novruz

Novruz gizlinləri və unudulan ayinlər

Baxış sayı: 1. 865

Bahar təbiətin qiyamıdır, oyanır, özünü əvvəlcə tanıtdırmağa, daha sonra sevdirməyə çalışır.  İnsanların ruhuna hakim kəsilir, baharın gəlişi ilə evlərə də, ruhlara da yeni nəfəs gəlir. Qədimlərdən bəri Novruzu özünəməxsus qarşılayıb, yola salmağa, daha bir bahara qədər yolunu gözləməyə səbirli olan insanlar üçün bu günlər həyatın yeni bir başlanğıcıdır. Yaşamaq və yaşatdırmaq üçün olan gözəl bir başlanğıc.

 

Küfdibi mərasimi tarixə qovuşur

Bu gün Novruz bayramı xüsusi təmtəraqla qeyd olunmasına baxmayaraq uzun illərin, əsrlərin sınağı bəzi bayram adət – ənənələrini, ayinlərini tarixin görünməyən səhifəsində gizlədib. Bunlardan biri də Novruz günlərində keçirilən “küfdibi” mərasimidir. Bu mərasimin mahiyyəti bayramı qeyd edən insanların bir yerdə toplaşaraq bayramı daha xoş keçirməsi, bayramlaşmasından ibarətdir. İndi də Azərbaycanın bəzi bölgələrində ağacın budaqlarından asılmış yelləncəkdən, yəni küfdən uşaqların əyləncəsi kimi istifadə olunur. O cümlədən də Güney Azərbaycanda küf əyləncə növü kimi bəzi bölgələrdə hələ də qalmaqdadır. Novruz bayramı günlərindəki küfdibi mərasimi cavan qızların, gəlinlərin, bəzən oğlanların da yelləncəkdə yellənərək mahnı oxuması, deyişərək şənlənməsidir. Bayram günü qızlar, oğlanlar, gənc ruhlu insanlar bir yerə toplaşar, deyər -gülər, müxtəlif oyunlar oynayarlardılar. Növbəti ilin uğurlu və təmiz keçməsi üçün bir-birilərinin üstünə su tökərdilər. Su aydınlıq rəmzi olduğundan üzərinə su atılan şəxs bundan qətiyyən inciməz, əksinə Novruz ayininin yerinə yetirilməsi ilə yeni ilin daha xeyir-bərəkətli olcağına inanardı. Bir-birinin üstünə su atmaq adəti də əsasən küfdibi mərasimlərinin tərkib hissəsi hesab olunardı. Bu mərasimə gələnlər suya qonaq ediləcəklərini bilsələr də bunun qarşısını almaq üçün heç bir xüsusi tədbir görməzdilər. Çünki su aydınlıq rəmzidir. Ancaq təəssüf ki, hazırda küfdibi mərasimi Novruz mərasimləri sırasında az-az hallarda icra olunur. Ancaq bununla belə hazırda məsələn, Şəkidə Novruz bayramına hazırlıq çərçivəsində ağacdan yelləncək asmaq adəti yaşadılır. Axır çərşənbədən həyətdəki ən yaşlı və dözümlü ağacdan asılan yelləncək (küf) təkcə uşaqların yox, həm də yaşından asılı olmayaraq hər kəsin ağırlığını atmaq üçün vasitə hesab edilir.

 

Vəsfi haldan zorxanaya

Novruzun unudulan mərasimlərindən biri də ilin axır çərşənbəsində icra edilən “vəsf hal” mərasimidir. Folklorşünasların dediyinə görə, “vəsf hal” mərasimində iştirak edənlər aralığa eldə “dilək dası” adlanan su ilə dolu bir badya qoyardılar. Falda iştirak edənlər öz nişanələrini ora atır, sonra bayatı çağıraraq o nişanələri çıxarıb yozurlar. Bu gün bəzi folklor qruplarını çıxışlarında “vəsfi hal”a rast gəlinsə də, bu mərasimin icrasından daha çox həmin mərasimin ara-sıra da olsa xatırlanması məqsədi daşıyır. Novruzun bir digər adəti də zorxanalardı. Müasir dövrümüzdə yavaş-yavaş unudulan zorxanalara bəzi bölgələrdə hələ də rast gəlmək mümkündür. Bu zorxanalar zamanı müxtəlif yarışlar təşkil edilir, at üstündə, qılıncla oyunlar keçirilir. Təbii ki, qaliblər sonra müxtəlif bayram hədiyyələri ilə mükafatlandırılırlar. Zorxana həm bayrama rəngarənglik qatır, həm də güclüləri müəyyənləşdirərək onların növbəti bayrama qədər qalib adını daşımasına səbəb olurdu. Qaliblərə xüsusi hörmət edilər, onlar ya növbəti ildə keçirilən bayram şənliklərində iştirakçı olub qələbələrini qorumağa çalışar, ya da bu dəfə yarışçılar yox, qiymətləndirənlər arasında olardılar.

 

Kasa çalmaq – bayramın daha bir unudulan ayini

Qaşıqla kasa çalmaq axır çərşənbə ilə əlaqədar adətdir. Bu adət qədim əkinçi tayfalarının biri digərindən əkin üçün toxumluq dən nümunələri toplamaq adətini xatırladır. Hava qaraldıqdan sonra əsasən gənclər qohumların, tanışların qapılarına gedib əllərində saxladıqları qabı qaşıqla vurub səs salardılar. Ev sahibi səsi eşitcək qapıya çıxıb içəri uzadılan qaba pay qoyur. Pay üçün şirni, quru meyvə, bəzək şeyləri qoyulurdu. Pay toplayan nə özünü göstərir, nə də danışırdı. Əgər o, danışsaydı, pay verən bu hərəkəti pis adət sayardı.

 

Şal sallamaq – qədim elçilik adəti

Novruzun gözəl adətlərindən biri olan “qurşaqatma” isə hazırda “papaqatma” adı ilə daha geniş yayılıb. Adətin mənşəyinə gəlincə, bir sıra alimlər onu qədim əkinçi tayfalarının bir-birindən əkin üçün toxumluq dən nümunələri almaları ilə əlaqələndirirlər. Başqa mülahizələrə görə, “qurşaqatma” qurbanverilmə adəti ilə bağlıdır. Bəzi mütəxəssislər bu adətin əsasının qurbanverilmə adəti ilə bağlı olduğunu bildirirlər. “Şal sallamaq” adəti subay gənclər tərəfindən icra olunan “qurşaqatdı”, “papaqatdı” və s. mərasim ayinlərinin eyni olsa da bəzi fərqlər var. İndi icra olunan papaqatma mərasimi əsasən uşaqların əyləncəsidir və evlərdən bayram payı toplamaq məqsədi daşıyır. Ustad Şəhriyarın “Heydərbabaya salam” poemasında təsvir etdiyi şal sallamaq adəti isə mahiyyətcə fərqlidir. Axır çərşənbə axşamı onlar gənclər bel şalı, örpək, kələğayı götürüb sevdikləri qızların evlərinə gedirdilər. Onlar şalı bacadan, damdan, pəncərədən həyətə, evə sallayardılar. Əgər qızın ata-anası razı olardısa, şalı və ya kələğayını onun belinə, bəzi yerlərdə qoluna bağlayırdılar. Razı olmasalar dəsmala şirni qoyub geri qaytarardılar.

 

Səməni xonçası – sənıq qəlbləri ovundurmaq

Novruz bayramı günlərində dünyasını dəyişənlər və onların bayramı hüznlə qeyd edən yaxınları da unudulmazdı. Ağsaqqallar evində hüznü olan, bayram keçirə bilməyən adamların qapısını döyüb, onlara səməni xonçası aparardılar. Səməni xonçasında göyərdilmiş səməni, bəhməz, meyvə, noğul qoyulardı. Səməni xonçasını aparanlar boynuna keçirdiyi torbadan həyətdə oynayan uşaqlara qoz-fındıq, yumurta, kişmiş, qovurğa verərdilər. Bu adətin məqsədi sınıq qəlbləri ovundurmaq, yasda olan insanların könlünü almaq idi.

 

Kömür, duz və qara pul

Novruz bayramı axşamı yandırılan tonqaldan xeyir -bərəkət istənilir. Novruz bayramı axşamı qonşular yaslı adamların həyərində tonqal yandırıb, onları “qara bayram”dan çıxarırlar. Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər: “Qoy odlu-ocaqlı olsunlar”. Axır çərşənbə gecəsi ərgən qızlar xeyli aralıdan arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını geriyə doğru atarlar. Əgər, ayaqqabının burnu qapıya tərəf düşsə,demək yaxın vaxtda toy olacaq. Bayramda bir neçə parça kömürü, bir ovuc duzu, bir-iki dənə də qara pulu bir kuzəyə qoyub damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlüyün, qara pul isə yoxsulluğun nişanəsidir. Onları kuzəyə qoyub atmaqda məqsəd qara gündən, acgözlükdən, yoxsulluqdan qurtulmaqla bağlıdır. Bu vasitə ilə yeni ildə daha xoşbəxt, firavan həyat yaşamağa çalışan insanlar üçün mənəvi aləm də olduqca mühüm idi. Məhz buna görə onlar duz tullamaqla insan xislətinə bəzən hakim kəsilən acgözlükdən xilas olmaq istəyirdilər. Ancaq indi bu qədim adət də unudulan ayinlər sırasına daxil olub.
Süfrəyə niyə balıq qoyulur?

İl təhvil olanda süfrəyə balıq qoyulur. Hətta bu gün də Güney Azərbaycanda bayram öncəsi küçələrdə balaca şüçə qablarda rəngbərəng bayram balıqları satılır. Bu balıqlar ailə üzvlərini sayına görə alınır və bayram süfrəsini bir tərəfində həmin “akvarium” qoyulur. Balıq qabın dibindən düz şaquli qalxıb suyun üzərinə burun vurunca ilin təhvil olduğu bilinir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir