini göstərir:

 

“Araşdırmaçı alimlər bu qənaətə gəliblər ki, yaşlananda beyin sağlığını qoruya bilmək üçün orta yaşın əvvəllərində yoxlamalara və müşahidələrə başalamaq lazımdır. Bir başqa araşdırmaçı isə bəyan edib ki, bir müddətdir yüksək təzyiqi olanların irəli yaşlarda fərqli beyin şəkillərinə sahib olduqlarını bilirdik, ancaq həkimlər qan təzyiqinə erkən yaşda müdaxilənin beyindəki dəyişiklərin qarşısını ala bilib-bilməyəcəyi ilə bağlı mübahisə edirdilər. Bu fikirlərlə mən də razıyam. Amma onu da qeyd edim ki, alimlər erkən yaşlarda müdaxilənin mühümlüyünün də izahını veriblər. Həqiqətən də etiraf etmək lazımdır ki, indi yüksək təzyiqi ancaq yaşlandıqca ciddiyə alırıq. Beləliklə də beyində zədələr yaranmır. Bu araşdırma 30 və 40 yaş kimi həyatın bəzi dönəmlərinin çox vacib ola biləcəyini göstərir. Bu zaman kəsiyində yüksək təzyiq beynin zədələnməsini sürətləndirir”.

Nərminə xanım qeyd etdi ki, orta yaşda müşahidə olunan yüksək təzyiq dementiya riskini artıran ən çox təsiredici vasitələrdən biridir. Gənc yaşlarda qan təzyiqinin normal vəziyyətdə saxlanması üçün gərəkli önləmlərin alınması məsləhətdir.

 

 (Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir