Qelyan

Niyə yeniyetməlik dövründə narkotik maddələrə, spirtli içkilərə, qəlyana meyl daha çox olur?

Baxış sayı: 1. 862

Yeniyetmələrin əlinə bir az pul düşən kimi qəlyanxana, bar, diskotekaya can atırlar. “Gəl gedək qəlyana, canlı yayıma da qoşulaq” deyərək gülən yeniyetmə oğlanlar bu cür əylənməyi xoşlayır. İnsanlar arasında söz də gəzir ki, belə yerlərdə yeniyetmələri narkotik maddələrə alışdırırlar.

Bakı sakini Natiq Babayevin sözlərinə görə, bəzi qəlyanxanalarda, barlarda narkotik tərkibli maddələr satılır: “Əsasən də yeniyetmələr buna alışdırılır. Bu asılılıq sonrakı dövrlərdə daha kritik həddə çatmağa başlayır. Belə yerlərdə müəyyən uyuşdurucu maddələr satanlar da olur”.

Qeyd edək ki, qəlyanxanalarda qəlyana narkotikin əlavə edildiyini deyənlər də var. Bu, məhz qəlyandan asılılığı artırmaq, müştərilərin sayını çoxaltmaq və daimi etmək üçün icra edilir.

“Lavanda çay evi”nin administratoru Eşqin Cəfərovun bildirdiyinə görə, çay evlərinə, qəlyanxanalara gəlmək istəyən yeniyetmələr çox olur: “18 yaşa qədər olanlar çay evinə gəlsələr də, onlara spirtli içki və qəlyan vermirik. Hətta elə yeniyetmələr olur ki, yaşının 18-dən yuxarı olduğunu deyir. Amma şəxsiyyətini təsdiq edən sənədi göstərmədikdə, biz onlara qəlyan vermirik”.

Cəfərov deyir ki, yeniyetmələrdə qəlyana xoş, müxtəlif aromatlarına görə meyl yaranır: “Hər kəs fərqli düşünür. Fərqli səbəbə görə qəlyan çəkmək istəyir”.
O bildirib ki, yeniyetmələrin qəlyanxanalarda narkotik maddələrə alışdırılması cəfəngiyyatdır. Dediyinə görə, bəzi çayxanalarda, qəlyan evlərində “canlı yayım” deyilən yeni üsulla da müştəriləri cəlb edirlər. Bu, “instaqram”da yeni funksiyanın hesabınadır.

Psixoloq Vəfa Rəşidovanın dediyinə görə, yeniyetməlik dövründə narkotik maddələrə, spirtli içkilərə, qəlyana, qəlyanxanalara meyl daha çox olur: “Yeniyetməlik yaş dövrü kritik yaş dövrüdür. O yaş dövründə hər bir yeniyetmə özünü təsdiq etməyə çalışır. Yeniyetmə bu dövrdə düzgün istiqamət almayanda pis yola düşür. Açıq desəm, bəzi valideynlər yeniyetmələrlə söhbət etmir, onlarla hər mövzuda danışmırlar. Valideynlər elə zənn edirlər ki, yeniyetmə özü hər şeyi başa düşür. Əslində bu, düzgün deyil. Valideyn hər mövzuda onlarla danışmalıdır”.

Rəşidova bildirir ki, ailədə böyüklərdən kimsə pis vərdişlərə aludə olubsa, yeniyetmə ondan nümunə götürə bilər: “Məsələn, dayı və ya ata pis vərdişlərə meyllidirsə, narkotik istifadəçisidir, spirtli içkidən asılılıqdan əziyyət çəkirsə, yeniyetmə onu obraz olaraq nümunə götürə bilər. Əgər ailədə belə bir mənfi obraz varsa, bununla bağlı yeniyetmə ilə maarifləndirmə işləri aparılmalıdır. Bunu qabartılı şəkildə etmək olmaz. Bəzən valideyn o qədər belə şeyləri qadağan edir ki, yeniyetmədə özündən asılı olmadan buna meyl yaranır. Yeniyetmə düşünməyə başlayır ki, görəsən bu nədir ki, anam bundan bu qədər qorxur. Onda həmin qadağa olunmuş məsələyə maraq yaranır. Təbii ki, yeniyetmədə şüuraltı meyl yaranır”.

V.Rəşidova hesab edir ki, qəlyanxana, bar, diskoteka, çay evləri yeniyetmələrin narkotik maddələrə meyl etməsində əsas rol oynamır. Pis vərdişlərə meylin kökü ailədən gəlir. Narkotik maddələrə meyl edən yeniyetmələr özgüvənsizlik hissini çox yaşayır. “Lakin yeniyetməlik dövründə özgüvən hissinin aşağı olması normal hal kimi də dəyərləndirilir. Özgüvənsizlik olduğu təqdirdə yeniyetmə özünü təsdiq etməyə başlayır. Özünü təsdiqdə yanlış yolu seçənlər olur. “Öz seçimimi edə bilirəm”, “İstədiyim kimi yaşaya, əylənə bilirəm”. Burda problem ondadır ki, evdə daha çox danlanılan, döyülən yeniyetmələr bu yolla gedirlər. Hədsiz dərəcədə utancaq yeniyetmələr özlərini daha rahat, sərbəst hiss etmək üçün narkotik maddələrə meyl edir. Öz komplekslərini aşmaq üçün də pis vərdişləri çıxış yolu kimi görən yeniyetmələr var”.

Həmsöhbətimizin sözlərinə görə, yeniyetməlik dövründən başlayan bu meyl bütün ömrü boyu həmin şəxsləri izləyə bilər: “Onun yeniyetməlik yaş dövründə alışdığı bir həyat, təbii ki, onu sonrakı yaş dövrlərində buraxmayacaq. Yaşlanana qədər bu asılılıqdan əl çəkməyəcək. Yeniyetmə pis yola düşübsə, valideyn ona bu çətinlikdən qurtarmağa kömək etməlidir”.

Psixoloq Mehriban Mütəllimova bildirir ki, cins, sosial-iqtisadi səviyyə, şəxsiyyət, ailə strukturı kimi faktorların yanında məktəb müvəffəqiyyətində düşmə və məktəb qaydaları ilə zidd düşən, problemli şagird olaraq adlandırılan qrupdakı gənclərdə maddə istifadəsi baxımından qüvvətli risk daşıyırlar. Ətrafda, aləmdə özlərini tamamlamayan bu gənc insanlar narkotik ilə rahatca tanış olurlar. Əvvəlcə özlərinə pulsuz təqdim edilən maddəni istifadə etməyə başlayan bu insanlar daha sonra bunları yoldaşlarına da satmağa başlayırlar. Bunun yanında əyləncə məzəsi olaraq son illərdə istifadəsi sürətlə artan narkotiklər məktəb çağı gəncləri üçün tələyə düşmələrinə təqdim edilən yemlərdir. Çay evlərində, gənclərin getdiyi  əyləncə mərkəzlərində daha çox rast gəlinən haldır. Və ən əsas səbəb narkotik vasitələrinə əyləncə vasitəsi kimi baxmalarıdır. Narkotik vasitələrinin ticarəti ilə məşğul olan şəxslər şirnikləndirici vədlər vərərək gənclərin həyatını zəhərləmiş olurlar. “Əlbəttə ki, hər çay evinə, belə əyləncə mərkəzlərinə gedən gənc narkotik maddə istifadə edəcək deyə bilmərik. Bu, gənclərin xarakterindən, şəxsi keyfiyyətlərindən daha çox asılıdır. Enerji, xoşbəxtlik həbi kimi reklamı edilən bu narkotiklər əyləncə mühitlərində gənclər tərəfindən bir vəsait olaraq rahatlıqla istifadə edilir. Gənclər bu maddələrin təsirlərinin müvəqqəti olduğunu, enerji verdiyini və zehin açdığını səbəb gətirərək özlərini müdafiə edirlər”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir