bosanma

Nikahların pozulması hallarının kəskin şəkildə artmasına səbəbləri nələrdir?

Baxış sayı: 1. 897

Cəmiyyətimizi narahat edən problemlərdən biri də boşanmaların sürətlə artmasıdır. Əvvəllər boşananlar barmaqla sayılırdısa, indi tərsinədir. Əksər ailələrdə məişət və pulsuzluq problemi, sosial şəbəkələr və qısqanclıq konfliktlərə səbəb olur.

2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Hüquqşünas Vüqar Səfərlinin bildirdiyinə görə, nikahın pozulması son dövrlər kəskin şəkildə artıb: “Qurulan ailələrin Azərbaycanda belə tez dağılması qınanılası haldır. Boşanmaların sayının artması sağlam cəmiyyət formalaşmasına xələl gətirir. Ailə cəmiyyətin özəyi, sütunudur. Ailənin dağılması cəmiyyətin özəyinə xələl gətirirsə, eyni zamanda bu ölkənin də”.

Boşanmaların səbəblərindən danışan V.Səfərli bildirir ki, əsas səbəblər arasında maddi vəziyyətin aşağı olması göstərilir. Ərə gedən xanımlar kasıblığa dözə bilmirlər. Elə də olur ki, oğlanlar qızı maddi vəziyyətinin ondan daha yaxşı olmasına görə, onun ailəsinə, atasına görə alır. Amma bir müddət sonra vəziyyət dəyişdikdə oğlan boşanır.
Onun sözlərinə görə, digər səbəb məsuliyyətsizlikdir: “Ər və arvad öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmirlər. Digər səbəb qısqanclıqdır. Ailəyə kənar müdaxilələr, valideynlərin müdaxilələrini də dördüncü səbəb kimi qeyd edə bilərik”.

Müsahibimizin dediyinə görə, daha çox boşanmaya qadınlar qərar verir: “Bu da Azərbaycanda kişilərin öz öhdəliklərini layiqincə yerinə yetirə bilməməsindən irəli gəlir. Ailəni saxlaya bilmirlər. Qadınlar ona görə boşanmaq üçün müraciət edirlər ki, boşandıqdan sonra uşaq onların himayəsindədirsə, onlara görə aliment alır. Birgə nikah dövründə ev alınıbsa, evi ikidə bir nisbətdə bölmək hüquqları var. Yaşayış sahəsində yaşamaq hüququ ala bilər”.

Boşanmada hansı tərəfin uduzmağına gəlincə, hüquqşünasa görə, övladlar varsa, daha çox da elə onlar uduzur: “Boşanma zamanı ən böyük səhv elə boşanmağı qərara almaqdır. Çünki onlar ailə dəyərlərini qorumurlar. Düzdür, o ailələrdə ki mübahisələr artıq cinayət səviyyəsinə qədər gedə bilərsə, onda elə boşanmaq yaxşıdır. Digər səhv boşanarkən uşaqların taleyinə biganə yanaşmalarıdır. Atalar boşanmadan sonra aliment ödəməyə biganə yanaşırlar. Çox vaxt da anaya zərbə vurmaq məqsədi güdürlər. Zərbə uşaqlara dəyir. Analar uşağı ataya göstərmirlər. Ata ilə ünsiyyət qurmaq hüququnun qarşısını alırlar. Yenə də zərbə uşağa dəyir”.

Psixoloq Xəyalə Abbasın bildirdiyinə görə, ailə qurulan ilk dönəmlər çətin dövrlərdir: “Tərəflər ayrı-ayrı ailələrdən, mühitdən gəlir, fərqli tərbiyə görürlər. Qayınana və qayınata da varsa, bu dönəmlər daha ağır keçir. Ağırlıq cütlüyün üzərinə düşür. Ər və arvad bir-birini yola verməyi bacarmalıdır. Qarşıya çıxan problemləri birgə həll etməlidirlər və problemlər qapı arxasında qalmalıdır. İkinci. üçüncü şəxsin müdaxiləsi olmamalıdır”.

X.Abbas qeyd edib ki, boşanmaların digər səbəbi qısqanclıqdır: “Aşırı qısqanclıq xəstəlikdir. Bu gün sosial şəbəkələrin çoxluğu da qısqanclığı artıran amillərdəndir. Kommunikasiya problemi, canlı ünsiyyətin olmaması da tərəflər arasında anlaşılmazlıqlar yaradır. Bu gün hər kəs sosial şəbəkədədir və gənclərin şüurunda belə bir şey var: “Sən yoxsan, şəbəkədə səndən çox adam var”. Bu günləri sosial şəbəkələrdə tanışlıq o qədər artıb ki, bu da boşanmaları sürətləndirir. Qısqanclıq da güclü hissdir ki, bunu tezləşdirir. Əgər ər evə gec gəlirsə, qadının həmin an beyninə şübhə gəlir: “Görəsən, kimin yanındadır?” Amma düşünməlidir ki, ola bilsin tixacda qalıb ya da iclasdadır. Şübhə elə bir şeydir ki, insanın beyninə düşdüyü zaman onu yeyib bitirməyə başlayır”.

Psixoloq bildirir ki, boşanmaların səbəblərindən biri də intim münasibətlərin pozulmasıdır: “Ailə quran kimi qadın hamilə qalmamalıdır. Əvvəlcə tərəflər bir-birinə adaptasiya olmalıdır. Qadın adaptasiya olmadan hamilə qalır, uşaq dünyaya gəlir və artıq bir-birinə vaxt ayıra bilmirlər. Kişi, ümumiyyətlə, qısqanc tərəfdir. Kişi həmişə qadının diqqətinin ona yönəlməyini istəyir. Qadınsa övlad dünyaya gəldikdə sevgisini uşağa o qədər ötürür ki, kişi özünü ikinci planda hiss edir”.

Onun sözlərinə görə, YUNESCO yeniyetməliyin 25 yaşa qədər davam etdiyini təsdiq edib: “Bu səbəbdən evlilik 25 yaşdan sonra olmalıdır. Digər ölkələrlə müqayisə də isə Azərbaycanda nə qədər boşanma çoxalsa da, başqa ölkələrlə müqayisədə azdır. Məsələn, Türkiyədə çoxdur”.

Psixoloq Vəfa Rəşidova bildirir ki, evlilik zamanı yaş çox önəmlidir: “Yaşı az olanlar evlənməyə tələsirlər. Bu, çox gözəldir. Amma bunu düşünüb etsələr, daha yaxşı olar. Yoxsa, evlilikdən beş-altı yaş sonra boşanmalar başlayır. Həm də gənclər ailə qurarkən gözləntiləri böyük olur. Düşünürlər ki, cah-cəlal içində və ya nağıl aləmində yaşayacağam. Amma ailə qurmaq bu demək deyildir. Ailə qurmaq istirahət, kamforta qovuşmaq, cah-cəlalda yaşamaq demək deyil. Evlənməyin ağır, məsuliyyətli tərəflərini düşünmədən ailə quran cütlüklər daha çox boşanmağa meyl edir və boşanırlar”.
Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir