Nar yaşlanmaya qarşı

Baxış sayı: 2. 243
Əgər insan müntəzəm şəkildə nar yeyərsə, onun ürəyi saat kimi işləyəcək, qocalıq isə hələ uzun müddət qapını döyməyəcək. Oktyabrdan, bəzən isə daha əvvəldən başlayaraq, yanvaradək hər birimiz bu möhtəşəm meyvənin dadından zövq almaq şansı qazanırıq. Narın Azərbaycanın rəmzi olması da təsadüfi deyil. Bu nadir meyvənin bütün növlərinin yetişdiyi məkan məhz Azərbaycandır.
.
Meyvələrin şahı
“Granatus” latın dilindən tərcümədə “dənəvər” deməkdir. Nar əsl meyvələrin şahıdır. O, heç də yalnız tərkibinə görə nadir meyvə deyil. Qədim zamanlardan nardan istər tibbdə, istərsə də kosmetologiyada geniş istifadə olunub. Onun faydası hər kəs tərəfindən qəbul olunur. Əfsanəyə görə, şahın başına qoyduğu tacın forması məhz üzərində tac olan nardan götürülüb. Bizim dövrümüzdə isə bu meyvənin “şah” tituluna supermeyvə adı da əlavə edilib – onun müalicəvi xüsusiyyətinə görə. Narın müalicəvi xüsusiyyətlərindən hələ vaxtilə Dioskorid, Qalen, Kolumella və bir çox digər filosoflar da yazıblar. İbn Sina nar haqqında yazırdı: “Turş nar, xüsusilə onun şirəsi ödqovucu xüsusiyyətə malikdir. Nar siropu və qatı hala düşənədək qaynadılmış şirəsi xumarlığın dərmanıdır. Qızdırma zamanı yeməkdən sonra turş nar şirəsi içmək faydalıdır”.
Orta əsrlərə aid Azərbaycan saray təbibi Məhəmməd Mömin insanlara narın yalnız dənələrini deyil, çiçəyini də (gülnar) istifadə etməyi məsləhət bilirdi: “Narın çiçəyi qaraciyəri, bağırsaqları, qanyaratma orqanlarını möhkəmləndirir. O, bağırsaqda yaraya, bütün orqanlarda qanaxmanın qarşısının alınmasına, qotura qarşı da xeyirdir. Nar çiçəyilə kompress yaranı sağaldır, şişin böyüməsini əngəlləyir, saç tökülməsinin qarşısını alır. Çiçəkdən hazırlanmış həlimlə ağızı yaxalamaq isə damaqları, dişləri möhkəmləndirir, ağızdakı yaraların müalicəsində yaxşı effekt verir”.
Məhəmməd Yusif Şirvani “Tibbnamə”də yazırdı ki, yabanı narın qurudulmuş dənələri xörəklərə turş qatqı kimi istifadə olunur. Onun da ödqovucu xüsusiyyəti var. Bundan əlavə, nar qurusu həzmə də kömək edir. Nar ağacı 200-300 il yaşaya bilir.
.
Faydası
Nar vitaminlərlə, minerallarla zəngin meyvədir. Bu meyvənin tərkibində orqanizmin mükəmməl işləməsi üçün lazım olan hər şey var. Onun şirəsində 15 amin turşusu aşkarlanıb. Bu turşulardan 6-sına nardan başqa yalnız ətdə rast gəlinir və onlar insan orqanizmi üçün əvəzolunmazdır. Narda 4 əsas vitamin də var: C, P, B6 və B12. C vitamini immuniteti gücləndirir, P – damarları, B6 – əsəb sistemini möhkəmləndirir, B12 qanyaratmanı yaxşılaşdırır. Amma bu da son deyil! Nar ağır günlər üçün sadəcə ideal vasitədir. Çünki 100 qram meyvədə 62-79 kilokalori, 100 milliqram nar şirəsində isə 42-65 kilokalori var. Nar yod, kalium, kalsium, dəmir, silisium kimi minerallarla da zəngindir.
Nar şirəsi yorğunluq, qanazlığı, ateroskleroz, respirator infeksiyalar, bronxial astma, angina, radiasiya şüalanması kimi hallarda məsləhət görülür. Bu meyvənin tərkibində punikalagin (Punicalagin) də var. Bu maddə sərbəst radikalları neytrallaşdırır, antioksid statusu yüksəldir. O, orqanizmə düşər-düşməz, ürəyə müsbət təsir göstərir. Həkimlərin sözlərinə görə, narın tərkibində olan punikalagin və digər antioksidantlar damarların divarlarını möhkəmləndirir, “pis” xolesterinin miqdarını azaldır, bu da öz növbəsində ateroskleotik piləklərin əmələ gəlməsinə mane olur. Nar tərkibindəki K vitamini sayəsində sümüklərdə, birləşdirici toxumalarda maddələr mübadiləsinə müsbət təsir göstərir, kalsiumun həzminə kömək edir. Keyz Qərb Rezerv Universitetinin tibb məktəbinin elmi araşdırmaları isə narın osteoartroza aparıb çıxaran qığırdaq toxumalarının deformasiyasını əngəllədiyini göstərib. Nar şirəsi fitonutrientlə zəngindir. Bu, iltihabı aradan qaldırır, qığırdaq toxumalarda şişkinliyi azaldır.
Nar şirəsi diş təbəqəsini aradan qalxmasına da kömək edir. Bundan başqa, onun tərkibində mikrobəleyhinə və virusəleyhinə maddələr var. Nəticədə, nar şirəsi ağız boşluğunu bakteriyalardan da təmizləyir. Bu, damaq xəstəliklərinin yaranma riskini xeyli azaldır. Narın şirəsində bədxassəli elementlərin yaranmasını önləyən maddələr də var. Amerika Xərçəngin Araşdırılması Assosiasiyasının jurnalında yer almış tədqiqat nəticələrinə əsasən, müntəzəm şəkildə nar yemək süd vəzi xərçənginin əmələ gəlmə riskini bir neçə dəfə azaldır.
Alimlər nar şirəsinin prostat xərçənginə faydasını da araşdırır. Onun tərkibində böyük dozada antiiltihab maddələrinin olması orqanizmdə xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Bundan başqa, nar şirəsinin ağciyərdə onkologiyanı ləngitdiyini düşünmək üçün də əsaslar var. Bu, xəstəliklə daha effektiv mübarizənin aparılmasına imkan verir.
Nar immuniteti artırır. 100 qram nar meyvəsində orqanizmin C vitamininə gündəlik tələbatının 21%-i var. Gündə bir narın dörddə birini yemək kifayətdir ki, insanın immuniteti güclənsin.
Nar həzmi yaxşılaşdırır. Qidadakı liflər orqanizm tərəfindən həzm olunmur, lakin bağırsaqdan bütün artıqların çıxmasına kömək edir. Onlar sağlam həzmin “mühərriki” sayılır. Bu liflərə dənli bitkilərdə, həmçinin bəzi meyvələrdə və əlbəttə ki, narda rast gəlinir. Gündə cəmi 100 qram nar yeməklə, gündəlik lif normasının 16%-ni əldə edirsiniz. Bundan başqa, nar şirəsi iştahanı stimullaşdırır, susuzluğu aradan qaldırır. Nar çapıqların bitişməsinə də kömək edir. Nar dənələrindən hazırlanmış yağ epiderma hüceyrələrinin regenerasiyasına kömək edir, yaraların sağalmasını sürətləndirir. Nar cövhəri günəşin yandırdığı dərinin bərpasına kömək edir. Nar qanda hemoqlobini artırır. Onun şirəsi isə qanazlığından əziyyət çəkən insanlara çox tez-tez məsləhət görülür – gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan.
Mütəmadi olaraq xörəklərə nar qatılması orqanizmdə hemoqlobinin miqdarını normallaşdırmaqla yanaşı, saçın diblərini də möhkəmləndirir. Bu, saç tökülməsinin qarşısını alır, onlara sağlam parlaqlıq verir. Nar şəkərli diabetdən əziyyət çəkənlər üçün də məsləhətli meyvədir. O, sidikqovucu xüsusiyyətə malikdir. Nəticədə, nar şəkərli diabetin ilkin mərhələsində tez-tez rast gəlinən şişkinliyi aradan qaldırır.
Nar qocalmağa qoymur. 2006-cı ildə aparılmış araşdırmanın nəticəsinə görə, o, Alzheymer xəstəliyinin inkişafını da əngəlləyir. Bu, meyvənin tərkibindəki antioksidantlar hesabına mümkün olur. Nəticədə, beyində iltihab proseslərinin qarşısı alınır. Bundan başqa, nar cövhəri tibdə antiage (“yaş əleyhinə”) əlavə kimi də istifadə olunur. O, dərinin qocalmasının qarşısını alır, qırışları azaldır, yaşla əlaqədar piqment xallarının yaranmasına mane olur.
.
Əla növlər
Azərbaycanın hər bölgəsində nar yetişdirilir. Ölkə ərazisində onun yabanı növlərinə də rast gəlinir. Bizdə narın “Vələs”, “Şirin”, “Gülöyşə”, “Şıxbaba”, “Şahnur” kimi növləri var. Onların hər birinin öz dadı, öz rəngi olur. Bəzi növlərdən isə dava-dərman hazırlanır. Azərbaycanda nara şeirlər yazır, mahnılar bəstələyirlər.
Göyçay, Qəbələ, Ucar və Sabirabad rayonlarında nar emalı zavodları açılıb, kəndlərdə nar qəbulu məntəqələri yaradılıb. Yalnız Göyçay rayonunda 1700 hektar ərazidə nar bağları yerləşir. Bu bağlardan ildə 30 tondan artıq məhsul götürülür.
Hər il noyabrın əvvəlində Azərbaycanda nar festivalı keçirilir. Bu vaxt narın yığımı başa çatır və ölkə bu hadisəni təntənə ilə qeyd edir. Sərgilər və yarmarkalar təşkil olunur, insanlar əldə etdikləri məhsullarla öyünür, müxtəlif nar məhsullarının dadına baxırlar: şərab, şirə, mürəbbə və s.
Hazırda Azərbaycanda nar istər tər meyvə, istərsə də emal olunmuş formada həm daxili, həm də xarici bazarlara çıxarılır. Azərbaycanda istehsal olunan nar şirəsi Rusiyaya, MDB və Avropa ölkələrinə, ABŞ-a, İsrailə və Çinə ixrac olunur. Narın emalı nəticəsində əldə olunan məhsullar sırasında nar şirəsini, sousu, həmçinin konsentrat məhsullarını göstərmək olar. Bu məhsullar arasında narşərab xüsusilə populyardır. Azərbaycan kulinariyasında o, ət yeməklərinə əlavə olunan ədviyyat kimi istifadə edilir. Balıqdan hazırlanmış müxtəlif xörəklərə də narşərab əlavə olunur. Nar dadlı və gözəl meyvədir. Ondan bir çox xörəklər hazırlanır – salatlardan tutmuş desertlərədək.
.
NARŞƏRAB
Əvvəlcə nar təmizlənir, dənələnərək böyük qazana yığılır. Qazan alovun üzərinə qoyulur, əzilir və vaxtaşırı qarışdırılır. Bu işdə istifadə olunan qaşıq taxtadan olmalıdır. Çünki narın turşuluğu metal əşyalarla reaksiyaya girir. Tədricən qazanda əmələ gələn şirə dənələrin üzərini örtür. Lətdən ayrılmış çəyirdəklər ağardıqda alov söndürülür.
Daha sonra şirə çəyirdəklərdən ayrılır. Bunun üçün böyük süzgəc lazımdır. O, ləyənin və ya qazanın üzərinə qoyulur, hazır məhlul onun içinə tökülür. Süzgəcdəki dənələri durmadan əzmək, qarışdırmaq lazımdır. Qazana süzülmüş şirə yenidən alovun üzərinə qoyulur, yanmaması üçün vaxtaşırı qarışdırılır. Şirənin qaynadılması prosesi mayenin kifayət qədər qatılaşmasınadək davam etdirilir. Bu zaman sous kənarlara sıçraya bilər və bu, normal sayılır.
Sousun hazır olub-olmadığını onu boşqaba tökərək soyutmaqla bilmək mümkündür. Hazır sous yağsız xama konsistensiyasında olmalıdır. Əgər qatılıq kifayət qədərdirsə, alov söndürülməli, sousa isə duz əlavə olunmalıdır.
Narşərab üçün narın hazırlanması 1 saat, sousun hazırlanması isə 2 saat çəkir. 10 kiloqram nar giləsindən, təxminən, 2,5-3 litr narşərab çıxır. Bu miqdarda sousa 1 çay qaşığı duz əlavə etmək kifayətdir. /”Region plyus”/



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir