Nicat Kazimov

Nicat Kazımov: “Düşünmürəm ki, qızım olsa, onu oğlanlarımdan artıq istəyərəm” – MÜSAHİBƏ

Baxış sayı: 2. 724

“Mənim balam” rubrikamızın qonağı əməkdar artist, istedadlı rejissor Nicat Kazımovdur. Aktyorun xoşbəxt ailəsi var. Belə ki, 2 oğul atası olan Nicat Kazımov onlarla fəxr edir. Balaca oğlu – Mirismayıl Kazımlı 14 yaşındadır. Böyük oğlu Mirsənan Kazımlı isə tələbədir. Müsahibimiz deyir ki, əgər bir gün övladlarını görməsə, yaşaya bilməz.
Deyirlər ki, incəsənət adamları kövrək qəlbli olur. Nicat Kazımov hər nə qədər kövrək qəlbli olsa da, övladlarının tərbiyəsi məsələsində sərt və yeri gələndə, həttar qəddar birinə çevrilməyi də bacarır.

– Nicat bəy, övladlarınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz?  
– Övladlarım mənim üçün çox əzizdir. Ancaq deyirlər, əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir. Mən oğlanlarımı tərbiyə edərkən həm dədə-baba qaydasından, həm də öz üsulumdan istifadə edirəm. Ümumiyyətlə, dədə-baba qaydası bizim milli mentalitetdən gəlir. Adətlərimizə görə, valideynlə övlad arasında pərdə olmalıdır. Mənimlə də övladlarım arasında pərdə var, ancaq mənimlə atam arasında olduğu qədər deyil. Övladlarımla daha çox dost olmağa çalışıram. Boynuma alıram ki, oğlanlarıma çox az vaxt sərf edirəm. İşlərim o qədər çox olur ki, onların tərbiyəsi ilə məşğul olmağa vaxtım qalmır. Onların təbiyəsinə anaları nəzarət edir. Bu gün onlar böyüyüblər. Hətta böyük oğlum universitetdə oxuyur. Tələbə adını qazanıb. Vaxt tapanda onunla dost kimi söhbətləşir, müəyyən mövzuları müzakirə edirik. Məlum məsələdir ki, valideyn kimi etiraz etdiyim, əsəbləşdiyim məqamlar da olur. Digər valideynlərdən fərqli olaraq mən övladlarımı dəli kimi sevirəm. Onlara həddən ziyadə bağlıyam. Bir sözlə, oğlanlarımla nəfəs alıram. Düzdür, bütün valideynlərə övladları əzizdir, ancaq mən onları bir gün görməsəm, dəli olaram.

– Vaxt qıtlığından onların tərbiyəsi ilə məşğul ola bilmirsiniz. Bəs onların üzərində valideyn nəzarəti varmı?

– Aydın məsələdir ki, yeniyetmədirlər, nəzarət olmalıdır. Mən onların bütün işlərinə nəzarət edirəm. Oğlum hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor təhsili alır. Hətta onun çevrəsindəki insanlar belə, mənim tanışlarımdır. O, evdən kənarda nə edirsə, mənim hər şeydən xəbərim olur.

– Sizcə, uşağı döymək tərbiyə üsuludurmu?

– Döymək tərbiyə üsulu deyil. Ancaq aradabir lazımdır. Mən elə düşünürəm ki, uşaq valideyninə həm hörmət etməli, həm də ondan bir az çəkinməlidir. Bu mütləqdir.

– Bəs onların sosial şəbəkələrdəki profillərinə necə, nəzarət edirsinizmi?
– Əlbəttə. Mən onların hər ikisinin dostluğunda varam. Kimlərlə nə danışırlarsa, hamısına nəzarət edirəm. Bunu hər nə qədər onlar hiss etməsə də.

– Övladlarınızın gələcək ailə seçimlərinə də müdaxilə edəcəksiniz?

– Hər şeyin bir həddi var. Nə ediriksə-edək, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Bizim adət-ənənələrimiz var. Onların hamısı qaydasında olmalıdır. Biz bu ənənələrdən çıxa bilmərik. Nə qədər avropalaşsaq da, onların təsiri üzərimizdə olsa da, qanımızda azərbaycanlı qanı axır. Bizim çox gözəl adət-ənənələrimiz, tariximiz, kökümüz var. O kökdən uzaqlaşmaq olmaz, hər nə qədər müasir olsaq da. Biz öz kökümüzə dayanaraq müasirliyimizi nümayiş etdirməliyik. Bütün bunlar çərçivəsində onların ailə seçimlərinə müdaxilə etməyəcəyəm.

– Böyük oğlunuz Mirsənanın sənət seçiminə müdaxilə edə bilmədiniz. Bəs Mirismayılın ixtisas seçiminə müdaxilə edəcəksinizmi?
– Mirsənanda müdaxilə etmək istədim, ancaq alınmadı. Mən onun aktyor olmağını heç istəmirdim. Mirsənanla mübarizə aparmağın mənası yoxdur.

– Niyə?
– Bu sənət çox çətindir. Bu sahədə çalışıb, hansı şəraitdə yaşadığımızdan, hansı çətinliklərlə üzləşdiyimizdən və aldığımız qonorardan xəbərdar olduğum üçün övladımın da bu çətinliklərə qatlaşmasının əleyhinə idim. İstəmirdim ki, mən çəkən əziyyətləri övladım da çəksin. Ancaq o, bu sənəti seçdisə, bu onun öz seçimidir. Mirismayıla gəlincə isə, o, tamamilə başqa cür düşünür. O, dizayner olmaq istəyir və mən də bu fikrin əleyhinə deyiləm. Onun seçiminə hörmətlə yanaşıram. Çox istəyirəm ki, Mirismayıl bu ixtisasın arxasınca getsin. Çünki onun gözəl əl qabiliyyəti var, çəkdiyi rəsmlər çox xoşuma gəlir.

– Artıq oğlunuz da sizin sənətin davamçılarındandır. Oğlunuzla birlikdə bir tamaşa hazırlamağı düşünürsünüzmü?
– Hələ ki öz tamaşalarımda oğluma rol vermirəm. O ancaq kütləvi tədbirlərdə iştirak edir. Bir dəfə mənim quruluşumda hazırlanan tamaşada Tomrisin oğlu Sparkavizi oynayıb. Bir də bu yaxınlarda Babəkin oğlu Buğdayın obrazını canlandırıb. Onlar uşaq vaxtından teatrda obrazlar canlandırıblar. Ancaq mən heç vaxt öz tamaşalarımda onlara rol verməmişəm. Teatrımızın baş rejissoru Bəhram Osmanlının, istedadlı rejissorumuz Cənnət Səlimovanın tamaşalarında oynayıblar. Bir az da böyüsün, ondan sonra baxarıq.

– Atalar daha çox qız övladlarına meyilli olurlar. İstərdinizmi qızınız olsun?
– Allah bilən məsləhətdir. Oğlanlarımı çox istəyirəm, inanmıram ki, onlardan çox kimisə istəyə bilərəm. Düşünmürəm ki, qızım olsa, onu oğlanlarımdan artıq istəyərəm. Əgər qız da olsaydı, onu ən çox oğlanlarım qədər istəyərdim. Elə hesab edirəm ki, övlad övladdır. Onları ayırmaq düzgün deyil.

– Övladlarınızın gələcəyinə dair nələr arzulayırsınız?
– İlk olaraq sanballı, cəmiyyətə yararlı insan olmalarını arzulayıram. Bunun üçün əlimdən gələni əsirgəmirəm. İstəyirəm ki, seçdikləri sənətdə işinin peşəkarı olsunlar. Ən əsası, canlarının sağ olmasını arzulayıram. Onları xoşbəxt görmək istəyirəm. Bir valideyn övladı üçün nə istəyər? Onların başından bir tük əskik olmasın. Allah hamının balasını saxlasın, bizimkiləri də onun içində. Onlarsız həyatı təsəvvür edə bilmirəm. Həyatda onlara görə yaşayıram. Öz addımlarımı onlara görə ölçüb-biçirəm. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir