nazperi

Nazpəri Dostəliyevanın NOVRUZ söhbəti: “Onu papağından tanıdım” – MÜSAHİBƏ

Baxış sayı: 1. 464

Elimizə-obamıza Novruz gəlir. Xalqımız bayram təntənəsini yaşamaqdadır. Xanımlarımızın başı bayram hazırlığına qarışıb. Bəs xalq artisti, sevilən sənətkar Nazpəri Dostəliyeva Novruzu harda, necə və kimlərlə qarşılayacaq? Maraqlıdır, xalq artisti nə vaxtsa papaq atıb, qapı pusub, qulaq falına çıxıbmı?

Özünüz eşidin.

Bayram əhval-ruhiyyəsi gözlərindən oxunan xalq artisti, sevilən müğənni Nazpəri Dostəliyevanın Publika.az-a müsahibəsini təqdim edirik.

– Nazpəri xanım, xalqımız Novruz bayramının dadını çıxarır. Bəs siz Novruz bayramını harda və necə qeyd edəcəksiniz?

– Mən Novruz bayramını hər zaman evdə qeyd etməyi sevirəm. Rəhmətlik atamın bir sözü həmişə qulağımda sırğa kimi qalıb. O bizə deyirdi ki, çalışın İlaxır çərşənbəni, Novruz bayramını evdə, ocağınızın başında olun, bayramı uşaqlarınızla birgə qeyd edin. Belə olan halda, ocağınızın ruzusu-bərəkəti də bol olacaq. Mən də atamın sözlərinə həmişə əməl etmişəm. Bu il də bayramı evimizdə, ailəlikcə qeyd edəcəyik.

– Maraqlıdır, Nazpəri xanım qollarını çırmayıb, bayram təamları, şirniyyatları bişirirmi?

– Əlbəttə, mənim çox gözəl evdarlıq qabiliyyətim var. Hesab edirəm ki, xanım peşəsindən, statusundan asılı olmayaraq ilk növbədə evinin xanımı olmağı bacarmalıdır. Biş-düş etmək, əl qabiliyyəti ilə seçilmək qadının xanımlıq borcudu. Açığını bilmək istəyirsinizsə, övladlarım üçün nəsə bişirəndə bundan böyük zövq alıram. Bizim evdə gözəl bir xanım var, illərdir ki, ev işlərində o mənə yardımçı olur. Vaxt tapan kimi mən də ona qoşulub, nəsə hazırlayıram.

– Allah saxlasın, üç nəvəniz var. Hərçənd sizi heç cürə nənə kimi təsəvvür etmək olmur, çünkü çox gənc və təravətli xanımsınız.

– Çox sağ olun, gözləriniz gözəl görür.

– Nəvələriniz bayram günündə heç sizə sürprizlər edir?

– Allah bütün övladları saxlasın.  Mənimkilər də hər zaman məni sürprizlərlə sevindirir. Mənim Kərim adlı sonbeşik nəvəm hələ yeddi aylıqdır. İlaxır şçərşənbə günü onun mənə etdiyi sürprizi heç vaxt unutğmayacam. Atasının qucağında gəlib mənə papaq atdı. Balamı papağından tanıdım (gülür).

– Elə Novruz rituallarından söz düşmüşkən, soruşmaq istərdim, görüm, heç özünüz nə vaxtsa papaq atıb, qapı pusub, qulaq falına çıxmısınız?

– Qulaq falına çıxmışam. Hər il bayram axşamı qohumlarımızgilə gedib bayramlaşırdıq. Mən də həmişə evə daxil olmazdan qabaq qapının arxasında dayanıb, qulaq falına çıxırdım.

– Sirr deyilsə, ürəyinizdə hansı arzunu tutub qapı pusurdunuz?

– Nə olacaq, uşaqlıqdan həmişə bir arzum-niyytəim olub-gələcəkdə müğənni olum. Həmişə də bu niyyətlə qulaq falına çıxırdım.

– Nə eşidirdiniz?

– Bir dəfə də olsun pis söz eşitməmişəm. Həmişə bu niyyəti tutanda xoş sözlər eşidib sevinmişəm.

– Demək ki, falınız düz çıxıb, indi sevilən sənətkarsınız. Maşallah, son vaxtlar xeyli çəki atmısınız, cazibədarlığınız üstünə cazibədarlıq gəlib. Bayram şirniyyatlarının sizi kökəldəcəyindən qorxmursunuz ki?

–  (Gulur) Əlbəttə nə qədər çalışsaq da bayram günlərində şirniyyatlardan uzaq dura bilmirik. Heç ola bilərmi ki, Novruz bayramında şəkərbura, paxlava, qoğaldan uzaq durasan? Bu iki-üç gündə biraz çəki almışam, amma eybi yox, bayramdan sonra yenidən arıqlayaram.

– Bayramınız bir daha mübarək, iliniz uğurlu və düşərli olsun. Təbriklərinizi eşitmək istərdik.

– Mən də sizi, kollektivinizi və bütün xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Qoy bu bayram evlərə sevinc və şadlıq gətirsin. Üzünüzdən təbəssüm əskik olmasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir