Necati Sasmaz

Necati Şaşmaz: “Polad Ələmdar kimi yaşamaq istəmərəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 781

Müsahibimiz Türkiyədə olduğu qədər Azərbaycanda da məşhur olan “Qurdlar vadisi” filminin baş qəhrəmanı Polad Ələmdar, yəni Necati Şaşmazdır. Necati Şaşmaz həyatda filmdə yaratdığı obraz kimi ciddi, təmkinli və soyuqqanlıdır. Aktyor 1971-ci ildə Türkiyənin Əlazığ bölgəsində dünyaya göz açıb. Altı il Amerikada yaşayan aktyor orada baş verən 2001-ci il hadisələrindən sonra bir daha Amerikaya geri qayıtmayıb”. Qurdlar vadisi” filminin həyatını tamamilə dəyişdiyini vurğulayan aktyorun dediyinə görə onu İstanbulda hər kəs Polad deyə çağırır. Əvvəllər aktyor olmağı düşünməyən, hətta şəkil çəkdirməyi belə sevməyən Şaşmaz bu gün geniş tamaşaçı kütləsi tərəfindən sevilir. Bizimlə söhbətində aktyor yaratdığı Polad obrazından əsasən romantizmi və sevgini öyrəndiyini bildirdi. Ailədə üç qardaşdan ən böyüyü olan Necati Şaşmaz boş zamanlarında üzgüçülük, at çapmaqla məşğul olur, kitab oxuyur, teatra gedir. Aktyorla onun çalışdığı “Panafilm” şirkətində görüşdük.

 

– “Qurdlar vadisi” filmi ilə Türkiyədə, Azərbaycanda, hətta xaricdə də məşhur oldunuz. Eşitdiyimə görə “Qurdlar vadisi” serialına dəvət aldığınız zaman öncə qəbul etməmisiniz.

– Film təklifi gözlənilməz olduğu üçün düşünməyə vaxt istədim. Həyatımda belə bir planım yox idi. Aktyor olmağı heç düşünmürdüm. İlk dəfə idi belə bir təklif alırdım, həm də baş rol təklifi. Mənim yerimə kim olsa idi, düşünmək üçün zaman istəyərdi. Həyatda hər şey ola bilər, bu rolun həyatıma müsbət təsiri olduğu kimi, mənfi təsiri də ola bilərdi. Bir müddət düşündükdən sonra qərar verdim. Sadəcə ortancıl qardaşım Racı tərəddüd edirdi, deyirdi ki, qardaşım üçün ssenari yazmağa çətinlik çəkirəm. O da çəkilişlər başlayandan sonra buna alışdı.

 

 – Seriala ilk çəkildiyiniz gün hansı hissləri yaşadınız?

– Alışmadığınız bir həyat təbii ki, qəribə bir hiss. O anda bilmədiyin bir dünyanın içinə girmiş olursan. Mən kiçik yaşlarımda olanda, təxminən altı yaşım olardı, əmim məni dənizə atmışdı. O anda çırpınaraq üzməyi öyrəndim. Bu da onun kimi bir vəziyyət idi. Dənizə atılıb da orda boğulmaq, dənizdən həyat boyunca qorxmaq kimi vəziyyətlər də ola bilir. Amma mən boğulmadım, üzməyi öyrəndim. Kino aləmində çox yaxşı, professional üzgüçü deyiləm, hələ də öyrənirəm.

 

 – “Qurdlar vadisi” filmi həm sizin, həm də filmdə oynayan digər aktyorların həyatını tamamilə dəyişdirdi. Əvvəlki həyatınızla sonrakını müqayisə edərkən nostalji hisslərə qapılırsınızmı?

– Təbii ki, nostalji hisslərə qapılıram. Ssenarini oxuduğum zaman keçmişdə yaşadığım o hissləri birləşdirib onunla bərabər oynayırdım.

 

– “Qurdlar vadisi” filmi tamaşaçılar tərəfindən həm rəğbətlə qarşılanan, eyni zamanda tənqid edilən film oldu. Mənəvi dəyərlər, vətənə, anaya, dosta məhəbbət, adət-ənənələrə ehtiram, düzgünlük, halallıq, ədalət  və s. filmdə qabarıq şəkildə göstərilsə də bəzi tənqidçilər bu filmin günümüzə zərərləri olduğunu iddia etmişlər. Siz də bu tənqidçiləri məhkəməyə vermisiniz. Sizcə, bunun səbəbi nə idi?

– Dünyanın hər yerində ölkənin qəhrəmanları filmlərdə oynayır və həmin filmlər də dünyaya satılır. Bu filmlər bizdə olduğu kimi kəskin deyil, daha yüngül formada tənqid olunduğu zaman o ölkənin mətbuatı belə tənqidçiləri tənqid edir. Çünki onların məqsədi o mədəniyyəti, o sosiologiyanı insanların beyninə yeritməkdir. Öz ölkəmizdə öz dəyərlərimizə, adətlərimizə, dostluğumuza bağlı qalaraq burada da insan haqlarının pozulduğunu göstərdiyimiz halda bu filmin necə tənqid edildiyini həqiqətən anlaya bilmirəm. Böyük bir işə imza atdıq, paxıllıqlar  normaldır.

 

 – Məhkəmə prosesinə məcburən getdiniz, yoxsa o tənqidçilərə ümumi bir cavab olsun deyə bu işə başladınız?

– Mən mübahisələri sevmirəm, mübahisələrə də əhəmiyyət vermirəm. Ona görə də bu işi qanun yolu ilə həll etdik. Bu, daha məntiqli addım oldu və mənə yaraşan da bu idi.

 

– Uzun müddət bir neçə xarici ölkədə yaşamısınız. Hansı ölkənin həyat tərzi sizə daha uyğundur?

– Türkiyənin həyat tərzi mənə çox doğmadır.

 

– Verdiyiniz müsahibələrdən belə məlum olub ki, əgər Amerikada 11 sentyabr hadisələri olmasaydı siz o ölkədən köçəcəkdiniz?

Mənim Amerikada evim və işim var idi. Fikrimi ailəmə bildirdiyim zaman onlar bu məlum hadisələrdən sonra mənim Amerikaya getməyimə narazılıq etdilər. Mən də qərarımı dəyişdim və ölkəmdə qurdum. Amerikada yaşasam da, həyatımı orada qurmuş olsam da, Türkiyəyə qarşı böyük həsrətim vardı, hər zaman da olacaqdı. Maddi imkanlara görə Amerikada yaşayırdım. Ancaq Türkiyəm hər zaman başımın tacı idi.

 Related image

– Bildiyimə görə yeniyetmə yaşlarınızda şeirlər yazmısınız. Adətən insanlar o yaşlarda olarkən sevgi hissləri onlara ilham verir və bu ilhamdan qaynaqlanaraq şeirlər yazırlar. Sizdə bu hisslər oldumu?

– Təbii ki. İyirmi yaşımda kitab çıxaracağam, demişdim. O zamanlar 15–16 yaşlarında idim və iyirmi yaşım olanda kitabımı çıxardım.

 

– Bir müsahibənizdə sevgidən, sevməkdən qorxduğunuzu demisiniz.

– Mətbuatda tez-tez soruşurlar: – Sevdiyiniz varmı, nə zaman evlənəcəksiz? Nə zaman övladınız olacaq? Mən heç bir zaman könül, sevgi münasibətlərini insanların gözü önündə yaşamaq tərəfdarı olmadım. Ona görə də qısa olaraq mən sevgi istəmirəm, işimə aşiqəm, işimi sevirəm.

 

–        Hazırda həyatınızda sevgi varmı?

–        Sevgi həyatımda hər zaman var.

 

–        Sevdiyiniz insan varmı?

–        Sevdiyim insanlar var.

 

 – Tanınmış fransız şairi, tənqidçisi Pol Valerinin belə bir fikri var ki, sən özün, xüsusilə də başqaları haqqında danışanda həm də özün haqqında danışırsan.

–  Mövlanə həzrətləri də deyib ki, insanlar testi kimidir, içindəkinin nə olduğunu bilmək üçün ağzını açmaq kifayətdir.

 

–   “Qurdlar vadisi” filmində sizin Ömər baba, Vazifə xanımla münasibətləriniz xüsusi bir xətt təşkil edir. Bu münasibətlər sizin valideynlərinizlə olan münasibətlərlə eynidirmi?

–  Xeyr, eyni deyil. Amma mən Ömər bəyin, Vəzifə xanımın Polada olan sevgisi ilə böyüdüm, onların söhbətləri, tövsiyələri ilə böyüdüm. Əslində, biz bütün ailələrdə valideynlərin övladlarına olan sevgisi necədirsə, onu göstərməyə çalışdıq.

 

–  Məşhur olmaq həyatınızda nələri dəyişdirdi?

–  Əslində, məşhur olmaqla həyatımda elə bir mühüm dəyişikliklər olmadı. Sadəcə əvvəllər yalnız tanıdığım insanlar məni sevirdi, indi artıq tanımadığım insanlar da məni sevir və mən də onları sevirəm.

 

–  Polad xarakterini özünüzə yaxın olaraq görürsünüzmü?

– Bənzər xüsusiyyətlərimiz də var, fərqliliklərimiz də. Polad dediyini deyən, hər şeyin xırdalığına gedən, təfərrüatçı biridir. Poladda psixoloji problemlər yaranmışdı, çünki həqiqətən də ağır bir həyat yaşayır, ailəsindən, sevgilisindən ayrı yaşayır. O vəziyyətlərə düşərkən onun həyatı məni Necati Şaşmaz olaraq düşündürürdü. Mən bu vəziyyətdə nə edərdim, necə yaşayardım?

 Related image

– Həyatınızı filmdəki kimi yaşamaq istərdinizmi?

– Xeyr, Polad Ələmdar kimi yaşamaq istəmərəm. Əgər elə bir həyatı yaşayan, ya da yaşamaq istəyən insan varsa Allah köməyi olsun. Düşünün ki, sevgilisi ilə yan-yana oturur, amma heç nə deyə bilmir. Böyük bir sevgi yaşayır. Keçmiş sevgilisi Əli Candanam, deyə bilmir, Poladam, deyə bilmir. Çox çətin vəziyyətdir.

 

– “Qurdlar vadisi” filminin baş qəhrəmanının mövcudluğu barədə söhbətlər gəzir, doğrudurmu?

– Xeyr, doğru deyil. Elə bir şeyin var olması və ssenarinin ona uyğun yazılması fikri doğru deyil. Ancaq mən elə bir qəhrəmanın olmasını istərdim.

 

– Bu filmdə dünyanın bir çox ölkələrində baş verən mafiya əlaqələrindən bəhs edilir, hətta orada Azərbaycanın da adı çəkilir.

– Mafiya davalarında bizim insanlara göstərmək istədiyimiz bəzi məqamlar vardı. Əvvəlcə kiçik küçə mübahisələri mafiya olaraq göstərildi. Sonra qruplaşmış daha böyük davalar, daha sonra ölkə miqyasındakı mafiyaları göstərdik. Küçələrdəki bu kiçik qrupların əslində, çınqıl daşı olduğunu, onların da üstündə başqa qrupların olduğunu və bu qrupları onların idarə etdiyini göstərməyə çalışdıq.

 

 – O ölkələrin bəzilərində siz olmusunuz. Azərbaycan haqqında nə bilirsiniz?

– Azərbaycan haqqında sizin qədər bilmirəm, inşallah, gəldiyim zaman çox yerləri gəzmək istəyirəm. Fürsət tapan kimi gəlməyi düşünürəm.

 

– “Qurdlar vadisi” Azərbaycanda çəkilərsə oynayarsınız?

– Belə bir səhnəmiz olarsa Azərbaycana sevərək gələrəm. Çünki Azərbaycan dilimiz bir, mədəniyyətimiz bir olan ölkədir. Çəkilişlərimizi də çox rahat şəkildə həyata keçirə bilərik.

 

– Bugünkü həyatınızda Polad xarakterinin əlamətlərindən nəsə hiss olunurmu?

– Onun təcrübələri, yəni ailəsindən, sevgisindən ayrı olması, o təcrübəsi məni çox təsirləndirdi. Təbii ki, silahdan istifadə etməsi mənə təsir edə bilməzdi.

 

– Bəzi aktyorlar oynadıqları rolu elə mənimsəyirlər ki, sonradan o vərdişlərdən əl çəkmək istəmirlər. Sizdə belə hallar olurmu?

– Təbii ki, belə vəziyyətlər olur. Ancaq mən əlimdən gəldiyi qədər o təsirlərin altına düşməməyə çalışıram. Mən Poladın daha çox hissləri ilə bağlı xüsusiyyətlərini içimdə bəsləməyə çalışıram.

 Related image

–  Bildiyimə görə dini inancları çox qüvvətli olan bir insansınız, doğrudurmu?

–  Doğrudur. Mən seyidəm. İmkan daxilində hər zaman orucumu tuturam, cümə namazlarına gedirəm.

 

– “Qurdlar vadisi” İraq bölümü serialam əlavə kimi qəbul olunur. Bəzi ölkələrdə onun nümayişinə qadağalar qoyulub. Siz bu filmin Avropadakı təqdimatından razı qaldınızmı?

–  Bu film Avropada yayınlandığı dönəmdə bir neçə kinoteatrlarda yayından qaldırıldı. Sonra başqa kinoteatrlar o filmləri aldılar və yayınladılar. Avropadan çox məmnun qaldım. Çox möhtəşəm izləyicilərimiz var idi, bizi çox gözəl qarşıladılar.

 

 

Söhbətləşdi: İntizar İsmayıl

Related image

Related image




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir