KITAB

Necə etmək lazımdır ki, uşaqlar özləri kitab oxumağa meyilli olsunlar? – ARAŞDIRMA

Baxış sayı: 196

 “Uşaqlar, bu həftənin “wi-fi” şifrəsi romanda Anna Kareninanın geyindiyi paltarın rəngidir. Uğurlar”. Uşaqlarını kitab oxumağa təşviq edən ananın onlara yazdığı bu not sosial şəbəkələrdə maraqla qarşılandı. Düzdür, bu, bizdə yox, xarici ölkələrdən birində ananın istifadə etdiyi üsuldur. Amma hər bir ailədə valideynlər uşaqlarını kitab oxumağa həvəsləndirmək üçün öz variantlarını tətbiq edirlər.Hətta uşaqları daha yaxşı oxumağa həvəsləndirmək üçün məktəblərdə müəllimlər də müxtəlif təşviqedici üsullardan istifadə edirlər. Məsələn, filan tapşırığı daha yaxşı kim etsə, kompüterdə oyun oynama şansı qazana bilər. Uşaqların kitaba meyilli olmasına çalışan valideyn və müəllimlərin fərqli üsullardan istifadə etməsi faktları məlumdur. Bəs əslində uşaqlara kitab oxuma mədəniyyəti necə aşılanmalıdır? Necə etmək lazımdır ki, uşaqlar özləri kitab oxumağa meyilli olsunlar?

 

“Özümüz nümunəyik”

Şəbnəm Həsənəlizadənin iki qızı var. Deyir ki, lap kiçik vaxtlardan uşaqlarına kitab oxumağı aşılamaq üçün öz üsullarından istifadə edib: “Lap körpəlikdən qızlarıma yaşına uyğun kitablar alıb, içindəkiləri maraqlı, obrazlı tərzdə səsləndirərək onlarda kitaba həvəs oyatdıq. Lap balaca vaxtlarından kitabları seçib gətirirdilər, amma oxumağa icazə vermirdilər. Kitabların içindəki şəkillərə baxıb onu müzakirə etməyimizi istəyirdilər. Sonra yavaş-yavaş oxuma prosesinə maraq göstərdilər”.

Şəbnəm xanım deyir ki, uşağı nə kitab oxumağa məcbur etmək olar, nə də onun kitaba həvəsli olmasını gözləmək: “Uşaq kitaba meyilli olmaya bilər. Bu zaman biz özümüz kitab seçib kənarda uca səslə və maraqlı tərzdə, təəccüb, mimika, suallarla dolu halımızla oxuyaraq onların diqqətini çəkə bilərik. Bu, həqiqətən də alınır”.

Şəbnəm xanım qeyd etdi ki, onlar uşağa kitab oxumağı aşılamaq üçün özləri nümunə olmağa çalışıblar: “Uşağı oxumağa məcbur etməklə nə isə əldə etmək mümkün olduğunu düşünmürəm. Valideyn gərək telefonlarını söndürüb, özü də evdə kitab oxusun, uşaq da bunu görsün. Bizdə 3 hissəli bir kitab rəfi var. Bir mərtəbəsində atanın, birində ananın digərində isə qızların kitabları yer alır. Bu, uşağa özü üçün kitab almaq, rəfinə yerləşdirmək və sonra da istədiyi kitabı seçib oxumaq, oxutdurmaq imkanı verir, onu həvəsləndirir”.

“Kitab oxumaq qarşılığında mükafatlandırmaq uğurlu üsul deyil”
Uşaq psixoloqu Narınc Rüstəmova deyir ki, uşaqların kitab oxumağa meyilli olmamaları ilə bağlı valideynlərin şikayəti çoxdur: “Uşaqlar nəinki bədii, eləcə də dərs kitablarını oxumaqda çətinlik çəkirlər. Bu barədə müraciətlər həddindən artıq çoxdur. Bunu bilməliyik ki, uşaq gözünü açandan gördüklərini model olaraq tətbiq edir. Ona görə evdə atan-ananın kitab rəfinin olması önəmlidir. Böyük kitabxanaya ehtiyac yoxdur, ən azı, kitablar yığılan bir guşələri olmalıdır. Məsələn, uşağın ata-ananın yanında kitab olduğunu, əlində oxuduğunu görməsi daha gözəl nümunədir. Valideyn bütün gün sosial şəbəkələrdədirsə, internet asılılığından əziyyət çəkirsə, burada uşağın kitab oxumamasından şikayətlənmək olmaz”.
Psixoloq deyir ki, uşaqları kitab oxumaqları qarşılığında mükafatlandırmaq çox da uğurlu üsul deyil: “Valideynlər bəzən kitabı oxuyub-bitirməyi qarşılığında uşaqları gəzməyə aparacaqlarını, yaxud nə isə alacaqlarını deyirlər. Bununla şüuraltı onlara “kitabı özün üçün yox, mənim üçün oxuyursan” mesajını vermiş olurlar. Bu şəkildə mükafatlar bəzən işə yarayır, amma mütəmadi şəkildə olan zaman davamlı uşaqda gözlənti yaradır. Uşağa kitab oxumağı vacib bir vərdiş kimi aşılamaq lazımdır”.
“Mütləq oxunan kitab müzakirə olunmalıdır”
Psixoloqun sözlərinə görə, uşaqlarda oxuma vərdişini 2 yaşından etibarən formalaşdırmaq lazımdır: “Bu yola kiçik nağıllarla başlamaq olar. Nə işim olsa da, oğluma gündəlik nağıl danışmaqdan vaz keçmirəm. Yeməyə, telefona, sosial şəbəkəyə vaxt ayırırıqsa, uşağa kitab oxumağa da zaman sərf etməliyik. Bu, uşağın dilinin, intellektual qabiliyyətinin inkişafı üçün çox vacibdir. Söz ehtiyatı çox olanda uşaq öz hisslərini doğru şəkildə ifadə edə bilir, ünsiyyət problemi yaşamır, özünü ifadə edə bilir”.
N.Rüstəmova qeyd etdi ki, uşaqlar elektron kitablara da maraq göstərirlər. Bunlardan da istifadə etmək olar: “Bu zaman nağıllarda şəkilləri yaxınlaşdırıb baxırlar, onlara maraqlı gəlir. Bu gün texnika əsridir, uşaqlara internetin bu kimi imkanlarını aşılamalıyıq. Əsas odur oxusun. Oxunan kitab mütləq müzakirə olunmalıdır. Nəyə baxdın? Nağılları emosional şəkildə, personajların səsi ilə oxumaq daha yaxşıdır. Valideyn bir az aktyorluq etməyi bacarmalıdır”.
Psixoloq əlavə etdi ki, bu gün uşaqların yaşına uyğun nağıl tapmaq da çətindir: “Uşağa oxunulacaq kitablar gözdən keçirildikdən sonra onlara təqdim olunmalıdır. Yaşlarını nəzərə alıb, kitab seçilməlidir. Bu gün belə kitabları tapmaq çətindir. İki həftədən sonra mənim nağıl kitabım çap olunacaq. Psixoloji, qorxusu, kompleksi, davranış, yuxu pozuntusu olan uşaqlar üçün nağıldır. Yaşlarına uyğun olması önəmlidir. Nağıl kitabları uşaqlara şüuraltı mesajı olmalıdır”.
“Hər şəkilli jurnalı uşağa vermək olmaz”
Tanınmış uşaq yazıçısı və nağılçısı Gülzar İbrahimova mütaliənin uşaqlara aşılanmasının valideynlərdən irəli gəldiyini dedi. Bildirdi ki, lap kiçik yaşlarda uşaq nə bağça görür, nə də məktəb: “Valideynlər uşaqlara rəngli, şəkilli kitablar almaqla buna başlamalıdırlar. Rəngli kitablar da xüsusi seçilməlidir. Hər şəkilli jurnalı uşağa vermək olmaz. Uşağın zövqünü korlayar. Uşağa qəribə, qorxulu deyil, onlara gözəl təsir edəcək şəkilləri göstərmək lazımdır. Tələsərək deyil, sevgi ilə yavaş-yavaş kitaba öyrəşdirmək lazımdır. Başqa ölkələrdə uşaqlar üçün xüsusi kitablar var, amma Azərbaycan dilində yoxdur. Mənim yaxınlarda yeni kitabım çıxıb. Uşaqların kitaba alışması üçün maraqlı bir vəsaitdir”.
kitabxana

“Hər yaşın öz kitabı var”

G.İbrahimova deyir ki, valideynlər özləri əvvəlcə nağılı oxuyub, maraqlı olanını seçib uşaqlara öyrətsələr daha yaxşı olar: “Bəzən valideyn nağıl haqqında məlumatlı olmur, elə kitabı açıb nə olsa, oxuyur. Uşaq da görür çox maraqsızdır, ona görə istəmir. Artıq nəinki biz, dünya ölkələri başa düşüblər ki, kitab bütün internet resurslarından vacibdir. Kitabın uşağa verdiyini heç bir texnika vermir. Hər yaşın öz kitabı var. Bir az böyük yaşlar üçün olan kitabları azyaşlılara oxuyanda onlara mənfi təsir edə bilər. Qorxulu hekayə və nağıllardan uzaq durmalıdır. Uşaqların yaşı artdıqca kitablar da böyüməlidir. Valideyn uşaqla bərabər mütaliə etməlidir. Mütaliəyə alışan uşaq heç vaxt savadsız qalmır”.

“Müəllimlər kitaba qarşı sevgini özlərindən uşaqlara keçirməlidirlər”
Təhsil eksperti, müəllim Almaz Həsrət də kitaba sevginin ailədən başladığını bildirdi: “Uşaq vaxtı bizə kitabı oxumağı deməyiblər. Çünki gözümüzü açandan evdə rəflərimizdə çoxlu kitablar varıydı. Görürdük ki, ana-atamız oxuyur, əllərindən kitab düşmür, bizim də marağımız artırdı. Sonra mütaliə edərkən, digərlərinə nisbətən daha yaxşı ünsiyyət bacarıqlarımızın formalaşdığını görəndə deyirdik ki, qoy mən filan kitabı da oxuyum. Bu gün internet əsridir və uşaqlarımızın çoxu internetə bağlanıblar. Hansısa evdə rəflərdə kitab varsa, böyüklər kitab oxuyurlarsa, o evdə kiçiklərin də kitaba marağı formalaşacaq”.
A.Həsrət deyir ki, orta məktəbdə müəllimlər uşaqlara kitaba qarşı sevgini özlərindən keçirməlidirlər: “Bəzən müəllimlər ancaq dərslikdəkiləri öyrənməyi tapşırır, əlavə kitaba vaxt ayırmamağı deyirlər. Amma müəllim desə ki, filan bir əsər var, orda keçdiyimiz mövzuya uyğun hansısa məqamlara toxunulub. Onu, yaxud dərsimizə uyğun başqa əsərlər də tapıb oxuya bilərsiniz, uşaq oxumağa vərdiş edəcək. Müəllim şagirdlərə kitabı sevin deməməlidir, özü sevməli, oxuduğunu həm də şüuraltı olaraq uşaqlara ötürməlidir. Şagirdlər müəllimin dayanacaqda, avtobusda əlində əlavə kitab olduğunu, oxuduğunu görsələr, bu, artıq bir mesajdır”.
Ekspert qeyd etdi ki, uşaqların orta mərtəbələrin kitabxanalarına yazılmasını, oradan bədii kitabları öz seçimləri ilə götürüb oxumaları üçün daha geniş imkanlar yaradılmalıdır: “Orta və ali məktəblərdə müsabiqə keçirə bilərlər. Bu həftə ən çox kitab oxuyan şagirdlərlə bağlı maraqlı adlarla müsabiqələr, oxunulan kitabların kiçik müzakirələrini təºkil etmək olar. Bu cür təşviqlər uşaqların dərsdən kənar kitab oxumalarına kömək edər”.
 
Aygün Asimqızı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir