tehsil

Ödənişli təhsil məzuniyyətindən kimlər istifadə edə bilər?

Baxış sayı: 956

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri müvafiq məzuniyyətlərdən istifadə etməkdir. Ödənişli məzuniyyətlərin bir növü hesab edilən təhsil məzuniyyətləri işləməklə yanaşı təhsil alan işçilərə verilir.

Ödənişli təhsil məzuniyyəti aşağıdakı hallarda verilir:

• müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;

• dövlət imtahanlarını vermək üçün;

• diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Təhsil məzuniyyətlərinin müddətləri:

• Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

• Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

• Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

• Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

• Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Qeyd olunan məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə istifadə olunmalıdır. Həmin məzuniyyətlərdən istifadə oluna bilməsi üçün təhsil müəssisəsinin verdiyi arayış tələb olunur.

Ödənişli təhsil məzuniyyətindən istifadə etmək üçün işçi ərizə ilə müraciət etməli, eyni zamanda təhsil müəssisəsindən arayış gətirməlidir ki, həqiqətən də müəyyən müddətdə sadalanan hər hansı bir təhsili alacaq.

Məzuniyyət müddətində işçiyə Əmək Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir.

Ödənişli təhsil məzuniyyətinin hesablanmasına dair nümunəyə baxaq.

Tutaq ki, işçinin aprel 2019-cu ildə əməkhaqqı 200 manat, may 2019-cu ilə isə 250 manat olub. İşçi iyun 2019-cu ildən 30 təqvim günündə ödənişli təhsil məzuniyyətinə çıxır. Belə məzuniyyəti hesablamaq üçün məzuniyyətdən qabaqkı 2 ayın əməkhaqqıları cəmlənir, həmin aylardakı iş günlərinin sayına bölünür, sonradan 30 təqvim məzuniyyət günündə olan iş günlərinin sayına vurulur.

Fərz edək ki, apreldə 24 iş günü, mayda isə 26 iş günü, 30 günlük məzuniyyətin təsadüf etdiyi iyun ayında isə 25 iş günü var. Onda hesablama belə olacaq:

(200 manat + 250 manat ) / (24 iş günü + 26 iş günü) = 450 manat / 50 iş günü = 9 manat * məzuniyyətdə olan 25 iş gününə = 225 manat.

Deməli, işçi dövlət imtahanlarının verilməsi ilə əlaqədar ödənişli təhsil məzuniyyətində olduğu müddətdə 225 manat məzuniyyət haqqı almalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir