Narınc Rüstəmova: “Ailədaxili konfliktiniz varsa, gələcəyin psixopatını böyüdürsünüz” – MÜSAHİBƏ

Baxış sayı: 2. 068

Psixi sağlamlıq uşaq vaxtından düzgün formalaşdırılmalıdır ki, gələcəkdə böyük problemlərə yol açmasın. Psixoloqlar böyük yaşlarda psixi problemlərlə üzləşənlərin durumunu təhlil edərkən elə məhz uşaqlıq dövründən başlayırlar. Bunu psixoloqlar nə qədər desələr də, bu gün uşaqlara qarşı şiddət göstərən valideynlər, müəllimlər hələ də var. Uşaqlara psixoloji zərbə vuran davranışlara çox zaman fikir verilmir.

Mövzuyla bağlı uşaq psixoloqu, “Narınc” uşaq psixologiya mərkəzinin rəhbəri Narınc Rüstəmova ilə həmsöhbət olduq. Onunla uşaqların psixoloji durumu, valideynlərin, müəllimlərin onlarla davranış zamanı doğru bilərək etdikləri yanlışlar və s. mövzularda söhbət apardıq.

– Azərbaycanda psixoloqa müraciət sayına görə uşaqlar böyükləri dəfələrlə üstələyir. Səbəb nələrdir?

– Bizim millətimiz uşaq üzərində əsən, ona çox dəyər verən xalqdır. Ailələrimiz çox mükəmməliyyətçidir və davamlı şəkildə uşağına gücü çatdığının ən yaxşısını verməyə çalışır. “Ən yaxşı geyim”, “ən yaxşı kurs”, “ən yaxşı təhsil” və s. Zaman keçdikcə isə ən yaxşı psixoloq axtarışına çıxırlar. “Övladımın yaxşı tərbiyəyə malik olması üçün yaxşı psixoloq dəstəyi almalıyam” kimi düşünürlər, öz psixi sağlamlıqlarını kənara qoyurlar. Biz həmişə uşaq seanslarında valideynlərlə də işləyirik. Çünki problem birgə həll olunmalıdır. Bizdə uşaq psixoloqunu daha rahat qəbul edirlər, nəinki özlərinin psixoloqa ehtiyacı olmasını. Burada maddi səbəblər də ola bilər. Bir az da valideynlər öz problemlərinə laqeyd yanaşırlar.

– Valideyn özü uşağın psixoloqu rolunu oynaya bilərmi?

– Bəzən valideynlər uşaqları ilə yaxşı dost, rəfiqə olduqlarını deyirlər. Biz yaxşı ata-ana olsaq, kifayət edər. Ata-analıqda psixoloqluq, rəfiqəlik, dostluq, sevgi, hörmət cəmlənir. Valideynin uşağın durumunu hiss edib, vəziyyətə görə hərəkət etməsi psixoloq kimi yanaşması üçün bəs edir. Amma təbii ki, peşəkar psixoloq yanaşması fərqlidir. Bəzən valideynlər internetdə oxuduqlarını, efirdə deyilən psixoloq məlumatlarını öz uşaqlarında tətbiq etməyə çalışırlar. Amma bu düzgün yanaşma deyil. Hər bir uşağın fərdi xüsusiyyətləri var, hər biri fərqli ailədə böyüyür. Hər bir uşağa fərqli yanaşırıq. İnternetdə individual məlumat yoxdur. Valideyn yaxşı valideyn olsa, bəs edər.

– Valideynin yaşı uşağın tərbiyəsində nə kimi önəm daşıyır?

– Çox böyük təsiri var. Bu gün yeniyetməlik yaşı 21-ə qədər davam edir. Uşağın tərbiyəsi, ailə institutu üçün gəncin evlənəndə yaşı ən azı 21 olmalıdır. Cütlüklər arasındakı yaş fərqi, insanın intellektual yaşı da önəmlidir. İnsanın 3 yaşı var – sümük, zəka və özümüzü hiss etdiyimiz yaş. Bunlar çox önəmli məqamlardır. Əgər bir xanımın doğum yaşı 25, zəka yaşı 30-dursa, o, 25 yaşında oğlanla münasibət qura bilməz. Gəlinlik geyinib, toy etmək hələ ailə qurmaq demək deyil. “Pampers” dəyişmək, uşaq yedizdirmək isə analıq deyil. Ana tərbiyə verməlidir. Ana əvvəl özü yetişməlidir ki, gələcəkdə uşağa tərbiyə verə bilsin.

– Ailə konfliktləri zamanı valideynlər bəzən heç uşaqları düşünmürlər. Bu, uşağın psixologiyası üçün nə deməkdir?

– Bizə edilən müraciətlərin 80 faizi bu problemlərlə əlaqəlidir. Döymək, fiziki şiddətdən başqa, heç bir göyərtisi olmayan psixoloji şiddət vardır. Ailədəki konfliktlərin uşağın yanında edilməsi onlarda davranış pozuntularına səbəb olur. Davranış pozuntusu odur ki, uşaq valideynlərinin davasına birbaşa reaksiya verməyə bilər. Bir müddət sonra yeməklərdə, geyimlərdə kaprizlər edir, məktəbdə özünü pis aparır, aqressivləşir. Valideyn isə bunun niyə belə olduğunu başa düşmür. Cinsi yetişkənlik dövründə bu uşaqlar zərərli vərdişlərə, şiddətə meyilli olurlar. Ailədaxili konfliktiniz varsa, gələcəyin psixopatını evdə böyüdürsünüz. Belələri təhsildən yayınır və zaman keçdikcə uğursuz bir şəxsə çevrilirlər. Bəzən valideynlər deyirlər ki, mübahisəmizi uşaq yatandan sonra edirik. Amma uşaq yatdığı yerdə onlara qulaq asa bilir. Yaxşı olar ki, məsələlər dava həddinə gətirilməsin.

– Müraciətlər zamanında olurmu?

– Adətən davranış pozuntusuna çatanda psixoloqa müraciət edirlər. Hətta bəzən bu cür pozulmalar olsa belə, düzəlməsini gözləyərək illəri ötürürlər. 13-15 yaş arası böhran dövrü hesab olunur. Bu, ən çətin dönəmdir və müraciətlər bu yaşda daha çox olur. Erkən yaşda müdaxilə edən həssas valideynlər də var. Amma bunlar azdır. Bıçaq sümüyə dirənəndə, valideyn heç bir şey etməyi bacarmadığı zaman müraciət edirlər.

– Uşaqların intihar halları da artır. Uşaqlar niyə intihar edir?

– İntihar halları uşaqlar arasında daha çox 9-18 yaş arası olur. Təkcə intihar yox, intihara təşəbbüs halları da nəzərə alınmalıdır. İntihar halları heç nədən yaranmır. Hər zaman intihara bir hazırlıq mərhələsi olur. Ailədaxili problemlər burada özünü göstərir. Heç bir şəxs deyə bilməz ki, yeniyetmə çox gülərüz, şən, ünsiyyətcil olub, amma birdən-birə intihar elədi. Universitetə girmədi, intihar etdi. Affekt vəziyyətində intiharlar uşaqlar arasında çox az müşahidə olunur. Yeniyetmələr çox zaman düşünərək, hazırlıq görərək, bəziləri sosial şəbəkələrdə elan verərək intihar edirlər. Hətta dünya təcrübəsində intiharını onlayn şəkildə internetdə yerləşdirənlər də var. Çoxları bundan diqqət çəkmək məqsədilə istifadə edir. Ailəsini mədəni surətdə şantaj edir, “özümü öldürəcəm” kimi fikirlərlərini valideynlərinə deyir. Valideyn isə çıxılmaz vəziyyətdə qalır. “Öldür” desə, uşaq özünü öldürə bilər, “öldürmə” desə isə, uşaq daha çox ərköyünləşəcək. Bu zaman “nə edim?” kimi düşüncələr yaranır. İntiharı çox zaman özünə qapanan uşaqlar edirlər. Valideynlər uşaqların işinə müdaxilə etmək kimi yox, nəzarət şəklində onların üzərində diqqəti saxlamalıdırlar. Uşağın maraq dairəsi, hansı musiqini dinləməsi ilə maraqlanmalıdır. Uşaqla kobud davranaraq deyil, müxtəlif metodlarla valideyn uşağının maraq dairəsini öyrənməlidir.

– Valideynlərlə yanaşı, müəllimlər də uşaqlarla düzgün ünsiyyət qurmalıdırlar. Müəllimlər uşaqlarla psixoloji olaraq nə dərəcədə düzgün münasibət qura bilirlər?

– Müəllim ancaq dərs deyən bir şəxs olmamalıdır. Müəllim uşağı yaxşı tanımalı, bacarıqlarına bələd olmalı və «Mən ondan nə gözləyə bilərəm» kimi düşünməlidır. Müəllim sinifdə standart olaraq hansısa uşağı nümunə kimi hamıya təqdim etməməlidir. Sinifdaxili fərqlənmələrin olması müəllim-şagird münasibətlərinə təsir göstərir. Müəllim hər bir uşağa fərdi yanaşıb, fərdi qiymətləndirmə aparmalıdır. Məsələn, müəllim hiperaktivliyin nə olduğunu, bu cür uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Hiperaktiv uşaqlar parta arxasında çox otura bilmirlər. Müəllim belə uşağın boş qalmaması üçün xüsusi tapşırıqlar verməlidir. Lövhəni sil, otaqdakı gülləri sula, dəftərləri payla və s. Bu kimi işlərlə onların başını qatmalıdır ki, əlavə dəcəlliklər olmasın. Müəllimin idarəsi altında uşağın hərəkəti tənzimlənsə, pis hərəkət etməzlər. Məktəblərdə psixoloqlar uşaqlarla hər ay iş aparmalıdır. 2000 şagirdi olan məktəbdə bir psixoloq fiziki olaraq nə qədər iş görə bilər? Yaş qruplarına görə uşaqlarla işləyən psixoloqlar ayrı olmalıdır. Bu zaman bir psixoloqun işi bir neçəsi arasında bölünər. Əks halda, bir psixoloqun növbə ilə uşaqlarla söhbət aparmaq üçün ilyarımdan bir, eyni şagirdlə görüşmək imkanı olur. Bu nə dərəcədə düzgündür? Zamanla uşaqların psixologiyasında çox şeylər dəyişə bilir. Uşaqların xasiyyətnaməsi hər ay təzələnməlidir. Müəllimlərlə də psixoloji iş aparılsa, yaxşı olar. Bəlkə müəllimin də həyatında psixoloji olaraq çətinliklər yaradan hadisə yaşanıb, psixikası dəyişib. O, iki il öncə gözəl pedaqoq olsa da, bu gün uşaqlara o cür yanaşmaya bilər. Problemi aşkarlanan müəllim və ya şagirdin məktəbdən uşaqlaşdırılması da çıxış yolu deyil. Tutaq ki, iki ay məktəbdən uzaqlaşdırılıb, psixoloqla iş aparıldıqdan sonra məktəbə qaytarılmalıdır. Bir məktəbdən çıxarıb digərinə keçirməklə problem həll olunmur. Məktəb yox, uşaq dəyişməlidir. Bunu valideyn, məktəb anlamalıdır. Valideyn və məktəb əməkdaşlıq etməlidir. Müəllimlər problemi olan uşaqların psixoloqa aparılması ilə bağlı valideynlərlə danışıq aparmalıdırlar.

– Valideyn və ya müəllimlərin döymək kimi bir metodu da var…

– Döyülmə halları qəbuledilməzdir və uşaqlar bu üsulla tərbiyə olunmur. 5-6 yaşına qədər uşağın yumşaq yerinə, əlinə hansısa xətər yetirmədən vura bilərik. Bu da niyə görə? Uşaqlarda anamiz sintezi 5-6 yaşa qədər zəif olur. Onların düzgün etmədikləri hadisələri lokallaşdırmaq üçün bu cür vurmaq olar. Az hallarda kiçik cəzalandırmalar ola bilər, amma döymək yox. Bizə gələn uşaqların əksəriyyəti 9-10 yaşlarında kölə kimi döyülənlərdir. Kölə üsyan edəndə isə ağasına edir. Ailə uşağı kölə kimi böyütməməli, hər şeydən məhrum etməməlidir. Dərsdən çıx kursa get, ordan çıx digər kursa get, telefon, kompyuter olmaz, 9-da yat. Uşaq uzağı 4-cü sinifdən o tərəfə bu rejimə tab gətirə bilməyəcək. Artıq onlara nəsə tətbiq etmək olmur. “Özümü öldürəcəm”, “evdən qaçacam” kimi davranışlar sərgiləyir. Ən gözəli, valideynlər uşaqda vicdan yaratmalıdırlar. Vicdanlı şəxsi dünyanın ən çətin tərbiyə olunan bir məkanına qoyun. O uşaq orada özünə doğru yolu tapacaq. Uşaq doğrunu anlamalı, ailəsini utandırdığını, yanlış hərəkət etdiyini hiss etməlidir. Ana uşağa onu düşünməyə vadar edəcək cəzalar verə bilər. Televizora baxmağa icazə verməsə, uşaq düşünəcək ki, əgər mən o hərəkəti etməsəydim, indi televizora baxırdım. Valideyn bu cür hallarda səbirli olmalıdır.

– Hiperaktiv uşaqlar bu gün aktual problemdir…

– Davranış pozuntusu olan uşaqlarla hiperaktivlər ayrıdır. Hiperaktivlik sindromdur. Yəni, uşaq onu seçmir. 7-ci ayından özünü bildirən, 18 yaşına qədər davam edən psixo-nevroloji bir sindromdur. Uşaq onu ata genləri ilə daşıyır. Ən azı üç nəsildə varsa, bu özünü bildirir. Çox zaman atanın özündə olur. Bu cür uşaqlar hətta bələkdə belə dayanmırlar. Cift dolanması, boğulma ilə doğulan uşaqlar da hiperaktivliyə meyillidir. Hiperaktivlik xəstəlik deyil, amma normal da deyil. İtaliyada bir konfransda psixoloqlar bu məsələdə müzakirəli fikirlər səsləndirdilər. Bildirdilər ki, bu məsələ sindromluqdan çıxarılıb, normaya salınmalı, xarakter kimi qəbul edilməlidir. Çünki uşaqlar arasında hədsiz müşahidə olunur. Amma psixoloqların yarısı bunu qəbul etmir.

– Hiperaktivlik düzəlirmi?

– Düzəlmək yox, gözləntimizin nə olduğunu deyə bilərəm. Ana gələndə anadan gözləntisinin nə olduğunu soruşuruq. Hiperaktiv uşaqdan gözlədiyimiz hər şeyi ala bilmərik. O hər bir fənndən 5 ala bilməz. 4-5 alacaq. O, 3 fənni gözəl öyrənirsə, bəsdir. Onlar tez bezirlər, özlərini bir yerdə çox görmürlər, davamlı arzular dəyişir. Biz kənaraçıxmaları dəyişməliyik. Hiperaktiv uşaqları danlamaq olmaz. Danlanan zaman deyir ki, “onsuz da mən uğursuzam”. Mənim oğlum da hiperaktivdir. Mən onu olduğu kimi qəbul edirəm. Əsas odur ki, tərbiyəsizlik etməsin, kimisə vurmasın, ələ salmasın. Evə gələnlə normal salamlaşır, hörmət etməyi bacarır. Amma hərəkətlidir, tez-tez suallar verir. Valideyn uşağını tanımalı, bacarıqlarını bilməli və onu elə dəyərləndirməlidir.

– Uşağa söyüş öyrətməklə fəxr edənlər də var. Bu sonra hansı problemlərə səbəb ola bilər?

– Söyüş güclülük simvolu kimi düşünülür. Uşaq söyəndə valideynlər gülürlər, hətta bir daha təkrar etməsini istəyirlər. Evdəkilər güləndə, uşaq fikirləşir ki, yaxşı şeydir və daha da çox işlədir. 3-6 yaş arası uşaqda “mən” formalaşır və gördüyünü, eşitdiyini yamsılayır. Elə uşaq yoxdur ki, ailəsində işlədilməyən söyüşü bilsin. Belə situasiyalar gələcəkdə uşaqda cəmiyyətdən kənarda qalması, yaşıdları ilə ünsiyyətdə problem yaşaması hallarını ortaya qoyur. Uşaq bu cür sözlər işlədəndə, valideyn onunla göz kontaktı qurmamalıdır. Söyüşün doğru olmadığını başa salmaq lazımdır. Uşaq vaxtı şirin görünə bilər, amma bu alışqanlıq uşağın özünü də gələcəkdə utandıra bilər.

– Problem vaxtında aradan qaldırılmadıqda uşağın sağlamlığına nə kimi təsir göstərə bilər?

– Nəinki psixikasına təsir edir, həm də xroniki xəstəliklər yaradır. Əgər qorxusu varsa, onun üzərinə getdikdə qarnı ağrıyır, temperaturu qalxır, qıcolmalar, bayılmalar yaranır, oynaqlarında səbəbsiz ağrılar olur. Revmatizması olmasa da, uşaqda somatik əlamətlər olur. Gözlərini qırpmağa, çiynini çəkməyə başlayır. Beynin gücü çatmayanda, bədən reaksiya verməyə başlayır. Problem vaxtında aradan qaldırılmadıqda, 18 yaşdan sonra xarakter pozğunluqları olur, özünü tapa bilməyən şəxsiyyətə çevrilir. Səbəbsiz baş ağrıları, qollarda uyuşmalar olur. Bu gün infarkt riskinin əsas səbəbi əsəbi gərginlikdir. Əsəb gərginliyi nədəndir? Deməli, insanın özünəgüvəni aşağıdır, stressə davamsızdır ki, təsirlənir. Müqavimətimiz güclü olmalıdır ki, stressin təsirləri çox olmasın. İnsanın ruh sağlığı da çox önəmlidir. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir