Koronavirus

Niyə əhalinin əksəriyyəti koronavirusa qeyri-ciddi yanaşır?

Baxış sayı: 925

Koronovirusun pandemiya elan olunmasından iki aydan çox vaxt ötməsinə baxmayaraq, insanlar arasında hələ də virusla bağlı yanlış məlumatlar yayılır. Mütəxəssislərin fikrincə, insanların bəzilərinin virusla bağlı çox təlaşa düşməsi, eləcə də bir qisminin virusu ciddiyə almamasının səbəbləri eynidir. Çünki koronavirus haqqında məlumatsızlıq ya təlaşa, ya da etinasızlığa səbəb olur.

Maraqlıdır, görəsən hazırda əhali bu virus haqqında öyrənmək üçün həkimlərimizə hansı sualları ünvanlayır? Ümumiyyətlə, 3 aydan çoxdur yaşayışımıza daxil olan və bizi nə zaman tərk edəcəyi də bilinməyən bu virus insanlarımızı nə dərəcədə maraqlandırır?

Professor Adil Qeybulla bildirir ki, əhali koronavirus haqqında öyrənməyə elə də maraqlı deyil: “Jurnalistlərimiz koronavirusla bağlı çox suallar verir, öyrənməyə və məlumatı yaymağa çalışırlar. Əhalinin əksəriyyəti isə virusa inanmadığını deyir. Hər zaman insanların arasında olan həkim kimi görürəm ki, əhalinin əksəriyyəti məsələyə qeyri-ciddi yanaşır. Ciddi yanaşanlar, maska ilə gəzən, dezinfeksiya məhlullarından istifadə edən və digər qaydalara əməl edənlər də var. Amma axırıncılar azlıq təşkil edir”.

Həkim deyir ki, insanların virusa inanmaması iki məqama – məlumatsızlıq və məsuliyyətsizliklə bağlıdır. Professorun sözlərinə görə, əhali koronavirusla bağlı nəsə öyrənmək üçün çox nadir hallarda suallar verir: “Koronavirusla bağlı məsələnin ciddiliyini anlayan, ona uyğun davranan insanlar var. Amma azdır, əksəriyyət virusu ciddiyə almır. Oyun adlandırırlar. Sosial şəbəkələrdə koronavirusla bağlı şərh yazıram, altından təhqir yazırlar. Bunun yerinə virusla bağlı məlumat almaq üçün suallar versələr, mən də cavab yazaram. Amma belə etmirlər. Yazırlar ki, olmayan xəstəlik qabardılır və s. Görünür, biz o zaman inanarıq ki, həddən artıq yoluxma olsun. İnsanlar Çində olduğu kimi küçədə ölsün. Hazırda insanlar küçədə maskasız, heç bir xəstəlik yoxmuş kimi sosial məsafə gözləmədən hərəkət edir. Hətta karantinin ən sərt dövründə də insanların çoxu bir-birinin evinə gedib. Siyasi söhbətlərə kimi təşkil edən, həyətlərdə toplananlar, liftlərdən kütləvi istifadə edənlər olub. Bu gün yoluxma ilə bağlı ortaya çıxan yüksək rəqəmlər də bu məsələlərdən qaynaqlandı. Bizim insanlar həkimlərə sual ünvanlayıb nəsə öyrənməkdənsə, özlərini virusun olmadığına inandırmağa, məsuliyyətsizliyə daha çox üstünlük verirlər. Qeyd etdiyim kimi, məsələyə ciddi yanaşanlar, sual verənlər də var. Karantin dövründə nələrə əməl etməli olduqlarını öyrənməyə çalışırlar. Bunu əsasən xəstəliklə bağlı məlumat bazası olanlar edir. Məlumatlı olduqları üçün məsələyə ciddi yanaşırlar”.

Qeyd edək ki, hələ mart ayında Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla əlaqəli şaiyələri 11 sualla cavablandırmışdı.

Həmin sual və cavabları bir daha xatırladırıq.

1) Koronavirus yalnız yaşlı insanlara təsir edir, yoxsa gənclər də virusa yoluxa bilər?

Koronavirusa yalnız yaşlılar deyil, hər yaşda olan insan yoluxa bilər. Bununla belə, virusun yaşlı insanlarda, xüsusən də astma, diabet və ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkən şəxslərdə daha təsirli olduğu müşahidə edilir.

2) Koronavirusun qarşısını almaq və ya müalicə etmək üçün dərman varmı?

Xeyr, elə bir dərman hələ hazır deyil.

3) Sarımsaq yemək koronavirusun qarşısını almağın həll yoludur?

Sarımsağın bədəndəki mikroblara təsiri hər kəsə məlumdur. Lakin bu günə qədər aparılan araşdırmalar, onun koronavirusa qarşı təsirli olduğu barədə heç bir nəticə verməyib.

4) Xaş yemək koronavirusdan qoruyurmu?

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bununla bağlı rəsmi araşdırma aparılmayıb.

5) Antibiotiklər koronavirusa qarşı təsirlidirmi?

Xeyr, bakteriyaları məhv edə biləcək antibiotiklər viruslara qarşı təsirli deyil. Covid-19-da bir virus olduğu üçün müalicədə antibiotiklərdən istifadə edilmir.

6) Koronavirus insana ev heyvanlarından keçə bilərmi?

Evdə bəslədiyiniz it və ya pişik kimi ev heyvanlarının koronavirus ötürdüyünə dair heç bir dəlil yoxdur. Virusun bu heyvanlarda görünməsi, yoluxacağınız mənasını vermir. Ancaq belə bir ev heyvanı ilə hər hansı təmasdan sonra əlləri su və sabunla yumaq məsləhətdir.

7) Əlləri qurutmaq üçün istifadə olunan havalandırıcı koronavirusu öldürürmü?

Xeyr. Əl qurutma maşınlarında belə bir xüsusiyyət yoxdur. Virusun yeni növündən qorunmaq üçün əllərinizi spirt əsaslı təmizləyicilər, sabun və su ilə tez-tez yumaq lazımdır. Əllərinizi birdəfəlik istifadə olunan kağız dəsmallarla yaxşıca qurutmağınız tövsiyə olunur.

8) Termovizor yoxlanışı koronavirusu müəyyən etmək üçün nə qədər effektlidir?

Bu sualın cavabı xəstəliyin mərhələlərinə görə dəyişir. Bu aparatlar qızdırması olan insanları müəyyən edir. Ancaq qızdırma infeksiyaya yoluxduqdan 2-3 gün sonra yaranır. Belə hallarda aparatlar virusu müəyyən edə bilmir.

9) Çindən gələn karqo və məktublardan koronavirusa yoluxmaq mümkündür?

Xeyr. Ümumdünya Səhiyyə Təşkilatının təhlili göstərir ki, Çindən göndərilən bağlama və məktublar koronavirus riski daşımır. Bunun əsas səbəbi, virusun əşyaların üzərində uzun müddət yaşamamasıdır.

10) Sətəlcəmə qarşı vurulan peyvənd koronavirusa qarşı təsirlidirmi?

Xeyr. Belə vaksinlər koronavirusa qarşı təsirli deyil.

11) Əgər virusa yoluxmaq istəmiriksə, nə etməliyik?

– Siqaret çəkməyin

– Ənənəvi müalicələrdən rəsmi sübut olunmadan istifadə etməyin

– Üst-üstə maska taxmayın

– Antibiotiklərdən həkimin icazəsi olmadan istifadə etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir