Ivanov

Necə oldu ki, Heydər Əliyevin mühafizəçisi Saşa jurnalistikaya gəldi? – ELMİRA AXUNDOVA YAZIR

Baxış sayı: 4. 961

Yağmurlu noyabr günü. Soyuqdur. Mən həyat yoldaşımla Zağulbadakı hökumət bağında evin önündə skamyada oturmuş və isti gödəkcələrimizə bürünmüşük. Qarşımızda bir cip dayanır. Qapısı açılır və içəridən iki əzələli ayaq görünür. Bu yalın ayaqları görüb biz bir az da üşüyürük. Daha sonra bu ayaqların sahibi, bizim dostumuz və bağ qonşumuz Saşa İvanov görünür. “Dənizdən gəlirəm, əla üzdüm”, – deyə Aleksandr bizim sual dolu baxışlarımıza cavab verir. “Soyuq deyildi?” – deyə ritorik sual verdim. “Bir az soyuq idi, amma əla idi”. Saşa bizimlə bir neçə kəlmə kəsib öz qapısına doğru yönəlir. Biz onun cəsarətinə bir qədər qibtə edərək və eyni zamanda, açıq şəkildə heyranlıq duyaraq arxasınca baxırıq. Saşa sağlam həyat tərzinin tərəfdarıdır. İçmir, çəkmir. Yay-qış açıq su hövzələrində üzür. Buna görə də iyulun 12-də 65 yaşı tamam olmasına baxmayaraq, əla görünür.

Saşanı dostlarının arasında, ailə tədbirlərində müşahidə etmək çox əyləncəlidir. Dostlarının əksəriyyəti azərbaycanlılardır – araq, şərab və ya digər tünd spirtli içkilər içirlər. Bu kampaniyadakı yeganə rus olan Saşa isə içkiyə toxunmur. Əslində ona rus demək olmaz. Bir neçə il əvvəl mən dostum haqqında “Rus azərbaycanlı Saşa İvanov” adlı bir məqalə yazmışdım. Bu, çox doğru bir ifadə idi. Çünki hər etnik azərbaycanlı öz vətənini Aleksandr Alekseyeviç İvanov qədər sədaqətlə, inamla sevmir. Saşanın əsli-kökü bakılıdır. O, heç vaxt özünü Azərbaycansız təsəvvür etməyib, yalnız 1982-ci ildə xidməti işlərinə görə vətənini tərk edib. O, pərəstiş etdiyi və ömrünün çox hissəsinin bağlı olduğu insanın arxasınca gedib. Bilməyənlər üçün xatırladım ki, 1970-ci illərdə Aleksansdr Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin mühafizə xidmətində işləyib. 1982-ci ildə onun vəzifəsi artırılıb, Siyasi Büronun üzvünün, SSRİ Nazirlər Soveti sədrinin müavininin mühafizə xidmətinə rəhbərlik edib. 5 il Kremldə Heydər Əliyevlə birlikdə addımlayıb, onu ölkə daxilində və dünya ölkələrinə ən ağır, ən ekstremal səfərlərdə müşayiət edib, bu heyrətamiz insanın yanında çox şey görüb, çox şey öyrənib.

A.İvanov bu böyük şəxsiyyətin ailəsinə yaxın olma şansna görə taleyinə minnətdardır. A.İvanovun Heydər Əliyevlə işlədiyi illərlə bağlı xatirələri “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı altıcildlik tədqiqat romanının bəzəyi oldu. Kitab haqqında materiallar toplayarkəın mən Moskvada ilk dəfə Saşa və onun xanımı ilə tanış oldum. O zamandan bizim münasibətlərimiz davam etdi, o, daimi yaşamaq üçün Bakıya köçdükdən sonra isə əlaqələrimiz daha da bərpa oldu. Moskvada Saşa üçün hər şey yaxşı idi: rahat mənzili, pensiyaya çıxdıqdan sonra açdığı xüsusi mühafizə agentliyi, çoxlu dostları. Lakin bütün bunlara baxmayaraq, o, sözün hərfi və məcazi mənasında Moskvada boğulurdu. Gecələr isə o, Yesenin kimi Xəzərin dalğalarını, Balaxanı mayını yuxularında görürdü.

Saşa tez-tez Bakıya gəlir, o zaman respublikaya rəhbərlik etməyə başlamış Heydər Əliyevlə tez-tez görüşürdü. Bir dəfə necə oldusa, o, öz keçmiş rəhbəri ilə doğma torpağa qayıtmaq arzusunda olması barədə danışdı. Prezident təəccüblənmədi, yalnız onu dedi ki, əvvəlcə hər şeyi ölçüb-biçmək, münasib iş axtarmaq lazımdır. Mənzil məsələsi həll olunmalıdır. Gəlib çöldə qalmaq da olmaz, eyni çaya iki dəfə girmək də mümkün deyil.

geydar_interfax

Çıxış yolu tapıldı və özü də Aleksandrın heç də gözləmədiyi bir yerdən. O, Bakıya tamamilə yeni bir iş üçün, öz tərcümeyi-halında yeni bir səhifə açaraq döndü. 2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə Aleksandr Alekseyeviç İvanov “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru təyin edildi və jurnalistika aləminə baş vurdu. Agentlik 2002-ci ildə Rusiya tərəfindən “İnterfaks” agentliyinin və Azərbaycan tərəfindən Dövlət Neft Şirkətinin dəstəyi ilə ümummilli lider Heydər Əliyev və RF prezidenti Vladimir Putinin təşəbbüsləri ilə yaradılmışdı. H.Əliyevi bu agentliklə hələ 1991-ci ilin iyul aylarında başlamış dostluq telləri bağlayırdı. O zaman məhz “İnterfaks” agentliyi bütün dünyaya görkəmli siyasətçinin görünməmiş addım atması – Kommunist Partiyasının sıralarını tərk etməsi barədə məlumat yaymışdı. Məhz “İnterfaksçılar” Naxçıvanın informasiya blokadasından çıxmasına kömək edərək, hələ H.Əliyev müstəqil Azərbaycanın prezidenti seçilənə qədər onunla sıx əməkdaşlıq ediblər. “İnterfaks” informasiya agentliyinin baş direktorunun müavini Vyaçeslav Konstantinoviç Terexov o günləri belə xatırlayır: “Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi barədə ilk xəbəri biz verdik və məncə, parlament sədrinin telefon nömrəsini təkcə biz bilirdik. Demək lazımdır ki, biz bundan istifadə edirdik. Bu, “birtərəfli hərəkət küçəsi” deyildi, çünki Heydər Əliyevin ən vacib bəyanatları və parlamentin qəbul etdiyi sənədlər barədə bizə dərhal telefonla və ya çox vaxt H.Əliyevin birbaşa özü tərəfindən məlumat verilirdi. 2007-ci ildə A.İvanov “Heydər Əliyev haqqında teleqraf mətni ilə” adlı unikal bir kitab nəşr etdirdi. Kitabda ümummilli liderin 1991-2003-cü illərdəki həyat və fəaliyyətinə dair “İnterfaks”ın saytında dərc edilmiş məqalələr yer almışdı. Bu xəbərlərdən böyük bir cild yarandı. İlk zamanlar Saşaya çətin idi demək əslində heç nə deməməkdir. Demək olar ki,sıfırdan başlamaq lazım gəldi – savadlı komanda seçilməli, maddi-texniki baza yaxşılaşdırmalı, informasiya agentliyinin həm Rusiya, həm də Azərbaycanla işlədiyini nəzərə alaraq düzgün siyasət seçilməli idi. Ən əsası da o idi ki, respublikanın müxtəlif və çoxlu sayda KİV-ləri arasında öz yerini, mövqeyini tutmaq lazım idi.

Demək lazımdır ki, A.İvanov bu tapşırığın öhdəsindən gələ bildi. Yeri gəlmişkən, o, bu il daha bir yubileyi qeyd edir – onun “İnterfaks-Azərbaycan” agentliyində rəhbərliyinin 10 illiyi tamam olur. Bu illər ərzində agentlik respublikanın media məkanında aparıcı yerlərdən birini tuta bilib, agentliyin fəaliyyəti isə nəzərə çarpacaq dərəcədə güclənib və genişlənib. Belə ki, ölkənin regionlarında (Naxçıvan, Gəncə, Lənkəran, Quba) agentliyin regional büroları açılıb, agentliyin abunəçilərinin sayı dəfələrlə artıb. Son zamanlar sayta gündəlik daxilolmaların sayı və ümumilikdə oxucu auditoriyası dəfələrlə artıb, agentliyin xəbərləri dünyanın 115 ölkəsində oxunur, KİV-lər tez-tez agentliyin xəbərlərinə istinad edirlər. Burada Azərbaycanın xaricdə müsbət imicinin formalaşdırılmasında agentliyin rolunu xüsusi qeyd etmək lazımdır.

Diqqətəlayiq haldır ki, “İnterfaks” agentliyinin bütün regional bölmələrindən yalnız “İnterfaks-Azərbaycan” agentlıiyinə Azərbaycan barədə xəbərləri müstəqil şəkildə dərc etmək hüququ verilib ( Moskvaya mərkəzi redaktəyə göndərilmədən) ki, bu da respublika barədə obyektiv informasiyanın yayılmasına kömək edir.

Bundan başqa, agentlik postsovet məkanında “İnterfaks”ın yeganə struktur bölməsidir ki, milli dildə yazılar dərc etmək hüququ verilib. Mərkəzin “İnterfaks- Azərbaycan” agentliyinin fəaliyyəti barədə yüksək qiymətinin bir örnəyi də budur ki, “İnterfaks” rəhbərliyi Ermənistan tərəfinin dəfələrlə müraciət etməsinə baxmayaraq, İrəvanda analoji büro açmır.

Azərbaycanın imicinin yüksəldilməsi sahəsində agentliyin effektiv iş aparmasının bir sübutu da budur ki,www.interfax.az saytı dəfələrlə erməni hakerlərin hücumlarına məruz qalıb. Son illər “İnterfaks-Azərbaycan” agentliyinin ofisi KİV nümayəndələrinin respublikanın və xarici ölkələrin görkəmli ictimai-siyasi xadimləri, səfirlər, diaspora nümayəndələri ilə görüşü üçün ənənəvi meydana çevrilib.

ivanov1

Agentliyin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Yeri gəlmişkən, “İnterfaks-Azərbaycan” agentliyinin kollektivi KİV-lər arasında ölkə prezidenti İlham Əliyev tərəfindən iki dəfə təbrik almış (agentliyin yaranmasının 5 və 10 illik yubileyi münasibətilə) çox az kollektivlərdən biridir. Bununla yanaşı, agentlik dəfələrlə bir çox yerli və beynəlxalq mükafat və fəxri fərmanlara layiq görülüb. Bütün bu müsbət məqamlarda agentliyin baş direktoru Aleksandr İvanovun da xidmətləri vardır. O, özünü bütünlüklə sevdiyi işə həsr etməyə alışıb. Çünki onu işləməyə kumiri böyük insan Heydər Əliyev öyrədib. Saşa bu böyük insanın xatirəsinə çox sadiqdir. Bu günlərdə məlum oldu ki, “Rossotrudniçestvo” agentliyinin rəhbəri L.N.Qlebovanın qərarı ilə “İnterfaks-Azərbaycan” agentliyin baş direktoru Aleksandr İvanov “ Dostluq və əməkdaşlığa görə” fəxri nişanı ilə təltif edilib. Ümid edirəm ki, digər mükafatların alınacağı günlər də uzaq da deyil. Saşa bu mükafatlara layiqdir. İndi Aleksandr Alekseyeviçin həyatının çətin dövrüdür – əvvəlcə onun nəvəsi ağır yol qəzasına uğradı. Daha sonra sevimli həyat yoldaşı İrinanın ağır xəstəliyə tutulduğu məlum oldu. Aleksandr yaxınlarının taleyi üçün o qədər çox narahat olur ki, hətta bəzən onun həyəcanını seyr etmək belə çətin olur. Biz bacardığımız qədər onu sakitləşdirməyə və təsəlli verməyə çalışırıq. Həyat həyatdır və o, tez-tez bizə heç də xoş olmayan sürprizlər təqdim edir. Amma bütün bunlara baxmayaraq, güc toplayıb mübarizə aparmaq, həyata davam etmək lazımdır. Mən dostuma və həmkarıma bu qara zolaqdan alnı açıq çıxmağı arzu edirəm. Və bir də ona, onun əzizlərinə cansağlığı arzu edirəm. Əziz həmkarım, səni növbəti yubileyin münasibəti ilə təbrik edirəm. Biz hamımız səni çox sevirik, bizim əziz rus azərbaycanlımız Saşa İvanov.

Azərbaycanın əməkdar jurnalisti,

Dövlət mükafatı laureatı

Elmira Axundova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir