karantin

Niyə karantin rejiminə əməl etmirik?

Baxış sayı: 916

Artıq bir müddətdir ki, karantin qaydalarında ciddi yumşaldılmalar edilib. Düzdür, bu hələ pandemiyanın bitdiyi anlamına gəlməsə də, bəzi insanlar artıq bunu o formada qəbul edir. Ticarət mərkəzlərində olan insan sayı həddən çoxdur. Restoranlar, kafelər ağzına kimi doludur. İctimai nəqliyyatda sosial məsafə qaydaları pozulur, insanların çoxu maska taxmaqdan könüllü şəkildə imtina edir. Bunun nəticəsidir ki, yoluxma sayında yenidən artımlar müşahidə olunmağa başlayıb.

Bəs görəsən niyə bu qədər laqeyd və məsuliyyətsiz davranırıq? Məgər canımızı çöldən tapmışıq? Öz sağlamlığımızı özümüzdən çox kim qoruya bilər axı?

 

Həkim-terapevt Məlahət Abbasova deyir ki, sərt karantin rejiminə uymayan insanlar məsuliyyətsiz insanlardır: “Koronavirusla bütün dünyada mübarizə aparılır. Sərt karantin rejimi təkcə bizdə tətbiq edilmir. Təəssüf ki, insanlarımızın çoxu bu qayda-qanunlara qarşı xüsusi aqressiya göstərir. Yumşaldılmadan sonra cəmiyyətin böyük hissəsi sosial məsafə qaydasını pozaraq kafe-restoranlarda sıx toplanır. Ticarət mərkəzlərində insan əlindən tərpənmək olmur. Heç kim bunun sağlamlığımız üçün nə dərəcədə təhlükəli olmasını dərk etmək istəmir. Dövlət bu qayda-qanunu bizim sağlamlığımızı düşünərək tətbiq edir. Bütün bunlar əslində iqtisadi olaraq dövlətə ziyan vurur. Yəni bütün bunlar havayı başa gəlmir. Ona görə də hamımız bir nəfər kimi qaydalara riayət etməliyik. Vacib olmadıqda, evdən çıxmaq lazım deyil. Məqsəd virusun yayılma arealını daraltmaqdır. Məsuliyyətsiz insanlar həddən çoxdur. Elə insanlar var ki, adam onları görəndə dəhşətə gəlir ki, necə belə məsuliyyətsiz və arxayın olmaq olar. Elələri də var ki, virusun olduğuna ümumiyyətlə inanmır. Virus olmasa ÜST pandemiya elan etməzdi. Əlbəttə ki, koronavirus var. Bu, immun sistemi zəif olan insanlar üçün xüsusilə təhlükəlidir. Yoluxanlar arasında 60 yaşdan yuxarı şəxslər mübarizə apara bilmir. Onlarda ağciyər çatışmazlığı ölüm hallarına səbəb olur. Bir həkim kimi bu hallar məni çox narahat edir. Bəlkə də bu, anti-təbliğatla müqayisədə təbliğatın daha zəif olması ilə bağlıdır. Hər bir təşkilatda, hər bir müəssisədə bu qaydalara mütləq şəkildə əməl olunmalı, maariflənmə işi aparılmalıdır. Hər kəs şəxsi gigiyena qaydalarına mütləq şəkildə əməl etməli, vacib olmadıqda evdən çıxmamalıdır. Əllər tez-tez yuyulmalı, tez-tez dezinfeksiyaedici maddə ilə təmizlənməlidir. Marketdən alınan məhsullara diqqət edilməli, meyvə-tərəvəz təmiz yuyulmalıdır. İnsanlarla sosial məsafə saxlanılmalı, cəmiyyətdə olduğumuz zamanı maska taxılmalıdır. Karantin yumşaldılandan sonra hamı kafelərə, restoranlara axışdı. Belə bir dövrdə nə məcburdu axı? Həftəsonu qoyulan sərt karantin rejimini pozan insanlar var idi. Bu hadisələr mənə çox pis təsir etdi. Biz sağlamlığımıza qarşı belə laqeyd olmamalıyıq”.

 

Sağlam Toplum İctimai Birliyinin sədri Lalə Mehralı deyir ki, iki ay müddətində evdə oturan insanların artıq səbri daşıb. Hamı əvvəlki həyatı üçün darıxır. Buna görə də karantin rejiminin qaydalarını pozanların sayı da artır: “Karantin qaydaları yumşaldılandan sonra hamı müxtəlif kafelərə, restoranlara və ticarət mərkəzlərinə axın etməyə başladı. Düzdür, qapalı məkanlarda olmaq virusun yayılması baxımından çox risklidir. Amma açıq havadakı restoranlarda qiymətlər də çox bahadır. Məsələn, bulvarda yerləşən restoranlarda qiymətlər həddən artıq bahadır. Ona görə də insanlar qapalı ticarət mərkəzlərinə üz tutur. Digər tərəfdən, insanlar iki aydır evdə oturmaqdan bezib. Hər kəs cəmiyyətə qarışmaq, sosiallaşmaq istəyir. Hamı keçmiş həyatı üçün darıxıb. Elə insan var ki, izdiham içərisində olmaqdan zövq alır. Bir qisim insan isə virusun olduğuna ümumiyyətlə inanmır. Onun nə qədər təhlükəli ola biləcəyini əksər insan qəbul etmək istəmir. Şəhərdə ictimai nəqliyyatda insanların çox az bir qismi maska geyinir. Təqribən hər 10 nəfərdən yeddisi maskasızdır. İnsanlar təhlükəli vəziyyət yaratdıqlarının fərqində deyil. Fərqində olanlar isə etinasız davranır. Amma biz təkcə özümüzü düşünməməliyik”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir