bosanma

Nikaha hansı halda xitam verilə bilməz?

Baxış sayı: 1. 487

Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır. Hər halda bu yöndə vaxtaşırı açıqlanan statistik göstəricilər belə deməyə əsas verir. Ekspertlər hesab edirlər ki, Azərbaycandan fərqli olaraq bəzi ölkələrdə boşanma proseduru daha mürəkkəbdir. Yəni tərəflər istədikləri zaman boşana bilməzlər. Bunun üçün müəyyən zaman gözləməyə məcburdular.

Bəs, görəsən, Azərbaycanda ər-arvad boşanmaq üçün nə qədər gözləməlidir? Nikaha xitam verilməsinin əsasları və prosedurları necədir? Ümümiyyətlə, ölkəmizdə boşanmaların artmasına səbəb nədir?

Məsələ ilə bağlı fikirlərini bölüşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Azərbaycanda kifayət qədər ailələrin məhz maddi səbəblərdən boşandığını deyir. Onun sözlərinə görə, bəzi ailələrin daha çox sosial problemlərlə yüklənməsi sonda bu institutun dağılması ilə nəticələnir: “Düzdür, bu yanaşma səbəblərdən biridir. Çünki Azərbaycanda ailədaxili zorakılıq hallarına görə ayrılan cütlüklərin sayı da kifayət qədərdir. Məsələn, bu gün ailələrdə qadına qarşı zorakılığın artması müşahidə olunur. Digər tərəfdən, dünyagörüşlərin müxtəlif olmaları amili də öz təsirini göstərir. Ən başlıcası isə ailə dəyərlərində müəyyən dəyişikliklərin baş verməsi faktoru problemin dərinləşməsinə səbəb olub. O da etiraf edilməlidir ki, Azərbaycan ailəsi sivil deyil. Son vaxtlar eyni zamanda, həm də gənc ailələrə kənardan müdaxilə halları çox olur ki, bu da boşanmaların dinamikasına öz təsirini göstərir”.

Ekspert həmçinin vurğulayır ki, mövcud problemin aradan qaldırılması qeyri-mümkün olsa da, boşanmaların dinamikasında azalma mümkündür. Onun sözlərinə görə, bu məqsədlə daha çox ailə qurmağa hazırlaşan gənclər arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: “Bu gün biz xüsusilə yeni qurulan ailələrə kənar müdaxilələrin şahidi oluruq. Təbii ki, təcrübəsiz ailəyə istiqamət vermək, hansısa məsələdə tövsiyə etmək olar. Amma gənc ailənin işinə kobud şəkildə müdaxilə etmək yolverilməzdir. Sözsüz ki, kobud müdaxilənin sonu həmişə söz-söhbətlə, dava-dalaşla bitir. Ona görə də gənclər bu kimi müdaxilələrə dözümlü yanaşmalı və bu müdaxilələri yeni ailə həyatının sınağı olaraq dəyərləndirməlidirlər. Əgər gənc ailələr belə məsələlərdə bir qədər səbr nümayiş etdirərlərlə, o zaman ölkədə boşanan ailələrin sayında müəyyən qədər azalma müşahidə olunar. Əks təqdirdə biz ayrılan cütlüklərin sayının ilbəil artdığının şahidi olacağıq”.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Fərhad Nəcəfov isə məsələnin qanunvericilik tərəfinə aydınlıq gətirərək bildirdi ki, Ailə Məcəlləsi nikaha xitam verilməsinin iki əsasını müəyyən edib. Bunlardan biri ərin (arvadın) ölməsi, yaxud məhkəmə qaydasında ölmüş elan edilməsidir. İkinci əsas isə onlardan birinin və ya hər iksinin ərizəsi, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsidir.

Fərhad Nəcəfov qeyd edir ki, qanunvericilik bir halda ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır. Belə ki, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Onun sözlərinə görə, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı – Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, müəyyən hallarda isə məhkəmə tərəfindən həyata keçirilir: “Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında qeydiyyat şöbələrində xitam verilə bilər. Onların yetkinlik yaşına çatmayan ümumi uşaqları olsa belə, ər (arvad) məhkəmə qaydasında itkin düşmüş, fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə və cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi qeydiyyat şöbələri tərəfindən aparılır”.

Hüquq məsləhətçisinin sözlərinə görə, ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.

Nikahın pozulmasının məhkəmə qaydasında aparılması iki halda mümkündür. Nəcəfovun sözlərinə görə, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur: “Həmçinin ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat şöbələrində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə də nikah məhkəmə qaydasında pozulur”.

Hüquq məsləhətçisi bildirir ki, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.

bosanma

Məhkəməyə təqdim olunan sənədlər barədə danışan Fərhad Nəcəfov deyib ki, nikahın pozulması barədə iddia ərizəsinə nikah haqqında şəhadətnamənin əsli, uşağın doğum haqqında şəhadətnaməsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, yoldaşınızın və özünüzün yaşayış yeri haqqında arayış, dövlət rüsumu barədə qəbz əlavə olunmalıdır. Nikahın ləğv olunması haqqında iddia ərizəsinə görə 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə yolu ilə nigaha xitam verilərsə, bu zaman nigahın pozulması haqqında qeydiyyat şöbəsindən şəhadətnamə almaq üçün əlavə 15 manat da rüsum ödəməlisiniz: “Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir”.

Fərhad Nəcəfovun sözlərinə görə, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır: “Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir