usaq

Nikahdankənar doğulan uşaqların sayı niyə artır? – SƏBƏBLƏR

Baxış sayı: 881

Azərbaycanda son 12 ildə nikahdankənar doğulan uşaqların sayı 300 minə yaxın olub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 1970-ci ildən etibarən nikahdankənar doğulan uşaqların sayı ilə bağlı illər üzrə rəqəmləri təqdim edib.

Maraqlıdır, son 12 ildə, yəni hazırda yetkinlik yaşınadək olan belə uşaqların ümumi sayı nə qədər olub? Dövlət Statistika Komitəsinin 2007-ci ildən təqdim etdiyi rəqəmlərin cəmi isə 283 min 420-dir. İllər üzrə rəqəmlərə nəzər yetirdikdə isə nikahdankənar münasibətdən doğulan uşaqlar arasında cinsiyyət nisbətində qızlarla müqayisədə oğlan uşaqlarının daha çox olduğunu görə bilərik.

Məsələni dəyərləndirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, 300 min uşaq qeyri-rəsmi və yaxud ikinci nikahdan dünyaya gələn uşaqlardır:

“Bu uşaqların əksəriyyətinə atalıq faktı verilmədiyi üçün kimsəsiz uşaqlar kimi qeydiyyata alınır. Həmçinin uşaqlar övladını tək böyüdən ana kimi də qeyd olunur.

Problem qadınların atalıq faktını müəyyən etməsi üçün əlçatanlılığın olmamasıdır. Qadın kifayət qədər məlumatlı olduğu təqdirdə belə problemlər yaranmaz. Çoxları düşünür ki, bu qədər uşaq əxlaqsızlıq zəminində dünyaya gəlib. Amma bu belə deyil. Uşaqların əksəriyyəti qayda-qanunla ailə qurmuş şəxslərindir, bəziləri də ikinci nikahdan dünyaya gələnlərdir. Bu baxımdan qadınlar iqtisadi imkanları olmadıqları üçün müəyyən prosesi həyata keçirmədikləri üçün həmin uşaqlar nikahdankənar olaraq qeydə alınıb.

Bəziləri ailə qurub uşaq sahibi olduqdan sonra müvafiq sənədləri sona kimi almayıblar deyə qeydiyyata da düşməyiblər. Nə qədər analar var gözləyirlər ki, kişi gəlib atalığını verəcək. Belə hallar adətən rayon yerlərində baş verir. Ona görə də bu qədər uşaq yalnız ananın adına qeyd olunan uşaqlardır. İllərlə ata adını almaq üçün dizin-dizin sürünən analar var ki, hələ də uşağına sənəd almayıb”.

M.Zeynalova qeyd edir ki, bu cür hallar maarifsizlikdən əlavə əlçatanlılığın olmamasında irəli gəlir:

“Bir uşağa atalıq faktını müəyyən etmək üçün qadın təxminən 2200 vəsait ödəməlidir. Qadın işləmir, ailədaxili zorakılığa məruz qalır, hətta işləsə də uşağını təmin edə bilmir. Düzdür, qanunvericilikdə qeyd olunur ki, atalıq faktı müəyyən olunsa, məhkəmə yolu ilə ata uşağına pulu ödəyir. Lakin 2200 vəsait tapmağın özü bir çox qadınlar üçün çətindir. Ona görə də hansısa bir təsisat və ya qurum bu məsələdə qadınlara dəstək verməlidir ki, sonra həmin pul atadan alınıb həmin quruma ödənilsin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir