bey-gelin-nigah-A620x350

Nikah öncəsi müayinəyə daha hansı xəstəliklər salına bilər?

Baxış sayı: 153
Bir neçə gün öncə Zərdab rayonunda 10 günün gəlini olan Pərvanə Zərbəliyevanın müəmmalı ölümü gündəmin ən çox diqqət çəkən xəbərlərdən birinə çevrilmişdi. Sonradan məlum olmuşdu ki, gəlində qan xərçəngi olub və qızın ailəsi onun xəstə olduğunu oğlan evindən gizlədib. Toydan sonra gəlinin vəziyyəti getdikcə pisləşib, bir neçə gündən sonra şok vəziyyətdə xəstəxanaya aparılıb və bütün tədbirlərə baxmayaraq dünyasını dəyişib. 
Yenicə qurulan gənc ailənin dramı çoxlarını üzdü. 
Lakin bu hadisə nikah öncəsi müayinələrin əhəmiyyətini bir daha gündəmə gətirdi, aktuallaşdırdı. Evləndikdən sonra tərəflərin hansındasa xəstəliyin aşkarlanması peşmançılıq yaradır, gənc ailənin dağılmasına və yaxud sağlam olmayan uşaqların dünyaya gəlməsinə səbəb olur. Qeyd edək ki, Azərbaycanda ötən il iyunun 1-dən etibarən ailə qurmaq istəyənlər nikahlarını rəsmi şəkildə təsdiq etdirmək üçün məcburi tibbi müayinədən keçir. Səbəb isə gələcəkdə qurulan ailənin sağlam olması və tərəflərin bir-birilərinin sağlamlıqları haqqında öncədən məlumatlı olmasıdır. Müayinədən keçməyən şəxslərə nikah bağlamağa izn verilmir.
Qeyd edək ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycanın regionlarında mərkəzi rayon xəstəxanaları və ya şəhər xəstəxanalarının, şəhər səhiyyə şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi tərəfindən həyata keçirilir.
Maraqlıdır, müayinədə hansı xəstəliklər nəzərdə tutulub? Zərdabda 10 günlük gənc ailənin dramına səbəb olan qan xərçəngi xəstəliyi də həmin müayinəyə daxildirmi?
Qısa bir arayış verək ki, qan xərçəngi və ya hemoblastozlar dedikdə, qan hüceyrələrindən əmələ gəlib, toxuma və orqan sistemini zədələyən şiş qrupu başa düşülür. Həkim ekspertlər bildirirlər ki, erkən diaqnostika və müvafiq müalicə sağalma şansını artırır. Bu kimi xəstəliklərin də nikah öncəsi müayinəyə salınması zəruridirmi və ya gələcəkdə siyahıya salınması nəzərdə tutulurmu?
Məsələ ilə əlaqədar Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM)  ilə əlaqə saxladıq. Qurumun ictimai əlaqələr üzrə nümayəndəsi  Səadət Hənifəyeva suallarımıza bu cür aydınlıq gətirdi:
“”ASAN Xidmət” ilə bizim aramızda müqavilə var. Bizim xidmətimiz yalnız müayinələrin təchizatı ilə bağlıdır. Nazirlər Kabinetinin qərarına əsasən, nikahdan öncə 3 xəstəlik üzrə müayinələr aparılır. Bunlar talassemiya, sifilis və y QİÇS-dir. Buna görə qan nümunələri götürülərək mərkəzləşdirilmiş formada RMDM-a göndərilir. Bu müayinələr Bakı və Sumqayıt şəhərləri üzrə keçirilirsə cavablar 5 gün ərzində, rayon mərkəzlərində olarsa isə 9 gün ərzində məlumatlar verilir. Müayinə üçün isə bir şəxs üçün 9 manat ödənilməsi nəzərdə tutulub. Əlbəttə ki, bu, pulsuz da aparıla bilər, vətəndaş istəsə Səhiyyə Nazirliyi tərəfindən ayrılmış xüsusi tibb məntəqələrində pulsuz müayinədən keçə bilərlər. Bu tamamilə vətəndaşın özünün azad seçimidir”.
Səadət Hənifəyevanın sözlərinə görə, hazırda qeyd olunan 3 xəstəlikdən əlavə digərlərinin də siyahıya salınması hələ ki nəzərdə tutulmayıb: “Əsasən də hələ ki 3 xəstəlik üzrə müayinə aparılır. Gələcəkdə qeyd olunan qan xərçəngi və bu kimi digər xəstəliklərin müayinəsi ilə bağlı həkim mütəxəssislərimizin birgə qərarı, tövsiyəsi və dövlət proqramı əsasında keçirilə bilər, təbii ki, zəruri olarsa”.
Mövzu ilə əlaqədar onu da qeyd edək ki, statistikaya görə, təkcə ötən avqust ayında  nikaha daxil olmaq istəyən cütlüklərdən icbari tibbi müayinə zamanı 17 min 526 nəfərdən 17-də QİÇS, 92-də sifilis, 672 nəfərində isə talassemiya  aşkarlanıb.
Xalidə GƏRAY



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir