nura suri

Nura Suri: “Birinci dəfə məmur gəlini olmuşam, ikinci isə bir ay çəkdi…”

Baxış sayı: 3. 206

“Gencaile.az” müğənni Nura Surinin Qafqazinfo-ya müsahibəsini ixtisarla təqdim edir.

 

– Üç dəfə ailə qurmusuz, niyə məhz Suri soyadını seçmisiniz? 

– İlk evliliyimdə bu soyadı seçmişəm. Övladlarımın soyadı mənim soyadımdır. İkinci ailə həyatım bir ay sürüb. Hər bir münasibətin bünövrəsində hörmət, sevgi olmalıdır. Amma biz çox əfsuslar olsun ki, qınaqdan qorxuruq. Və boşanandan sonra qorxuruq ki, adımıza söz çıxmasın. Həmin dövrdə mən yeni gəlmişdim. O qədər söz-söhbətlər var idi ki. Bugünkü gündə nə danışsalar, vecimə deyil.  Onda mən buna hazır deyildim. Bu səbəbdən ailə qurdum. Bu da mənim ən böyük səhvim oldu. İndiyənə qədər anlamıram ki, bunu niyə elədim. Mən bu adamı sevməmişəm. Heç bir ay sürmədi. Necə evləndik, elə də ayrıldıq. Çox gülünc bir şey idi. Yaxşı ki, mən bunu reklam eləmədim ki, mən ailə qurmuşam. Sonra yenidən sənətə qayıtdım. O vaxt canlı efirdə aparıcı idim. Gəldim dedim ki, yeni ailə qurmuşam və çatdıra bilmirəm. Həftədə bir dəfə televiziyaya gəlirdim, verilişlər çəkilirdi. Evə gələndə ayağım iflic olurdu. Bir günə beş veriliş çəkilirdi ki, həftə ərzində yayımlansın. Qalmışdım Bakı-Moskva yolunda. Yarı həyatım Moskvada keçirdi. Sonra David dünyaya gəldi. Biz ayrıldıq. Belə… Suri soyadına gəlincə isə artıq bu soyadla səhnəyə gəlmisənsə bitdi…

 

– Növbəti evliliyinizdə soyadınızın dəyişilməməsi yoldaşınız tərəfindən etirazla qarşılanmadı?

– Onda uşaqlarımı da problem edərdi, çünki soyadımdan başqa uşaqlarım var. Məncə, bunlar problem olmamalıdır. Ancaq yenə mentalitetə gedirsənsə, hə. Mənasız qınaqlar var. Mən yenidən dünyaya gəlsəm, yenə nədəsə səhvlər edəcəm. Amma bu səhvlərimlə, uğurlarımla, yəni hər şeylə bu yaşıma çatmışam. Yenidən həyata gəlmək şansım olsa, yeni həyatı yaşamaqda davam edərəm. Çünki səhvimi düzəltsəm, tamam fərqli bir şey olar. Həyat tamamilə dəyişər və başqa səhvlər ortaya çıxar. Uğur və uğursuzluq. Mən bunu yemək bişirəndə anladım. Mütləq uğursuzluq uğuru aparır. Uğura başqa cür getməyin yolu yoxdur. Uğursuzluqdan uğura getməlisən. Reseptə baxıb ununu az, ya yumurtasını, ya yağını çox qatıb alınmayanda başlayırsan, öz reseptini işə salmağa. Sonda mükəmməl formada hazırlayıb ortaya çıxara bilirəm. O, mənim birinci uğursuzluğumdur ki, məni bu uğura gətirir. Həyat da belədir.

 

– Qınaqlara baxsaq, sizi güclü qadın hesab edə bilərik. Çünki ölkədə bir boşanmada o qədər ictimai qınaqlar olur ki, qadın çıxılmaz hala düşür.

– Varlı içəndə deyirlər ki, yeyib-içəndir, kasıb içəndə ona “alkaş” deyirlər. Varlının qızı qısa geyinəndə, ya boşananda ona ar tutmurlar. Müğənni boşananda hamı ona ar eləyir. Bəlkə bu, qorxaqlıqdır, bəlkə bu, yaltaqlıqdır?! Mən “qınaqdan qaçın” deyəndə bütün bunları nəzərdə tuturam. Hansısa məmurun övladı boşananda söz olmur. Kasıbın balası boşananda söz olur, müğənni də ki xüsusən. Heç kim keç kimin haqqında danışa bilmir deyə, hamı hirsini tökür müğənnilərə. Müğənni insandır, anadır, bacıdır, müğənni övladdır, Allahın yaratdığı bəndədir. Mən toyda oxuyanda içkili adam gəlib qucaqlayıb şəkil çəkdirmək istəyəndə və buna icazə verilməyəndə “əəə müğənnidi də” deyənin başına mikrofon vurmağım gəlir, amma tərbiyəm yol vermir. Fikirləşmirlər ki, müğənni halal zəhməti ilə oxuyub pul qazanır ki, gedib balalarını dolandırsın. Nə bilirsən ki, balaları gələcəkdə kim olacaq? Hansısa qəhrəman adını qazana biləcək bir övlad olacaq. Niyə ona aşağı gözlə baxırsan? Hardandır səndə bu tərbiyə, bu haqq ki, sən müğənni haqqında belə düşünə biləsən. Pozğunluğa qalsa, bu, hər bir sahədə var. Bunun müğənniliyə aidiyyatı yoxdur ki? Müğənnini qınamaq düzgün deyil. Mahnısından xoşun gəlmir, qulaq asma. Daha söymək nədir? Bunları başa düşə bilmirəm. Şəbnəm Tovuzlunu biabır elədilər, niyə? Niyə icazə verilir ki, yeni doğulmuş körpə haqqında o qədər neqativ fikirlər söylənsin. Nə bilirsiz ki, o uşaq böyüyüb kim olacaq? Bunun özəyində qorxaqlıq və yaltaqlıq görürəm.

 

– Düzdür, analar heç vaxt övladlar arasında seçim etmir. Amma nədənsə sizin profilinizdə ancaq Davidin fotolarını görürəm. Sanki ancaq kiçik oğlunuza fokslanmısız.

– Ayrılandan sonra qardaşım bizimlə qalırdı. Çünki evdə kişi olmalı idi.  Müğənniyəm deyə, artıq-əskik danışılmasın. Qardaşım evləndi çıxdı, böyük oğlum Londona getdi. Ortancıl oğlum da bu il Amerikaya oxumağa getdi. Böyük artıq magistraturanı bitirib. Evdən birdən-birə üç nəfər azaldı, David tək qaldı. Bu səbəbdən ona diqqət çox ayırıram. O da oxumağa gedəcək, mən tək qalacam. Üç oğlan böyütmüşəm deyə bilirəm – oğlan uşağı eqoist olur. Qadınlar yalnız diqqət və sevgidən başqa heç nə istəmir. Kişiyə hər şey azlıq edir, sevgi də diqqət də. Və Davidin birdən-birə tək qalması, qardaşlarının getməsi, atasının yoxluğu… Mənim diqqətim yalnız ona olmalıdır ki, onların əvəzini verə bilim. Amerika ilə saat fərqi çox olduğundan onlar heç vaxt tapıb danışa da bilmirlər.

 

– Adətən, ana ilə qalan övladlarda atayla münasibətə qadağalar qoyurlar. İstəmirlər  ki, atayla münasibət yaransın.

– Səhv fikirdir. Övlada pis eləmiş olursuz. Mənim səninlə problemlərim var deyə uşağın buna nə dəxli var? Sadəcə olaraq, birinci yoldaşım məndən sonra evlənməyib deyə uşaqlarla münasibəti çox gözəldir. Davidin atası evlənib, onun öz ailəsi, uşaqları var. Onunla heç bir münasibətimiz yoxdur.

 

– İllər əvvəlki nikahdan paylaşım etdiniz bu yaxınlarda. Sizi buna nə vadar etdi?

– Mənim ailəm haqqında, övladlarım haqqında artıq-əskik söhbətlər eşitdim. Guya, ərim qoca kişi olub, şeyx olub. Mənim gül kimi cavan həyat yoldaşım olub. Özü də ərəb deyil, iranlıdır, soyadımdan bilinir. İranda çox tanınmış məmur övladı ilə ailə qurmuşam. Yalan danışırlar, sonra birdən fakt qoyursan, özləri də biabır olur. Deyirlər ki, yoldaşlarının üçü də xarici olub. Yalandır. Kimsə demişdi ki, Nura əvvəllər 100 kilo olub, sonra əməliyyat eləyib. Mən ömrü boyu çəki azlığından əziyyət çəkən adam olmuşam. 46-48 kilo bir dəri, bir sümük olmuşam. Adıma nələr çıxarmışdılar. Az qalsınlar, narkoman belə desinlər. Bax, indi 5 kilo kökəlmişəm, sevinin. Bilmirəm, sevinərlər, ya paxıllıqları tutar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir