nikah muqavilesi

Nikah müqaviləsinin məcburiləşdirilməsi nə qədər realdır?

Baxış sayı: 1. 878

Bu günlərdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib. Komitənin iclasında S.Vəliyeva deyib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: “Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllülük olmamalıdır. Bu müqavilə olmadıqda, boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.

Bəs görsən, nikah müqaviləsinin məcburiləşdirilməsi nə qədər realdır? Ümumiyyətlə, qanunun bizim üçün əhəmiyyəti nədən ibarətdir?

 

“İnsanlar boşanmaq üçün evlənmir”

Sağlam Cəmiyyət İB-nin sədri Lalə Mehralı deyir ki, belə bir qanunun bizdə icbari şəkildə tətbiq edilməsinin effektiv nəticəsi ola bilər: “Amma gərək bu qanun yaxşı işlənsin və məcəlləyə müvafiq əlavələr daxil edilsin. Nikah müqaviləsi hazırda mal-mülk paylaşımı üçün bağlanır, boşanma hallarında kimə nəyin düşəcəyi müəyyənləşdirilir. Siz bu müqavilənin nümunəsinə baxsanız, görərsiniz ki, ailənin ən vacib fərdi – uşaq və onun hüquqları bu müqavilədə qeyd edilmir, çünki nikah müqaviləsi bağlananda heç kim boşanacağını düşünmür. Təbiidir, axı insanlar boşanmaq üçün evlənmir. Amma sabah nə olacağını bilmədiyimiz üçün nikah müqaviləsində tək mal-mülk yox, boşanma halında uşaqların gələcəyinin, təhsilinin, təlim-tərbiyəsinin də planlaşdırması olmalıdır. Belə olan halda boşanmalar azalacaqmı, onu deyə bilmərəm. Çünki bəzən elə hallar olur ki, boşanmaq qurtuluş olur, bəzən isə elə anlar olur ki, boşanmaq sadəcə qaçmaq, məsuliyyətdən yaxa qurtarmaq deməkdir. Aliment verməyən, övladından imtina edən kifayət qədər çox boşanmış valideyn var. Bəlkə də valideyn bilsə ki boşanmadan sonra onu nə gözləyir, uşaq üzərində nə kimi məsuliyyətləri var, o zaman adi söz-söhbəti böyüdüb boşanma həddinə çatdırmaz. Çünki biz hamımız bilirik ki, qarışqanı böyüdüb fil edərək boşananlar olduqca çoxdur. Övladına aliment verməmək üçün atalığından imtina edən, rəsmi iş yerini gizlədən, maaşını əldən alıb bank yolu ilə aliment tutulmamağına nail olan kişilər də az deyil. Təklif olunan həll yolu effektiv olarsa, bir çox problemi yoluna qoyar. Məncə, tətbiq mexanizmi işlənsə və səhih bir forma təklif edilsə, daha çox şey söyləmək olar”.

 

“Kaş ki, mən də imzalayardım”

Psixoloq Orxan Oruc deyir ki, ilkin mərhələdə cəmiyyətin bu dəyişikliyi psixoloji olaraq qəbul etməsi bir qədər çətin olacaq: “Bir çoxları bu müqaviləyə razılıq vermir və yaxud əhəmiyyətli qəbul etmir. Çünki heç kim ailə quranda fikirləşmir ki, beş ay sonra boşansın. Buna görə də heç kim inanmır ki, belə bir hadisə onun da başına gələ bilər. Bizdə insanlar nikah müqaviləsinə ehtiyac görmürlər. Ona görə də ilkin mərhələdə kütləvi şəkildə xoş qarşılanacağını demək olmaz. Amma qanun icbari olacağı təqdirdə, hər kəs buna riayət edəcək. Belə olan təqdirdə, heç kim bu məsələyə etinasız yanaşmayacaq və bu müqavilə mənasız hesab edilməyəcək. Hər kəs nikahdan öncə nikah müqaviləsi bağlayacaq. Nikah müqaviləsi sonradan nikah pozulduğu təqdirdə, əmlak məsələləri ilə bağlı problemlərin tənzimlənməsində də böyük rol oynayır. Bildiyiniz kimi, bir çox ölkələrdə bu qanun icbari şəkildə tətbiq edilir və kifayət qədər də müsbət nəticələr əldə olunub. Bizdə də belə bir qanunun qüvvəyə minməsinə məncə, ehtiyac var. Çünki bu gün məhkəmələrə baxsaq, görərik ki, boşanmadan sonra yaranan əmlak problemləri xeyli saydadır. Əmlakın böyük, yoxsa kiçik olmasının fərqi yoxdur. Bir çox hallarda ciddi məhkəmə prosesləri gedir. Nikah müqavilələri kömək edəcək ki, məhkəmələrin də işi bir qədər yüngülləşsin. Həmçinin məhkəmə prosesi ərzində insanların arasında müşahidə olunan psixoloji aqressiya səviyyəsinin aşağı düşmiəsinə müsbət təsir göstərəcək”.

Psixoloq bildirir ki, bütün hallarda bizim mental dəyərlərimiz çox güclüdür və bəzən hətta problemlər yaradır: “Nikah müqaviləsini bizdə bəd niyyət kimi qəbul edirlər. Bir çoxları fikirləşmir ki, onun da başına bu hadisə gələ bilər. Sonradan nikah pozulduqda və problemlər ortaya çıxdıqda, başa düşürlər ki, nikah müqaviləsi lazım imiş. Müqaviləni imzalayanlar deyir ki, yaxşı ki, bu müqaviləni imzalamışam, imzalamayanlar isə  kaş, mən də imzalayardım deyir. Düşünürəm ki, bu psixoloji baryeri aşmaq üçün zaman lazımdır. Birdən-birə bu müqaviləni cəmiyyətə yeritmək olmaz. Bunun üçün xüsusi bir metod da yoxdur ki, tətbiq edilsin. Zamanla boşanma nümunələrinin timsalında görünəcək ki, nikah müqaviləsini imzalayan şəxslər öz aralarındakı problemi daha rahat şəkildə həll edirlər. Yəqin ki, zaman keçdikcə, cəmiyyətdə uyğunlaşma prosesi gedəcək”.

 

“Nikah müqaviləsi nədir?!”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, bir çoxları  nikah müqaviləsinin əsl mahiyyətini dərk etmir: “Təəssüflər olsun ki, nikah müqaviləsinin bağlanmasında stereotiplər çoxdur. Qarşı tərəf bu müqaviləni bağlamaq istəmir və qınaq nümayiş etdirir. Bəziləri isə bunu özünə təhqir kimi qəbul edir. Bir çox hallarda qadının yalnız əmlaka və gəlirə görə ailə qurduğunu iddia edərək onu utandırırlar. Amma sovet dövründə də belə bir qayda var idi ki, nikaha girən şəxslər arasında onların iştirakı ilə siyahı tutulur və qadının apardığı cehiz və qarşı tərəfin çəkdiyi digər xərclər burada qeyd olunurdu. Bu sənəd də bir növ müqavilə xarakteri daşıyırdı. Bu baxımdan, indiki dövrdə belə bir qnaunun qəbul edilməsi çox yaxşı olardı. Bizdə hazırda nikah müqaviləsi məcburi xarakter daşımadığından, məsuliyyət ortaya qoymur. Bir çox ölkələrdə isə bu müqavilə qanunla icbari formada tətbiq olunur. Təcrübə göstərir ki, bəzi hallarda nikah müqaviləsi boşanmanın qarşısını alır. İnsan ailə quranda ağlına gətirmir ki, 3 aydan sonra boşana bilər. Tərəflər öz qarşısına müəyyən şərtlər qoya bilər ki, əgər tərəflərdən hər hansı biri boşanmaq istəyərsə, bu qaydalara əməl etməlidir. Bir çoxları bilmir ki, nikah müqaviləsində nələr yazılır və hansı şərtlər ola bilər. Bu haqda insanlara daha geniş məlumat verilməli və maarifləndirilməlidir. Düşünürəm ki, nikah müqaviləsinin icbari olması boşanmaların qarşısının alınmasında rol oynaya bilər. Özünə əmin olan, öz ailəsini bütöv görmək istəyən insane onsuz da bu müqaviləyə qarşı çıxmayacaq. Necə olur ki, qızlarımız digər ölkə vətəndaşları ilə ailə qurduqda, bu müqaviləyə qəti etiraz etmirlər? Çünki bu, onlarda qanunun tələbidir. İnsanları bu davranışa alışdırmaq lazımdır. Necə ki tibbi müayinədən keçmək məcburi oldu və zamanla heç kim etiraz etmədi, nikah müqaviləsi də bu qayda ilə məcburiləşdirilməlidir. Nikah müqaviləsi qadınların evsiz-eşiksiz qalmasının qarşısını ala bilər. Amma sui-istifadə hallarına da yol verilməməlidir. Yəqin ki, mütəxəssislər bu detalları işləyib hazırlayacaqlar”.

 

“Azadlığı məcburiyyətə çevirmək olmaz”

Hüquqşünas Ceyhun Cəfərli isə məsələyə bir qədər fərqli aspektdən yanaşır: “Nikah müqaviləsi tərəflər arasında bağlanılan müqavilədir. Müqavilə həmişə tərəflərin öz aralarında könüllü şəkildə bağladıqları bir əqddir. Mülki qanunvericiliyə görə, bütün mülki hüquq subyektlərinə müqavilə azadlığı verilir. Əgər müqavilə azadlığı varsa, bu azadlığı məcburi bir formaya gətirmək olmaz. Azadlığı məcburiyyətə çevirmək düzgün deyil. Əgər bu qanun məcburiləşdirilərsə, onda gərək bütün insanları müqavilə bağlamağa məcbur edək. Bu, ailə quran tərəflərin özünün öz əmlak vəziyyətləri ilə bağlı verdikləri bir qərardır. Tərəflər istəsə, bu müqviləni bağlaya bilər, istəməzsə yox. Hesab edirəm ki, Ailə Məcəlləsində bunu məcburi şəkildə göstərmək düzgün deyil. Tutaq ki, ər və arvad nikaha girirsə, nikah zamanı əldə edilən əmlak onların bərabər mülkiyyətidir. Fərqi yoxdur, həmin əmlak ərin və yaxud arvadın adına qeydə alınıb. Digər tərəfin burada mütləq payı var. Burada müəyyən istisnalar da var. Bir çox ölkələrin qanunvericiliyi nikah müqaviləsinə icazə verir. Bizə də bu, xarici təcrübədən gəlir. Əvvəlki ailə məcəlləsində belə bir nikah müqaviləsinin bağlanılması, ona icazə verilməsi nəzərdə tutulmamışdı. Bəziləri fikirləşir ki, bu müqavilə boşandıqdan sonra kiminsə rifahını artırır. Əslində əsas məsələ nikaha girən tərəflərin öz əmlak mənafelərini qorumaq istəyidir. Əsas məqsəd nikahların əmlaka və maddiyyata görə sui-istifadə məqsədilə bağlanılmasının qarşısını almaqdır. Nikah müqaviləsi xüsusi maddi rifah yaratmır. Əgər gəliri olmayan və sosial yardımla yaşayan iki şəxs nikaha girirsə, onların nikah müqaviləsi bağlaması boşandıqdan sonra hansısa tərəfin maddi vəziyyətini yaxşılaşdıra bilməz. Nikah müqaviləsi nikaha girənə qədər tərəflərin malik olduğu əmlaklarının və gəlirlərinin qorunması məqsədilə bağlanılır. Yəni bu o deməkdir ki, gələcəkdə bir tərəf digər tərəfin maddi imkanından sui-istifadə edərək onun gəlirlərinə tamah salmaq məqsədilə ailə qurmasın. Adətən nikah müqavilələri zəngin şəxslər arasında bağlanılır ki, hər hansı bir haqsızlıq olmasın. Yoxsa böyük əmlakı olmayan şəxsin nikah müqaviləsi nəyinə lazımdır”.

 

Şəbnəm Mehdizadə

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir