naile islamzade

Nailə İslamzadə: “İndiki qızlar oğlandan hər şeyin hazırını istəyirlər”

Baxış sayı: 2. 255

“Gencaile.az” saytı tanınmış aparıcı, Azərbaycanın əməkdar artisti Nailə İslamzadənin müsahibəsini təqdim edir.

 

 Nailə xanım, sizi hər kəs tanıyır və sevir. Bu qədər sevgini necə qazanmısız?

Bu cür suallara cavab verməkdə çətinlik çəkirəm (gülür). Mənə elə gəlir ki, sevgini bilərəkdən qazanmırlar. Biz özümüz də kimisə ya sevirik, ya da sevmirik. Mən bu sevgini qazanmaq üçün bilərəkdən heç nə etməmişəm. Sadəcə olaraq öz işimi, sənətimi sevərək görmüşəm və ən əsası qarşımdakı insanı qıcıqlandırmamamağa çalışmışam. Bu da mənə sevgi qazandırıb.

 

– Layihəmizin adı “Uğurlu qadın”dır. Nailə İslamzadə özünü uğurlu qadın hesab edirmi?

– Təbii ki, özümü uğurlu qadın hesab edirəm. İstər ailəmdə, istərsə də işimdə mən öz vəzifəmi yerinə yetirmişəmsə, demək uğurlu sayıla bilərəm. Məncə insanın uğuru onun vəzifəsi, işi ilə ölçülməməlidir. Elə vəzifəli, zəngin insanlar var ki, özlərini uğurlu hesab etmirlər. Uğur insanın daxili harmoniyasıdır. Əgər insan etdikləri ilə özünü xoşbəxt sayırsa, özünü uğurlu saya bilər.

 

– Uğur qazanmaq üçün nələrdən keçmisiz?

– Uğur qazanmaq üçün çox şeydən keçmişəm. Uğur üçün ilk növbədə fədakar və məqsədli olmaq lazımdır. Əgər məqsədin varsa, nə istədiyini bilirsənsə və sən o məqsədə doğru gedirsənsə, bu uğurun yarısıdır. Çünki həyatdan nə istədiyini konkret olaraq bilirsən. Uğur qazanmaq üçün aildə də fədakar olmaq lazımdır. Etdiyin işlə kiməsə xeyir vermək lazımdır, təkcə özünü düşünməməlisən.

Mənim özümə gəldikdə isə deyə bilərəm ki, çox şeydən keçmişəm. Gecəmi gündüzümə qatmışam. Tamella Ələkbərova ilə qonşu idik və o deyirdi ki, gecələr nə zaman oyanıramsa, sizin mətbəxin işığı yanır. Gecələr oturub, tamaşaçı məktublarını oxuyub, ssenari yazırdım. Bax uğur belə başlayır. Özünü mütləq fəda edib, çox işləməlisən. Lazım gəldikdə kimisə yola verməyi də bacarmalısan.

 

– AzTV-də “Ailələr və Talelər” verilişi ilə sevgi qazandız. O dövrü necə xatırlayırsız?

– “Ailələr və Talelər” verilişi mənə uğur gətirdi və deyə bilərəm ki, məni tamaşaçılara sevdirdi. Mən bu verilişdən əvvəl də xəbərlər proqramının aparıcısı olmuşam. Ancaq o verilişdə mən özüm olurdum və istədiyim sözü deyirdim. İstər ssenari, istərsə də reportajların hazırlanmasında mən tək işləyirdim. Təbii ki, operator, rejissor var idi, ancaq bütün məsuliyyət mənim üzərimdə idi. Şükürlər olsun ki, 10 il efirə getdiyi müddətdə bu veriliş mənim üzümü ağartdı. İnsan övladına necə qayğı göstərib, bəsləyərsə mən də verilişi elə bəsləyirdim. Canlı yayımda olanda hər bir kəliməmə diqqət edirdim.

– 20 il əvvəl olan ailələrin taleyi ilə indikilər arasında nə kimi fərq var?

– Əslində, ailələr eynidir, tipləri fərqlidir. Avtoritar, demokratik ailələr var. Ancaq hazırda elə bil ki, ailə fərdləri dəyişib. Ola bilsin ki bu İKT-nin inkişafı ilə bağlıdır. Mənə elə gəlir ki, indi ailə fərdləri özlərinə qapanıb. Əvvəl bu belə deyildi. Hamı bir yerə toplaşıb televiziyaya baxırdı, söhbət edirdi. İndi isə hər şeyi texnika həll edir. İndi hamı mesajlaşır, görüntülü danışır. Buna görə də ailə bir ortama gələ bilmir. Deyə bilərəm ki, ailə fərdləri bir-birindən qopub. Bir məsələ də var ki, bizim mediamız uğursuz ilələri daha çox qabardır. Boşanmalar əvvəllər də var idi. Bizim verilişə o qədər elə problemi olan ailələr müraciət edirdi ki…

Ancaq biz bu mövzuları müzakirə edib, çıxış yolunu axtarırdıq. Ancaq olanları bütün çılpaqlığı efirə vermirdik. Fərq budur.

 

– Bəs sizcə niyə biz pisi göstəririk, yaxşını yox?

Çünki pisi, dava-dalaşı göstərəndə hamı buna 4 gözlə baxır. Ancaq bu səhv düşüncədir, yaxşıları göstərmək üçün ağıl işlədib, daha çox çalışmaq lazımdır. Onu necə göstərim ki, hamı qəbul edə bilsin. Xoşbəxt ailələrin düsturu eynidir. Bir-birini başa düşmə, yola vermə. Ancaq onlar da çox çətin yollardan gəlib, xoşbəxt olublar. Xoşbəxtlik elə bir şey deyil ki, ömür boyu olsun. Burda da özünü fəda etmək lazımdır. Uğurun düsturunu göstərmək üçün düşünmək lazımdır. Ancaq onu deyə bilərəm ki, dava-dalaşı göstərməklə reytinq qazanmaq çox asandır.

 

– Dediz ki, 25 il TV-də çalışmısız. Bəs sevimli işinizdən getməyinizə səbəb nə oldu?

– O vaxtı televiziyada dəyişikliklər oldu. Mən TV-də işlədiyim dönəmdə 7 sədr dəyişib. Mən işdən getdiyim dövrdə olduğu kimi heç vaxt işçilərə münasibət olmamışdı. Həmin dövrdə mənimlə yanaşı bir çox adam getdi televiziyadan. Yaranan şərait elə tələb etdİ və biz getməli olduq. Qalsaydıq belə bizi işləməyə qoymazdılar. Arif Alşanovun sədrliyi dövründə mən Aztv-də işləmədim.

 

– Efirdən kənar olduğunuz müddətdə TV-ləri izləyirdiz? Nələri bəyənmirdiniz?

– Efirdən kənarda və ya efirdə olmağımdan asılı olmayaraq bəyənmədiyim çox şey var. Bəyənmədiklərim efirdə aparıcılıq edənlərdə çox vaxt vurğunun düzgün vurulmamsı, pauzanın yerində olmaması, nəfəsin düzgün alınmaması, məntiqi vurğunun düzgün işlənməməsidir, bu məni qıcıqlandırır. Bununla yanaşı verilişlər öncədən planlaşdırılmır. Buna cavab olaraq bildirirlər ki, veriliş təbii olmalıdır. Razıyam, ancaq verilişin planı və süjet xətti mütləq olmalıdır. Bununla yanaşı qonağı da verilişə hazırlaşdırıb, onunla mövzu ətrafında danışmalısan.

 

– Yenidən TV-yə qayıtdınız. Seçiminiz nəyə görə İTV oldu?

– Seçimim deyəndə, mən yox, onlar məni seçdi (gülür). Sanballı veriliş olduğuna görə razılaşdım. Məni dəvət etdiyinə görə İTV-nin sədri Balakişi Qasımova çox təşəkkür edirəm Veriliş “Ötən günlər” adlanır və mən o zaman işlədiyim adamlarla işləyirəm. Ancaq düşünürəm ki, burada da görülməli işlər var və zamanla bu da öz yerinə qoyulacaq.

– Sizcə bu gün Azərbaycan izləyicisi nəyə baxmaq istəyir?

– Azərbaycan tamaşaçısı biz nə təklif ediriksə, ona da baxır. Tamaşaçının fikrini soruşan var ki? Tamaşaçının boynuna qoyurlar ki, o bunu istəyir və biz də onu göstəririk. Ancaq əslində elə deyil. Biz niyə düşünməliyik ki, tamaşaçı məndən axmaqdır. Əksinə, biz düşünməliyik ki, bizi izləyən ağıllıdır. Mən reytinq məsələsinə heç inanmıram. O necə hesablanır onu da bilmirəm. İki binanın üstünə hansısa aparatı qoyub, onunla reytinq ölçmək düz deyil. Bunun üçün ziyalıların çox olduğu yerdə sorğu keçirsinlər. Mənə elə gəlir tamaşaçılar daha çox intellektual verilişlər istəyirlər. Televiziyadan böyük pullar qazanmaq üçün istifadə etmək düzgün deyil. Televiziyanı kazinoya çevirmək olmaz.

 

– Bir az da şəxsi həyatınızdan danışaq. Həyat yoldaşınız da tanınmış şəxsdir?

– Xeyr, tanınmış şəxs deyil. Ancaq soyad olaraq tanınmış şəxs ola bilər. Çünki mənim qayınatam İslamzadə İslam  Xalq Komisarları Sovetinin birinci müavini olub.

– Yoldaşınız tanınmış sima olmağınızı necə qarşılayır? Sizi qısqanırmı?

– Xeyr, normal qarşılayır. Çünki o da özünə görə ağır, sanballı bir insandır. Onun özünə görə heç bir kompleksi yoxdur. Əksinə, bizə bir yerdə olanda ona daha çox diqqət yetirirlər.

 

– Övladınızla fotolarınız sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı. Həttta bəz səhifələr həyat yoldaşınız olduğunu yazmışdı. Bu cür gənc qalmağın sirri nədir?

– Mən düşünürəm ki, elə də cavan qalmamışam (gülür). Xarici gözəllik elə şeydir ki, bu hamıda ola bilər. Əsas odur ki, daxili gözəllik olsun və bunlar bir-birini tamamlasın.İlk öncə özünü sevməlisən, daha sonra insanları sevməlisən. Kosmetalogiyanın hər bir nəaliyyətindən istifadə etmək insanı gözəlləşdirmir.

– Son günlər qadın cinayətləri artıb. Sizcə qadınlara zorakılığın səbəbi nədir?

– Qadınlara qarşı zorakılıq illərin problemidir və dünyada olan problemdir. İndi bu hallar daha çox qabardılır. Mənə elə gəlir ki, qadınlara qarşı zorakılıq maddiyatla da bağlıdır. Bəzən qadın başqasında yaxşı həyatı görüb, həyat yoldaşından daha çox şey istəyir. Birmənalı olaraq zorakılığa yox demək lazımdır.

Əsas şərtlərdən biri də, qadınların ali təhsilli olmasıdır. Qadınlar ali təhsil almalıdır ki, sabah heç kimə möhtac olmasın.

 

– Son olaraq gənc qızlara nə məsləhət görərdiz?

– Gənc qızlara ən birinci məsləhətim odur ki, oxuyub savadlı olsunlar. Qızın ən böyük cehizi onun savadıdır. Əgər savadı varsa, işi də olacaq. Yüngul həyat tərzinə meyl etməsinlər. İndi sosial şəbəkəyə girmək olmur. Qızlar onlara yazılan şərhlərə mütləq baxmalıdırlar. İndi hərənin əlində bir telefon, özünü qəhrəman hesab edir. Bəzən qızlar açıq-saçıq geyinirlər və ya özlərini lazımıncə aparmırlar. Şərh yazanlar da onları təhqir edir. Bu göz götürməmək deyil. Bundan nəticə çıxarmaq lazımdır. Niyə bu cür şərhləri mənə yazmırlar? Qızlar çox parıltıya, açıq-saçıqlığa can atmasınlar.

İndiki qızlar oğlandan hər şeyin hazırını istəyirlər. Universiteti yeni qurtaran oğlanın evi hardan olsun? İndi qızlar hər şeyin hazır olmasını istəyir. Hər oğlanın o lüksu yoxdur axı, atası anası imkanlı olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir