telebe

Nikah müqaviləsi bağlanmalıdır, ya yox? – DİSKUSSİYA

Baxış sayı: 355

Əvvəllər boşanan kişi papağını başına qoyub evdən çıxırdısa, müasir dövrdə vəziyyət dəyişib. Bir çox ailələrdə əsl həngamə boşanana qədər yox, elə boşandıqdan sonra başlayır. Var-dövlət, qızıl, ev, maşın davası münasibətləri ən pik həddə gətirir. Bir çox ölkələrdə boşanan tərəflər düşmən kimi yox, dost kimi ayrılır. Bunun səbəbi isə odur ki, tərəflər nikaha girməzdən öncə və nikah dövründə nikah müqaviləsi imzalayır. Lakin bu üsul ölkəmizdə o qədər də geniş yayılmayıb.

Bəs gənclər necə düşünür? Tərəflər nikaha girməzdən öncə müqavilə imzalamalıdır, yoxsa yox? Bu sualın cavabını Bakı Slavyan Universitetinin tələbələri ilə müzakirə etdik.

 

Sahib Gülməmmədov:

– Mən nikah müqaviləsinin bağlanmasının tərəfdarıyam. Tərəflər boşandıqdan sonra nə qadın kişidən, nə də kişi qadından var-dövlət tələb etməlidir. Bütün əmlak müqaviləyə əsasən bölünməlidir. Məncə, tərəflər arasında əmlak bölgüsü yalnız evləndikdən sonra qazanılan əmlakla bağlı olmalıdır. Ümumiyyətlə bizim millətdə belə bir fikir var ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin mahiyyətinə varmır, onun üstünlükləri barədə məlumatsız olurlar. Nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir. Müqavilənin imzalanması o demək deyil ki, imzalayırıqsa, mütləq boşanmalıyıq.

Məmmədəli Həsənov:

– Milli mentalitetimizdə evlənməzdən əvvəl boşanma haqqında düşünərək, müqavilə tələb etmək oğlan üçün ayıb, qız tərəf üçün bədniyyətlilik kimi qəbul edilir. Xüsusən valideynlər ilk olaraq qarşı çıxır ki, sən hələ evlənməmisən, boşanmaq haqqında fikirləşirsən. Nikah müqaviləsinin mahiyyəti ilə bağlı insanlar arasında maariflənirmə aparılmalıdır. Müqavilənin bağlanmaması gələcəkdə tərəflər arasında əmlak mübahisəsi baş verdikdə, ciddi problemlər yaradır.

 

Nəzrin Dadaşova:

– Məncə, nikah müqaviləsi olmamalıdır. Çünki bu, ailədə inamı, güvəni sarsıdır. Artıq sevgi evliliyi məntiq evliliyinə çevrilir. Ortada sevgi varsa, niyə müqavilə imzalanmalıdır? Sevgidən, səmimiyyətdən yaranan münasibətlərin arasında müqavilə söhbəti etmək yersizdir.

 

Məmmədəli Həsənov:

– Xeyr, Nəzrinin fikri ilə razı deyiləm. Müqavilənin imzalanması o demək deyil ki, tərəflərdən hansısa sevmir. Hazırda elə dövrdə yaşayırıq ki, hamı bir-birindən istifadə edir. Pula, var-dövlətə görə evlənənlərin sayı artıb. Hər bir insanın özünü sığortalamaq haqqı var. Müqavilə də mütləq olmalıdır.

 

Könül Əlizadə:

– Mən bir faktı bölüşmək istəyirəm. Qrup yoldaşım sevib ailə qurdu və iki aydan sonra boş-boş söz-söhbətlərə görə boşandılar. Ailə dağıldı, məhkəməyə müraciət etdilər və xanım iddia qaldırdı ki, mənə filan qədər pul düşür. Bütün mənəviyyat, sevgi orada yoxa çıxdı. Xanım illərlə məhkəmədə sürünməyə başladı ki, onun var-dövlətindən mənə pay düşür. Hesab edirəm ki, nikah müqaviləsi düşüncəli, savadlı gənclər arasında bağlanmalıdır. Amma müəyyən situasiyalar var ki, bu situasiyalarda müqavilə olmasa da olar. Məntiq evlilikləri var ki, sırf biznes məqsədilə evlənirlər, şirkətlər arasında bağ yaradırlar. Bu hallarda nikah müqaviləsi olmaldır. Sevgi ilə qurulan ailələrdə müqavilə tələb edilirsə, deməli orada sevgi yoxdur. Məsələn, deməli həmin qrup yoldaşım sevməyib ki, indi var-dövlət davası edir. Mən ailə qurdum və müqavilə imzaladım. Düşünürəm ki, buna ehtiyac yoxdur. Sevdiyim şəxslə ailə qurmuşam, sabah alınmasa, onun mənə heç nəyi lazım deyil. Əgər mən bədbəxt oluramsa, ayrılandan sonra nəyimə gərəkdir var-dövlət… Mənəviyyatım, sevgim puç olursa, o var-dövləti neynirəm ki… Neynirəm o qızıl teşti ki, içinə qan qusam. Dağılmış ailədən sonra o var-dövlət mənasızdır.

Raiz Kərimov:

– Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda, ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Mən “bu müqavilə iki savadlı insan arasında bağlanmalıdır” fikri ilə razı deyiləm. İnsanların savadsız olmaları onların hüquqlarının olmamaları anlamına gəlməz. İnsanların savadsız olması bizim günahımızdır ki, onlar müqavilə haqqında bilmirlər. Müqavilə mütləq olmalıdır. Fərqi yoxdur savadlı, ya savadsız – müqaviləni hər iki tərəf imzalamalıdır.

 

Məmmədəli Həsənov: 

– Könülün fikirləri ilə razı deyiləm. İnsan bilmir, bir dəqiqədən sonra başına nə gələcək. “Sevirəmsə, müqavilə imzalamaq olmaz” nə deməkdir? Müqavilənin sevgiylə nə əlaqəsi var ki? Hər şeyi fikirləşmək, düşünmək lazımdır. Bu gün sevgisinə görə kor olduğun insan, sabah sənə xəyanət də edə bilər. Hər şeyi sevgiyə qurban vermək olmaz. İnsan gələcəyini sığortalamalıdır.

 

Könül Əlizadə: 

– Mən mənəvi notlara toxundum. Həyat yoldaşımla müqaviləni imzalasaq belə, sabah xəyanətlə rastlaşsam, qarşı tərəfin pulunu, qızılını neyləyirəm ki… Tutaq ki, boşanıram, onun qızılının mənə nə xatirəsi ola bilər axı? Düzdür, övlad varsa, aliment məsələsi ola bilər. Bu, başqa məsələdir. Bu, qanunla tənzimlənir. Amma hesab edirəm ki, iki nəfər arasında nikah müqaviləsinə ehtiyac yoxdur.

 

Məmmədəli Həsənov: 

– Əgər sənin də dediyin kimi, sevgi nifrətə çevrilirsə, niyə o qızıllar mənim sevmədiyim insanda qalmalıdır? Axı o mənim haqqım idi. Bəli, düz deyirsiniz, ona baxıb kədərlənmək olar. Amma satıb pul əldə edə bilərik.

 

Könül Əlizadə: 

– El arasında belə bir misal var. Ərlə arvadın xəmiri bir yoğrulub. Əgər düzgün insan seçirsinizsə, məncə, müqaviləyə ehtiyac yoxdur.

 

Nəzrin Dadaşova:

– Bəzi valideynlər bu halda düşünürlər ki, insanlar öz gələcəklərini sığortalamaq istəyirlər. Bu, valideynlər tərəfindən normal qarşılanmır ki, niyə evlənmədən boşanaq haqqında düşünürsən. Amma gələcəyi planlamaq lazımdır.

Sual: Bəs sevdiyiniz insan sizə nikah müqaviləsi gətirərsə, reaksiyanız necə olar?

 

Sahib Gülməmmədov:

– Reaksiyam çox normal olar. Hətta xanımdan özüm də tələb edərəm ki, gətir imzalayım. Mən də həmçinin imzalaması üçün müqavilə hazırlayaram. Hətta sevinərəm ki, ailə quracağım insan ağıllıdır ki, mənə bunu imzalatdırır.

 

Məmmədəli Həsənov:

– Əgər öncədən danışmadan, müzakirə etmədən müqavilə gətirsə, reaksiyam qəribə olar. Çünki düşünərəm ki, bəlkə bu insan elə bilir, mənim onun mal-mülkündə gözüm var. Amma pis qarşılamaram. Nikaha girərkən müqavilə imzalamaq tam normaldır.

 

Könül Əlizadə:

– Yoldaşım mənə imzalamaq üçün müqavilə gətirsə, cırıb başına çırparam. Mənim düşüncəmdə müqavilə olmamalıdır. Bu düzgün deyil. Buradakı uşaqların da səmimiliyinə inanmıram. Bəylərimizin qarşısına müqaviləni qoysalar, hamısının ürəyinə xal düşəcək. Onu normal qarşılamayacaqlar.

 

Raiz Kərimov:

– Siz məni tanımırsınız və bilmirsiniz ki, necə reaksiya verə bilərəm. Əgər mənə ailə qurduğum insan müqavilə gətirirsə, onu cırıb üzünə vurmağım hörmətsizlikdir. Nə qədər sevgi olsa da, münasibətlər sistemində haradasa səhvlik də ola bilər. İnsan heç nədən sığortalanmayıb. Hər iki tərəf özünü sığortalamalıdır. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir