Cina Ehikodi Ojo

Nigeriyanın ən məşhur teleaparıcısı: “Bakıda olanda Tahir Əmiraslanovdan elə bir söz eşitdim ki…” – MÜSAHİBƏ

Baxış sayı: 250

Nigeriyanın ən məşhur teleaparıcısı, səyyah Cina Ehikodi Ojo Publika.az-ın qonağı olub. “Gencaile.az”  məşhur səyyahın müsahibəsini təqdim edir:

 

– Cina, Nigeriya haqda bir neçə maraqlı faktı bizimlə bölüşə bilərsinizmi?

– Kənarda Nigeriya haqda yanlış fikirlər yarana bilər, amma ölkəmiz öz müsbət cəhətlərinə görə məşhurdur. Nigeriya əhalisinin 69 faizi gənclərdir. Biz daim hərəkətdəyik, cəldik, enerjiliyik, savadlıyıq. Nigeriyada bir neçə kilometrdən bir müxtəlif dildə danışan, fərqli dinlərə sitayış edən insanlara rast gələ bilərsiniz. O qədər zəngin, rəngarəng mədəniyyətimiz var ki, özümüz də bir çox qəbilələrdən xəbərsizik. Ölkəmizdə onlarla tayfa və hər birinin öz kralı var. Ölkənin idarə olunmasında krallar nüfuz sahibi deyillər. Lakin qəbilələr, tayfalar onlara dərin hörmət bəsləyirlər. Ümumiyyətlə, bu gün Nigeriyada bir sıra çətinlikər var, amma insanlarımız o qədər güclüdür ki, bu problemləri yenə bilirlər.

– Ölkənizin ən məşhur televiziya verilişinin aparıcısısınız. Peşə seçiminizə nələrin təsiri olub?

– Uşaqlıqdan məktəbimizdə səhnələşdirilən teatr tamaşalarında rol almışam. Yaşım artdıqca bir çox layihələrə dəvət olunmağa başladım. Artıq 10 ildir aparıcı kimi fəaliyyət göstərirəm. Əsas odur ki, peşəmi həyatımın qəzası adlandırmıram. Hər zaman bu sahədə çalışmaq istəmişəm və arzu etdiyim pillədəyəm.

– Proqramınızın çox dadlı və ətirli adı var: “Foodies and Spice” (Yeməklər və Ədvalar). Bu adın xüsusi tarixçəsi var?

– Xüsusi xatırlayacağım bir əhvalat yoxdur. Çünki mənim təklif etdiyim adlar ortaqlarım tərəfindən təsdiqlənmədi. Sonda bu adın üzərində durdular. Mən də etiraz etmədim. Veriliş “Foodies and Spice“ adı ilə yayımlanmağa başladı. İndi düşünürəm ki, düz edib, razılaşmışam. Çünki işimi dərin ehtirasla sevirəm.

-Bu gün dünyanı dörd bir yandan kulinar blogerlər bürüyüb. Onların fəaliyyətini izləyirsinizmi?

– Əlbəttə. Xüsusən də nigeriyalı blogerlərin yenilikləri ilə maraqlanıram. Bu sahədəsənsə, nə baş verdiyindən daim xəbərdar olmalısan.

Картинки по запросу Nigeriyalı aparıcı azərbaycanda

– Yemək bişirməyi haradan, yaxud kimdən öyrənmmisiniz? a) Ananızdan B) tanınmış aşpazdan C) kulinariya kitabından.

– (Gülür) Heç birindən. Əsas ilham mənbəyim, ustam nənəm olub. Həm də elə bir məhəllədə doğulub, böyümüşəm ki, orada bütün qızlar yemək bişirə bilirdilər. Başqa şansımız da yox idi. Gözümü açıb, nənəmi, anamı böyük ailəyə yemək hazırlayan görmüşəm. İndi özüm də fırtına kimi yeməklər bişirirəm. Amma kulinariya ilə peşəkar şəkildə məşğul olandan sonra anladım ki, hələ öyrənəcəyim çox şey var. 2014-cü ildən bu günədək dünyanın müxtəlif ölkələrinə səyahət edirəm. Hər yeni səfərim yeni dad, yeni zövq deməkdir.

– Bəs bu qədər böyük seçim içərisində ən çox sevdiyiniz yemək varmı?

– Artıq “ən çox sevdiyim yemək” mifinə inanmıram. Uzun səyahətlərdən sonra bu qənaətə gəmişəm ki, dadlı olan bütün yeməklər mükəmməldir.

Картинки по запросу Nigeriyalı aparıcı azərbaycanda

– Nigeriyada yaşayan azərbaycanlımız Billurə Bernardı öncə verilişinizə dəvət etdiniz. Sonra onunla birgə ölkəmizə səyahət etdiniz. Təsəvvürünüzdəki Azərbaycanla rastlaşa bildiniz?

– Ölkənizi heç vaxt unutmayacam. Unutmaq da istəmirəm. Nigeriyada yeni yaradılan Azərbaycanın Dostlarıı Təşkilatının dəstəyilə gəldim ölkənizə. Gözlədiyimdən artıq gözəllik, məhəbbətlə rastlaşdım. Çoxlu yemək reseptləri öyrəndim. Cəmi 10 gün qalmaq imkanım oldu. Bu çox qısa müddətdir. Mütləq bir daha gələcəm.

– Hansı xörəklərimiz damaq dadınıza daha uyğun oldu?

– Təbii ki, plovunuz. Balıq ləvəngisi isə mükəmməl ləzzətdir. Hələ mürəbbəli təzə dəmlənmiş ətirli çaylarınızdan danışmıram. Fantastik pitini də unutmayaq (Gülür).

– Cina, iki əkiz, yaraşıqlı oğlanın anasısınız. Bu şirinlərin gündəlik rasionunda hansı qidalara üstünlük verirsiniz? Bəlkə gənc analarımıza da tövsiyə verək?

– Bir ildir televiziya kanalımızda yeni layihə başlamışam. Əkizlərim üçün bişirdiyim, hazırladığım bütün reseptləri təqdim edirəm. Bizdə moimoi adlı paxla pudinqi var. O qədər faydalı, bol vitaminli və tez həzm olunan yeməkdir ki, həm uşaqlar ləzzətlə yeyir, həm anaların ürəyi rahat olur. Amma təbii ki, körpənin doğulub, böyüdüyü ərazidən də çox şey asılıdır.

-Müdriklərdən biri deyib ki, dünyada o qədər ac insan yaşayır ki, çörək onlar üçün tanrı qədər gözəgörünməzdir. Bu gün Afrikada aclıqdan, susuzluqdan əziyyət çəkən minlərlə uşaq var. Onlara yardım məqsədilə hansı addımlar atılır?

– Bu çox ağrılı mövzudur. Ac insanlara yardım etmək üçün daha çox şirkətə, təşkilata ehtiyacımız var. Onlara ara-sıra sosial yardım olunur, yemək paketləri verilir, amma bu çox cüzi köməkdir. Afrikanın aclıq problem o qədər qlobal problemdir ki, dünya səviyyəsində həll olunmalıdır.

Картинки по запросу Nigeriyalı aparıcı azərbaycanda

– Deyirlər, yemək sevgisindən səmimi eşq yoxdur. Razısınız?

– Tamamilə razıyam. Bakıda olanda Azərbaycanın baş kulinarı Tahir Əmiraslanovdan elə bir söz eşitdim ki, heç yadımdan çıxmır.

Söhbətimiz əsnasında belə bir gözəl ifadə işlətdi: “Çəngəl, bıçağın səsi silahların səsini hər zaman batırır”. Yemək sülhdür, dinclikdir, gözəl əhvaldır. Bütün bunlar evlərimizdən əskik olmasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir