batareya

Niyə batareyaları hara gəldi atmaq olmaz?

Baxış sayı: 2. 293

Gündəlik həyatda tez-tez istifadə etdiyimiz batareyalar düzgün istifadə edilmədikdə və hara gəldi atıldıqda ətraf mühitə, sağlamlığıza böyük zərər verir. Ekspertlər bildirirlər ki, köhnə batareyaları hara gəldi atmaq, xüsusilə də uşaqlara oynamağa vermək olmaz.

Batareyaların tərkibindəki kimyəvi maddələr torpağa, suya, havaya qarışaraq, canlıların xəstələnməsinə və zəhərlənməsinə səbəb olur. Köhnə batareyalar istifadədən sonra xüsusi qutulara atılmalıdır. Xarici ölkələrdə bu üsul geniş tətbiq olunur.

Ekoloq Telman Zeynalovun  bildirdiyinə görə, müxtəlif texniki avadanlıqlarda, oyuncaqlarda belə işlədilən batareyaların hamısının tərkibi zərərlidir. Onların tərkibində turşudan savayı əlvan metallar da çoxdur: “Batareyaları hara gəldi, necə gəldi atmaq olmaz! Adi bir batareya ətraf mühitə düşəndə bir kvadratmetrlik torpağı zəhərləyir. Milyardlarla batareyalar var, bu cür atılır. Bizdə onları təkrar emal etmirlər”.

Onun fikrincə, Azərbaycan tullantıları lazımi qaydada emal etsə, dünyada analoqu olmayan ən varlı dövlətlərdən birinə çevrilər. “Təkrar emalda əlvan metallardan yenidən batareya düzəltmək olur. Batareyaların tərkibindəki turşulardan başqa şeylər istehsal etmək olar”.

Zeynalov bildirib ki, batareyalara oyuncaqlarda tez-tez təsadüf edilsə də, onları qətiyyən uşaqlara vermək olmaz, belə ki, batareyalar zəhərdir.
Xarici ekspertlər bildirirlər ki, batareyalar sink, manqan, litium, dəmir, nikel, kobalt və başqa kimyəvi maddələrdən istehsal olunur. Bu batareyaların təsadüfi zibilliyə atılması, birbaşa və ya bilavasitə olaraq alıcı mühitə verilməsi ətraf aləm baxımından böyük təhlükələr yaradır. Metallar torpağa və oradan da yeraltı sulara qarışa bilər. Ən başda torpaq istifadə edilməz hala gələr və metalların yaratdığı su çirkliliyi sudakı ekosistemi alt-üst edir. Təsirlənən yalnız su ekosistemi deyil, əslində bütün ekosistemdir. Zamanla bu təsirlər insanlar üzərində də görülür. Tullantı batareyaların səbəb olduğu xəstəliklərdən başlıcaları, nevroloji pozğunluqlar, mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləridir. Batareyaların içindəki bütün maddələrin zərəri bəzən öldürücü dərəcəyə çata bilir. Maddələr daha əvvəl də ifadə edildiyi kimi torpağa qarışaraq heyvanların yediklərindən, ya da sulardan insan bədəninə qarışır. Batareyalar torpağı istifadəsi mümkünsüz hala gətirir.

Sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bundan başqa, bədənə alınan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı aparılan tədqiqatlarla müəyyən edilib. Civə konsentrasiyasının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızarıqlığa və yaralar meydana gəlməsi ilə gözlərin zərər görməsinə səbəb ola bilər. Civə təbiətdə pozulmaz. Civə və civə birləşmələri insanlar və ətraf sağlamlığı baxımından çox təhlükəlidir. Axan batareyadakı civə sürətlə dəri və ya tənəffüs yolu ilə bədənə girə bilər.

İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə eşitmə pozğunluğu, mərkəzi sinir sisteminin pozulması və xərçəngə, böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına gətirib çıxarır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun dediyinə görə, bərk məişət tullantılarının utilizasiyası ilə bağlı dünyada böyük proseslər gedir: “Batareyalar, o cümlədən avtomobilin akkumulyatorları, avtomobil şitləri ətraf mühiti sürətlə çirkləndirən və yüz illərlə ətraf mühitdə həll olunmayan ciddi ekoloji çirklənmə yaradan mallardır. Təəssüf ki, bu cür mallar, eləcə də, batareyalar düzgün təşkil olunmuş halda əhalidən yığılmır. Batareyaların tərkibində zəhərli maddələr ətraf üçün təhlükəlidir. Batareyaları küçəyə atmaq olmaz. Yaxşı olar ki, batareyalar bərk tullantı kimi ayrıca zibil qutularına atılaraq yığılsın”.

Oyuncaqlarda da bu batareyaların olmasına və uşaqların da onlara maraq göstərməyinə gəlincə, Hüseynov bildirib ki, uşaqlar batareyalara toxunmasalar yaxşıdır: “Batareyaları hara gəldi atmaq olmaz. Batareyalar qırıla və uşaqları tədricən zəhərləyə bilər”.

Aynurə MƏMMƏDOVA




1 şərh “Niyə batareyaları hara gəldi atmaq olmaz?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir