ortaq

Niyə ORTAQ olmalıyıq və ortaq seçərkən nələri nəzərə almalı?

Baxış sayı: 2. 162

İnsanın sosial bir varlıq olaraq bütün həyatı müxtəlif cür ortaqlıqlarla doludur. Amma ortaqlıq deyərkən ağlımıza ilk gələn şey şübhəsiz iş ortaqlığıdır. Sual yaranır ki, niyə məhz ortaqlı şəkildə işə başlamalı?

Səbəbləri çox ola bilər. Amma əsas olaraq iki səbəbə görə: sərmayə yetərsizliyi və iş təcrübəsi məsələsinə görə insanlar ortaq olmaq istəyirlər. Ortaqlıqlar əksər hallarda yaxın dostluq və ya əqraba münasibətləri fonunda başlayır. Ancaq maraqlıdır ki, bu cür ortaqlıqların ömrü adətən qısa olur. Ona görə ki, ortaq seçərkən zəruri olan ortaqlıq kriteriyalarına görə yox, münasibətlərə görə qərar verilib. Belə ortaqlıqlardan uzun ömürlü meyvə verən olsa da, bu daha çox ortaqlardan heç olmasa birinin yüksək təhsilli olmasından və münasibətlərlə iş prinsipləri arasındakı sərhədlərin düzgün müəyyənləşdirilməsindən qaynaqlanır.

Bir çox hallarda da kiçik müəssisələr bazar böyüdükcə, rəqabət şərtləri ağırlaşdıqca iki seçim qarşısında qalırlar: ya bir ortaq tapıb işi böyütmək, ya da işi bağlamaq. Bu, mənim öz iş həyatımda yaşadığım bir təcrübədir. Belə halda təbii ki, üzərinə çox əmək qoyduğun işi gözdən çıxartmaq düzgün addım olmaz. Ya eyni profilli başqa bir şirkətlə birləşəcəksən, ya da sərmayəsi olan bir ortaq seçəcəksən. “Seçəcəksən” yazdım, ona görə ki, ortaq da seçərkən bir çox nöqtəyə diqqət etmək lazımdır:

– Ortağın bu işdə təcrübəsi varmı?

– Bu işin harasında yer alacaq?

– Kimin səlahiyyəti nə olacaq?

– Onun xarakteri bu ortaqlığı davam etdirməyə uyğunmu və s.

Bu axırıncı nöqtəyə diqqətinizi xüsusilə çəkmək istərdim. Əgər bir namizəddə ortaqlıq mədəniyyəti yoxdursa, digər bütün kriteriyaları bir kənara qoymaq lazımdır. Birincisi, ortaqlığın əslində ən böyük faydası olan qərar mexanizmi işləməyəcək. Ikincisi isə ortaqlıqda güvənmək əsasdır.  Əgər ortağınız sizə güvənməyib tez-tez şübhələnəcəksə, bu sizin əhval-ruhiyyənizə pis təsir edəcək və motivasiyanızı aşağı salacaq.

İş bölgüsü və səlahiyyətlərin də dəqiq müəyyənləşməməsi ciddi sıxıntılara yol açar. Bəlkə ilk başda münasibətlər problemsiz görünər, amma kimin nə zaman, hansı qərarları verə biləcəyi dəqiq deyilsə, ortaqlıq problemləri ən qısa vaxtda özünü biruzə verər.

Düşünürəm ki, qurulan ortaqlıq hər halukarda çox faydalıdır. Bu şərtlə ki, psixoloji faktorların hamısı bir kənara qoyulub iş profesionallıqla ələ alınsın. Ona görə faydalıdır ki,  bu, işə daha fərqli aspektlərdən yanaşmaq və daha sağlam qərarlar almaq imkanı verir.

Bunu anlamaq üçün bir misal verək. Düşünün ki, insanın tək gözü olsa idi nə olardı. Şübhəsiz, yenə görəcəkdi, amma ətraf aləmi müstəvi olaraq hiss edər, üç ölçülü görməzdi. Başqa sözlə, dərinliyi hiss etməzdi. Eləcə də insanın qulağını düşünün. Tək qulaqla yenə eşidərdi, amma istiqaməti çox vaxt təyin edə bilməzdi. Ortaqlığı da bu cür anlamaq olar.

Sənin ağlına gəlməyəni şərikin düşünə bilir. Bazarı daha dərin analiz edə bilirsiniz, fürsətləri daha tez görmə şansınız olur. Birinizin diqqətindən qaçan problem şərikinizin diqqətini çəkər. Qısacası, bir-birinizin iş həyatındakı tamamlayıcısı kimi olursunuz. Şərikliyin başqa bir faydası odur ki, iş yükünüz azalır, gecə-gündüz işi düşünmək məcburiyyətində qalmırsınız. Ortaq müəyyən elədiyiniz çərçivə daxilində ortağınız da başqa işlərinizi təqib edir, fiziki və psixolojik yorğunluqdan qurtulursunuz. Bu isə sizin daha sağlam və məhsuldar düşünməyinizə gətirib çıxarır.

Eləcə də ortaqlıq daha sosial və rəngli bir həyat deməkdir. Yuxarıda bəhs etdiyimiz iş yükünün azalmasının bir nəticəsi olaraq artan vaxtınızı ailənizə və digər sosial fəaliyyətlərə ayıra bilərsiz. Monoton bir həyatdan rəngli bir həyata keçərsiniz. Səyahətlərə çıxmaq imkanınız olur, seminarlarda, treyninqlərdə iştirak edə bilirsiniz. Yeni iş fürsətlərini görə bilirsiniz.

Elsevər ALIZADƏ

“Decoluxe” Mebel Şirkətinin rəhbəri

Elsevər ALIZADƏ “Decoluxe” Mebel Şirkətinin rəhbəri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir