niusret kesemenli

Nüsrət Kəsəmənlinin həyat yoldaşı: “Onun sevgisindən də, ölümündən də ən sonda mən xəbər tutmuşam”

Baxış sayı: 295

Gənc nəsil onun sevgi şeirləri ilə böyüyür. XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Nüsrət Kəsəmənli bu gün də gənclərin qəlbində yaşayır, öz şeirləri ilə onları saflaşdırır.

 

“Getmək istəyirsən, bəhanəsiz get, oyatma mürgülü xatirələri” misraları ilə böyük bir oxucu sevgisi qazanan şair özü əbədi dünyaya getsə də zəngin irsi ilə silinməz bir iz qoyub. Nüsrət Kəsəmənlinin ömür-gün yoldaşı Rəhilə xanım uzun illərdir ki, BDU-nun Jurnalistika fakültəsində çalışır, yeni jurnalist nəslinin yetişməsinə töhfələrini verir. Bu günlərdə Rəhilə xanımla həmsöhbət olub, Nüsrət Kəsəmənlini xatırladıq. Onun bütün cavablarında bir nisgil, ayrılıq kədəri hiss olunurdu.

 

– Nüsrət müəllimi necə xatırlayırsınız?

– Heç zaman seçimimdə yanılmamışam.  Nəyə doğru getmişəmsə, axırı yaxşı olub. Nüsrətlə ailə qurmağıma anam razı deyildi. Ancaq mən onu sevirdim. Əsgərliyə gedəndə onu böyük intizarla gözləyirdim. Ailəm məni ona vermək istəmirdi. Nəhayət, fırtınalı bir həyatın ortasında birləşdik. Amma bir gün getdi. “Dönəcəyəm, məni unutma” deyərək getdi. “Gözləyirəm” dedim. Artıq 17 ildir ki, gözləyirəm. Daha mən onun yanına tələsirəm. “Gələcəyəm” deyirəm öz-özümə… Dəfələrlə…

 

– Onunla necə tanış olmusunuz?

– Tələbəlik illəri mənim üçün çox əzizdir. Universitetin hər dəhlizi, auditoriyası mənə o qədər doğma gəlir ki. Çünki Nüsrətlə məhz burada – universitetdə tanış olmuşduq. O vaxt birinci kursda oxuyurdum. Fakültəyə gəldiyim ilk gündən gözünü məndən çəkməsə də, sevgisindən çox gec xəbərim oldu. Əslində onun mənə olan münasibətini hər kəs bilirdi. Bircə məndən başqa. Həmin illər üçün burnumun ucu göynəyir…

 

– Dediniz ki, sizi Nüsrət Kəsəmənliyə vermək istəmirdilər. Maraqlıdır ki, niyə?

– Elçilər bizə gələndə anam razı olmadı. Həmişə deyirdi ki, şairin hara getdiyini, kimə baxdığına, kimə nə yazdığına nəzarət edə bilməzsən: “Bax, qızım xasiyyətini yaxşı bilirəm. Ailə qurandan sonra bu problemlərlə üzləşəndə üstümə gələcəksən. Bəri başdan deyirəm, mənim şairə veriləsi qızım yoxdur”. Nüsrət əsgərliyə gedəndə anam elə bilirdi ki, ara sakitləşəcək, məni unudacaq. Fəqət yanılmışdı. Bir gün belə olsun məni unutmadı. Tez-tez məktub yazırdı. Mən də anamdan gizli ona cavablar göndərirdim. Yazmağa məcbur idim. Yoxsa, elə bilərdi ki, onu yaddan çıxarmışam. Fəsillər o qədər sürətlə bir-birini əvəz etdi ki… Nüsrət hərbi xidmətdən qayıdandan sonra da mənə elçi düşdü. Anam yenə də razı olmadı…

 

 

– Bəs necə oldu ki, özünüzün də dediyiniz kimi, fırtınalı bir həyatın ortasında birləşdiniz?

– Allah müəllimimiz Nəsir İmanquliyevə qəni-qəni rəhmət eləsin. Hər şeyi öyrənən Nəsir müəllim həyat yoldaşı Cövhər xanımla birlikdə elçiliyə gəldi. Anam çox düşündü. Tək başına qərar verə bilmirdi. Hiss edirdim ki, atama ehtiyacı var. Nəhayət, anam çəkinə-çəkinə razı oldu və 1973-cü ildə ailə həyatı qurduq.

 

– Ailə həyatınız necə alındı? Vaxtı ilə ananızın sözünə qulaq asmadığınız üçün peşman olmadınız ki?

– O günləri heç unutmamışam. Unuda da bilmərəm. Çətinliklərimiz çox olsa da, onların öhdəsindən gəlirdik. Çünki münasibətlərdə səmimiyyət var idi. Hər şey səmimiyyətdən asılıdır. Səmimiyyət olan yerə Allah da ruzi-bərəkət verər. Sevgimizə şahid olan Allah bizə kömək oldu. Kimə söyləsəm inanmaz, amma bu bir həqiqətdir ki, 30 qəpiyə aldığımız lotoreyadan maşın udduq. Çox keçmədi ki, işlədiyi yerdən ona ev verdilər. Övladlarımız isti, doğma evimizdə dünyaya göz açdılar.

– Heç Nüsrət müəllimdən incidiyiniz anlar olub?

– Bəlkə də. Amma o, əsl kişi idi. Sözünün üstündə dururdu. Ailəmizin möhkəmliyinin səbəbi də məhz onun sözünün üstündə durması idi. Otuz illik həyatımızda nəyə nail olmuşuqsa, bərabər əldə etmişik. Çətinliklərlə qarşılaşsaq da, bu həyat yolunda bərabər addımlamışıq. Özünün də etiraf etdiyi kimi, çox vaxt gecəyarısı qapını döyürdü. Bu vərdişi davam edəndə inciyirdim, qəlbim sınırdı. Kaş indi də qapını gecə döydüyünə əsəbiləşərdim, amma inciməzdim. Yenə də baş-başa verib mürgülü xatirələrimizi oyadardıq.

 

– Şairlə bir ömür yaşamaq necə hissdir?

– Bəzən kənardan hər şey başqa cür görünür. Elə bilirlər ki, məhəbbət şairinə dözmək çətindir. Amma bu, əsla belə deyil. Dediyim kimi, Nüsrət əsl kişi, tamam fərqli insan idi. Yadımdadır, bir dəfə televiziya verilişlərinin birində Nüsrətə sual vermişdilər: “Nüsrət müəllim, siz tərəfin adamları istəyirlər ki, övladları öz həmyerliləri ilə ailə həyatı qursun. Siz bakılı qızla ailə həyatı qurmusunuz. Bunu ailəniz necə qəbul etdi?”. Nüsrətin cavabı belə oldu: “Mənim indi şöhrətim də, imkanım da var. Hər şeyə nail olmuşam. Amma mən sizin dediyiniz o bakılı qızın əlindən yox, o mənim əlimdən tutub həyatın dar, enişli-yoxuşlu yollarından keçirib”. Onun bu sözlərindən, mənə bu qədər önəm verməyindən elə təsirləndim ki, gözlərim yaşardı.

 

– Nüsrət müəllim yəqin ki, sizə şeir həsr edib?

– Əlbəttə. Özü də bir neçə dəfə. “Etiraf” şeirində belə bir bənd var:

 

“Bilmirəm, mələksən, Allahsan, nəsən,

Mənə bağışladın neçə günahı,

Belə mehribanlıq eylədikcə sən,

Özüm öz gözümdən düşürəm axı…”

 

O, bizim mehriban münasibətlərimizdən ilhamlanaraq bu şeiri yazmışdı. Belə ki, hətta bizim münasibətlərimizə paxıllıq edənlər də var idi. Nüsrət isə sanki belələrinin acığına həmin şeiri yazmışdı.

 

– Çox maraqlı ailə həyatınız olub. İndi onsuzluqla necə mübarizə aparırsınız?

– Nüsrət məni necə sevib, həyatıma necə daxil olubsa, elə də gedib. Onun sevgisindən də, ölümündən də ən sonda mən xəbər tutmuşam. Deyirlər ki, bu dünyadan başqa dünya da var. Bunun həqiqət olmasını o qədər istəyirəm ki… Hər ötən günü Nüsrətə doğru addımlayıram. Amma təsəllim də var. O dünyada həyat yoldaşıma yenidən qovuşana kimi isə övladlarımızın, nəvələrimizin xətrinə ikimizin yerinə də yaşayıram.

 

– Təsəlliniz nədir ki?

– İndiyə kimi heç vaxt onu incidən, uğuruna xələl gətirən, qarşısına sədd çəkən bir hərəkət etmədiyimə görə sevinirəm.

 

– Rəhilə xanım, ailədə Nüsrət müəllimin yolunu davam etdirən varmı?

– Var. Nəvəm Cavidan Kəsənli hələ gənc olsa da, ona inamlar böyükdür. Ümid edirəm ki, gələcəkdə babasına layiq şəxsiyyət ola biləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir