maska

Niyə tibbi maskalardan istifadə etmirik?

Baxış sayı: 1. 678
“Ömrümdə bircə dəfə tibbi maskadan istifadə etmişəm. Onu da “quş qripi” yayılanda. Çünki qorxurdum ki, mənə də düşər. Amma etiraf edim ki, özüm qrip olanda başqasını yoluxdurmamaq üçün maskadan istifadə etmək ağlıma da gəlmir”. Bunu bizimlə söhbət zamanı Elgün Abdullazadə bildirdi. O, etiraf etdi ki, heç maskadan istifadə etməyin faydaları barədə xəbəri yoxdur.
Mövsüm dəyişikliyi ilə əlaqədar bəzi viruslar və xəstəliklər fəallaşmağa başlayıb. Xəstəliklərə yoluxmamaq və yoluxdurmamaq üçün bir sıra qoruyucu vasitələrdən istifadə edilir. Bu vasitələrdən biri də tibbi maskalardır. Amma təəssüflər olsun ki, bir çoxları maskadan istifadəyə barmaqarası baxır. Tibbi maskaların əhəmiyyəti nədir? Bu maskalardan istifadəni insanlara aşılamaq üçün nə etməliyik? Suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə müraciət etdik.
 
Tibbi maskalardan istifadəyə kompleks...
Məsələni ilk olaraq tibb üzrə ekspert, professor Adil Qeybulla ilə müzakirə etdik. O bildirir ki, tibbi maskalar virusların nəfəs yoluna düşməsini əngəlləyir. “Yəni maskalar kifayət qədər qoruyucu statusa malikdir. Təbii ki, düzgün taxılıbsa… Bu maskaları taxarkən qətiyyən kompleksə düşmək lazım deyil. Ümumiyyətlə yaxşı olar ki, ictimai nəqliyyatdan istifadə edərkən və ya yeraltı keçidlərdə bu maskalardan istifadə edilsin. Çünki yer altında havalandırma sistemi aşağı səviyyədə olduğundan maskalardan istifadə məqsədəuyğundur. Təəssüflər olsun ki, insanların əksəriyyəti tibbi maskalardan istifadəyə kompleksli yanaşır, amma bu düzgün deyil. Xəstə adamın olduğu yerlərdə bu maskalardan istifadəyə xüsusi diqqət etmək lazımdır. Virusların hava ilə yayıldığını nəzərə alsaq, bu zaman xəstəliyə yoluxmaq qaçılmazdır. İnsan həm özünü qorumaq, həm də xəstəliyin başqa adamlara keçməməsi üçün buna diqqət etməlidir”.
 
Klinikaların reklamındansa...
Həkim bu tip qaydalara riayət etmək üçün insanların maariflənməsinə ehtiyac olduğunu deyir. Həmçinin vurğulayır ki, bizdə tibbi maarifləndirmə işini kütləvi informasiya vasitələri zəif aparır. Xüsusilə də, elektron KİV-lər bu məsələdə passivdirlər: “Klinikaların reklamındansa, yaxşı olar, bu tip mövzuları daha geniş araşdırıb, mütəmadi olaraq əhalini bilgiləndirsinlər. Əsasən də mövsüm dəyişikliyi zamanı nəinki viruslarda fəallaşma olur, eyni zamanda bir sıra “yatmış” xəstəliklər də özünü büruzə verir. Ona görə bu dönəmlərdə maarifləndirmə işi güclü və intensiv aparılmalıdır. Tibbi maskalardansa bir dəfə istifadə olunması daha yaxşı olardı”.
 
İctimai mədəniyyət tələb edir ki…
Məsələnin cəmiyyətdəki əhəmiyyətini və sosial problem olduğunu nəzərə alaraq sosioloqun da münasibətini öyrəndik. Sosioloq Cavid İmamoğlu qeyd edir ki, maskadan istifadə etmək və ya etməmək insanın sosial düşüncəsinin göstəricisidir. “Tibbi maskalardan istifadə həm də sosial mədəniyyətin bir nümunəsidir. Əgər insan xəstələndiyi təqdirdə, ətraf aləmi, uşaqları, dostlarını, iş yoldaşlarını, yaxınlarını nəzərə almayaraq maskadan istifadə etmirsə, deməli, bu insanın sosial dünyagörüşündə müəyyən boşluqlar var. Çünki qarşılıqlı münasibət deyərkən sadəcə, insanların ünsiyyət qurmağı deyil, həmçinin bir-birinə olan hörməti də nəzərdə tutulur. Yəni insan ətraf mühiti dərk etməlidir. Hansısa yayılan virusun daşıyıcısıdırsa, onu ətrafdakılara da yaya biləcəyini düşünməlidir. Bu baxımdan anlamalıdır ki, cəmiyyət içinə çıxanda, ictimai mədəniyyət tələb edir ki, tibbi maskalardan istifadə etsin”.
 
Sosial normalar, mədəni dəyərlər…
Müsahibimizin fikrincə, cəmiyyət gərək özü özünü tənzimləyə bilsin: “Yəni hər şeyi qanun-qayda, məmur müdaxiləsi və s. bu kimi yollarla tənzimləmək mümkün deyil. Müəyyən sosial normalar olmalıdır ki, bu tip məsələlərlə qarşılaşanda, artıq insanlar necə hərəkət edəcəklərini bilsinlər. Ümumiyyətlə, bizdə sosial təfəkkür, ictimai rəyi nəzərə almaq kimi problemlər mövcuddur. Əgər yaxşı cəmiyyət qurmaq istəyiriksə, insan əvvəlcə özünə, sonra qarşısındakı şəxsə hörmət etməlidir. Ona görə də hər kəs cəmiyyətdə ictimai normaları, mədəni dəyərləri nəzərə almalıdır”.
 
Lap kiçik yaşlarından aşılamaq…
Psixoloq Orxan Fərəclinin sözlərinə görə, maskalardan istifadə etmək tibbi etikanın bir hissəsidir. “İnsanlar nəinki tibbi maskaları, hətta göz eynəklərini belə, utanaraq istifadə edirlər. Baxmayaraq ki bu da sağlamlığı qorumanın və başqalarına zərər verməməyin bir yoludur. Düşünürəm ki, bu kimi vərdişləri insanlara kiçik yaşlarından aşılamaq lazımdır. Yəni uşaq erkən dövrlərdən başa düşsün ki, burada çəkinməli bir şey yoxdur. Əksinə, bu həm özü, həm də başqalarını qorumaq üçün lazım olan adi, qısamüddətli bir prosedurdur”.
 
 
Heç bir işə yaramır, xoşagəlməz görüntü…
Məsələnin əhəmiyyətini nəzərə alaraq sonda vətəndaşların da düşüncələrini öyrəndik. Fikirlər birmənalı olmadı. Bəziləri tibbi maskaların əslində heç bir işə yaramadığını, yalnız xoşagəlməz bir görüntü yaratdığını düşünürlər. Başqa bir qisim isə maskaların müxtəlif viruslardan qoruduğunu bilsələr də, kompleksli olduqları üçün istifadə etmədiklərini dedilər. Digərləri isə maskanın faydalarından xəbərdar olduqlarını və lazım gəldikdə, istifadə etdiklərini bildirdilər.
Həmsöhbətimiz Sevinc Babayeva qeyd edir ki, yalnız maska istifadə etməklə virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür. Ancaq qismən də olsa köməklik edir: “Tibbi maskalardan sərt öskürək və qrip olanda istifadə edirəm. Əlbəttə, maskalardan istifadə etsək, ətrafdakı insanlara zərər vermərik, xüsusilə də azyaşlılara. Çünki onların orqanizmi zəif olur və viruslarla mübarizə apara bilmir. Buna görə də xəstə olarkən ətrafda uşaq varsa, hökmən maskadan istifadə edilməlidir”.
 
Digər həmsöhbətimiz İlkin Həsənov isə bunun bir az da şəxsi gigiyena qaydaları ilə bağlı olduğunu düşünür. Onun fikrincə, gigiyena qaydalarına əməl edən hər bir kəs mövsümi xəstəliklər zamanı maskalardan yararlanmalıdır: “Bu, həm insanın özü, həm də virus daşıyıcısıdırsa, başqalarının qorunması üçün şərtdir”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir