daye

“Ögey ana”nın bənzəri olan dayələr

Baxış sayı: 1. 291

Məşhur Hindistan filmi “Bobbi”nin qəhrəmanı Racı dayəsi böyütmüşdü. Sovet illərinin çox sevilən bu filmini görənlər dayə tərbiyəsinin Racın həyatında hansı dəyişikliklərə səbəb olduğunu da bilirlər. Hətta filmdə valideynləri Racın onların iradəsinə qarşı gəlməsindən gileylənərkən “qəddar” ata “laqeyd” ananı uşağı kiçik yaşlarından dayəyə etibar etdiyinə görə sərt şəkildə qınayır da.

Amma dayə də çox sevimli idi; bu ağ saçlı yaşlı qadın o zamanlar üçün sanki “dayə” simvoluna çevrilmişdi.

Bəs indiki dayələr haqqında nə deyə bilərik? Beynəlxalq təşkilatların son illərdəki araşdırmaları göstərir ki, dünyada 1-4 yaşlı uşaqların 75 faizi, yəni 300 milyon uşaq evdə baxıcıları tərəfindən psixoloji aqressiya və fiziki cəza görür. 30 ölkədə 1 yaşlı körpələrin hər 10 nəfərindən 6-nın daimi olaraq zorakılığa məruz qaldığı bildirilir.

Valideynlər hansı halda uşağı dayəyə etibar edir və ya edə bilər? Səbəblər müxtəlifdir. Elə ana var, işə çıxmaq məcburiyyətindədir və uşağı dayəyə etibar etməkdən başqa yolu yoxdur. Eləsi də var, sırf öz dincliyi, istirahəti üçün uşağı dayənin “üstünə atır”. Bəzən, maddi cəhətdən təminatlı ailələrdə uşağı dayəyə sadəcə, dəb xatirinə, ətrafdakılara özünü “işgüzar”, hətta varlı ailə kimi tanıtmaq naminə tapşırırlar. Sanki körpə böyütmək, uşağa qulluq əskik bir işdir…

Nəticə isə bəzən heç də yaxşı olmur, hətta gözləntilərin əksi də baş verir. Dayələr tərəfindən körpələrin fiziki zorakılığa məruz qalması, bəzən daha faciəli olaylar – körpənin qətli də baş verən bədbəxt hadisələr sırasındadır.

 

“Ana körpə ilə təması kəsməməlidir”

Psixoloq Narınc Rüstəmova bildirdi ki, yaş yarıma qədər körpəyə mütləq şəkildə ana özü baxmalıdır:

– Ana körpəsini özü böyütməlidir. Xüsusilə də yaş yarımlıq körpəyə mütləq şəkildə ananın özü baxmalıdır. Bəli, ictimai-siyasi həyatda fəal qadınlarımız var ki, hansısa amillərdən fəaliyyətlərinə son verə bilmirlər, yaxud elə qadınlar var, işləmək istəyirlər, sırf maddi baxımdan işləmək məcburiyyətindədirlər. Belə olduğu təqdirdə mümkündür ki, körpə üçün dayə tutulsun. Amma hətta bu halda da ana çalışmalıdır ki, körpə ilə bacardıqca çox təmasda olsun. Çünki körpənin ilk növbədə ana südünə, ana nəfəsinə, ana nəvazişinə ehtiyacı var. Bəzi analar anlamır, başa düşmək istəmirlər ki, dayə nə qədər yaxşı olsa da, körpəyə qüsursuz xidmət göstərsə də, ananın yerini verə bilməz. Dayə ana deyil, ola bilməz də. 3 illik analıq məzuniyyəti dövrü var. Demirəm, 3 il ana işləməsin, evdə otursun. Lakin heç olmasa, yaş yarımına qədər körpəyə ana özü baxmalıdır. Bundan sonrakı mərhələlərdə uşağın dayə ilə tanışlığı başlaya bilər. Burada da birdəfəlik həll yolverilməzdir. Ana bir müddət dayə ilə bərabər olmalı, körpənin dayəyə alışması prosesi getməlidir. Birdən-birə körpəni tanımadığı şəxsin öhdəsinə vermək uşaqlarda dərin psixoloji travma yarada bilər.

 

“Dayələr yoxlanmalıdır”

N.Rüstəmova dayələrlə ciddi iş aparılmalı olduğunu dedi:

– Analar, valideynlər 1-2 ay dayə ilə birgə vaxt keçirməli, körpənin həyat tərzini, nəyi sevib, nəyi sevmədiyini, hansı vərdişlərə malik olduğunu, hətta mənsub olduqları ailə modelini də dayəyə öyrətməlidirlər. Uşaq təcrübə predmeti deyil. Bu gün bu dayəni gətirdik, sabah xoşumuza gəlmədi, onu göndərdik, başqasını tapdıq… Belə olmaz. Ailə, valideyn, uşağı kimə etibar edəcəyini yüz ölçüb, bir biçməlidir. Gözlənilməz situasiyaları istisna etmirəm. Amma bütün hallarda körpənin dayəyə etibar edilməsi uzun bir mərhələdən keçməlidir. Dayənin kimliyi, şəxsiyyəti, həyat tərzi, hamısı dəqiqliklə öyrənilməlidir. Təəssüf ki, bizdə bu işlə məşğul olan firmalar yoxdur. Olsaydı, bunun dayələrin işlə təmini və ailələrin, körpələrin təhlükəsizliyi baxımından böyük əhəmiyyəti olardı. Çünki dayəni firma məsləhət görəndə, buna məsuliyyət daşıyır. Məsuliyyət olan yerdə düzgün iş də olur. Amma bizdə hər kəs dayəni özü tapır. Tanışlardan, qohum-əqrəbadan soraqlaşırlar, detallara varmadan uşaqlarını etibar edirlər. Körpə üçün dayə tutulursa, yaşayış yerindən arayış, sağlamlıq haqqında arayış, hüquq-mühafizə orqanlarından arayış tələb edilməlidir. Dayənin harada yaşadığı, necə yaşadığı, səhhətində problem olub-olmadığı, hansısa əmələ görə hüquq-mühafizə orqanlarında adı keçib-keçmədiyi, hamısı bilinməlidir. Yoxsa, internetdən, sosial şəbəkələrdən tapılan dayələrə körpə etibar edilməz. Bundan əlavə, dayələr mütləq tibbi yoxlanışdan keçirilməlidir. Əgər hansısa bir xəstəlik aşkarlanarsa, müalicə olunmalıdır. Dayə də insandır. Ola bilər, ailəsində hansısa bir hadisə baş versin və bu da onu təsirləndirsin. Uşaqla lazımi qədər maraqlanmasın və ya əsəb sarsıntısı keçirsin və bu da uşağa yansısın. Ona görə də əgər körpə dayəyə etibar edilirsə, burada mütləq ciddi nəzarət olmalıdır.

 

“Dayə təmizlikçi, aşbaz deyil”

Xanım psixoloq qeyd etdi ki, valideynlərin səhv cəhətlərindən biri də dayəyə körpəyə qulluqdan əlavə evin digər işlərini də tapşırmalarıdır:

– Çox zaman belə hallarla qarşılaşırıq. Evin xanımı dayəyə başqa işlər də tapşırır. Evi təmizləmək, xörək hazırlamaq, paltar yumaq, ütüləmək və s. Bu işləri görən dayə əlbəttə, uşağa az vaxt ayıracaq. Ona mane olmasın deyə, uşağı əyləşdirəcək televizor qarşısında, ya da planşeti verəcək uşağın əlinə ki, oyna. Bəzən uşaqlar saatlarla fasiləsiz televizora baxır, planşetlə, mobil telefonla oynayır. Bu, uşaqların həm zehni qabiliyyətini, həm də nitq qabiliyyətini inkişafdan saxlayır. Xanımlar öz öhdələrinə düşən işləri də dayəyə tapşırmaqla, şəxsi məsələlərinə vaxt ayırmaq istəyirlər. Nəticədə dayə hər işlə məşğul olur, bircə dayəlikdən savayı. Dayənin yaş həddi önəmlidir. Bir də görürsən, təqaüdə çıxmış qadın dayəlik fikrinə düşüb. Təqaüd yaşı orqanizmin iş əmsalının aşağı düşdüyünü göstərir. Bir halda ki insana iş əmsalı aşağı düşür deyə, təqaüd kəsilir, o, necə dayəlik edə bilər? Dayəlik üçün uyğun yaş həddi 26-30 yaşdan 45 yaşadək olan müddətdir. Təbii ki, dayənin savadlı, tərbiyəli, hisslərinə hakim birisi olması da əsas şərtlərdir.

 

“Dayə ana ilə körpə arasında soyuqluq yaradır”

Mütəxəsis bildirdi ki, uşağın dayəyə hədsiz bağlanması ana ilə övlad arasında münasibətlərin soyuqluğuna və mənəvi bağların qırılmasına gətirib çıxarır:

– Analar var ki, hətta özləri evdə olanda da uşaqla təmas qurmur. Uşağı dayə ilə yatızdırır. İşdən evə gələndə dincəlmək, istirahət etmək xətrinə dayəni azad etmir, ana evdə ola-ola yenə uşağa dayə baxır. Bəzi qadınlar gəzintiyə çıxanda, qonaqlığa gedəndə də dayəni özüylə aparır ki, rahat əylənsin, söhbətləşsin, uşaq ona mane olmasın. Bu, uşağın bütünlüklə dayənin öhdəsinə verilməsidir və yolverilməzdir. Dayə uşaqla ananın işdə olduğu saatlarda məşğul olmalıdır, hansısa vacib işi varsa, o zaman uşağa nəzarət etməli, qulluq göstərməlidir. Yoxsa, ana dincəlmək istəyir deyə, uşağı 24 saat dayəyə etibar edirsə, bu artıq uşaqla ana arasında tellərin qırılması deməkdir. Bilirsiz, bu səbəbdən uşaqlar böyüdükdə bəzən analarını qınayır, “sən mənə analıq etməməsin” deyirlər. Valideynlərlə uşaqlar arasında soyuqluq, yadlaşma belə yaranır.

 

“Mən övladımı yad insana etibar etmərəm”

Sosioloq Lalə Mehralı da uşağın dayəyə tapşırılmasının qəti əleyhinə olanlardandı. Sosioloq hesab edir ki, uşağı yalnız nənə, bibi, xala, bir sözlə, qan qohumlarına etibar etmək lazımdır:

– Ümumiyyətlə, mən dayə ilə uşaq böyütməyin qəti əleyhinəyəm. Birincisi, hər bir ana uşağı özü böyütməlidir. Əgər müəyyən səbəblərdən bu, mümkün deyilsə, yəni, ana məcburiyyət qarşısında işə çıxmalıdırsa, harasa səfər etməlidirsə, bu zaman uşaq ancaq nənə, bibi, xala, yaxın qohuma etibar edilməlidir. Ana uşağın üstündə əsir, yeməyini vaxtlı-vaxtında verir, altını dəyişir, yatızdırır, dərmanları varsə, onları içirdir, bütün bu işləri dayə ana kimi, ana nəvazişi, ana diqqəti ilə yerinə yetirə bilər?! Təsəvvür edin ki, bəzən hətta ana körpəsinə qarşı “üsyan” edir. Uşaq çox ağlayanda, şıltaqlıq, ya tərslik edəndə ana bezir, qışqırırsa, dayə sakit dayanacaq?! Hardan bilək ki, dayə uşağı vurmayacaq, uşaq yeməkdən imtina edərsə, onu ac qarına yatızdırmayacaq, körpə islanmış pamperslə saatlarla qalmayacaq?! Neçə dəfə izləmişik qonşu ölkələrdə dayənin körpə ilə qəddar davranışını. Bəzən mənzillərdə müşahidə kameralarının olduğunu bilə-bilə körpə baxıcıları, dayələr yenə hisslərinə hakimlik edə bilmirlər. İndi təsəvvür edin ki, nəzarətsiz mənzillərdə uşaqla necə rəftar edilir. Şəxsən mən uşağımı yad insana etibar etməmişəm, etmərəm də. Bir də görürsən, gənc ana şikayət edir ki, uşaq xəstəlikdən yaxa qurtara bilmir, maaşım dərmanlara gedir… Bunun günahkarı birbaşa anadır. Vaxtında ana uşağı karyerasına qurban verməsəydi, evdə oturub körpəsini lazımi qaydada böyütsəydi, uşaq da xəstə olmazdı. Mən qəbul edirəm ki, bəzən ana işləməyə məcbur olur, bəziləri hətta analıq məzuniyyətini yarımçıq kəsib işə çıxırlar. Sosial vəziyyətləri onları buna məcbur edir. Gərək məsələlərə kompleks yanaşaq. Dövlət analıq məzuniyyətinin müddətini artırmalıdır və bu müddətdə anaya ödənilən məzuniyyət pulunun miqdarı da həm ananın, həm də körpənin ehtiyaclarını ödəyəcək səviyyədə olmalıdır. O zaman biz anaları qınaya bilərik ki, hökumət bu uşağa baxmaq, qulluq etmək üçün sənə yetərincə ödəniş edir, evdə otur, uşağına bax. Amma belə deyil axı. Övladı dünyaya gəlmiş qadın ehtiyac üzündən körpəni yad insanlara tapşırıb işə çıxmalı olur. Amma ehtiyaca baxmayaraq uşağına özü baxan qadınlar da var. Şəxsən mən, işimi atıb körpəmin həyatını üstün tutmuşam. Övladım 3 yaşına çatanadək özüm ona qulluq etmişəm. Heç bir məcburiyyət, ehtiyac olmadan uşağı yad əllərə etibar edib karyera, sərbəst həyat ardınca gedən analarımız da var. Qadın görmüşəm ki, körpə ona bağlanmasın, ana südü tələbatı yaranmasın deyə, südünü, üzr istəyirəm, ayaqyoluna töküb. Elə analar görmüşəm, sinəsini bərk-bərk çəkib bağlayıb ki, süddən kəsilsin, uşağı əmizdirməsin. İşə çıxsın, gəzməyə getsin, azad, sərbəst olsun. Elə ailələr var, körpə doğulandan ona süd anası, dayə tuturlar. Qayınana da gəlinə deyir, səndən nə ana olacaq, get işinlə məşğul ol, uşağı dayə böyüdəcək. Çox təəssüf ki, bizdə əsrlərlə oturuşmuş ailə modeli artıq dağılmaq üzrədir. Ailələrdə nənəyə, babaya artıq yer verilmir. Əvvəllər tamam başqa mühit idi. Körpə nənənin, babanın nəzarəti altında olurdu. Nənədən, babadan görüb-götürürdü. Uşaq yaşlarından insanda böyüklərə hörmət, nənə-babanı sevmək hissi yaranırdı. Niyə bizim dayəyə ehtiyacımız yaranmalıdır ki? Bəs nənə, bibi, xala, onların böyük uşaqları yoxdur məgər? Kənd yerində doğulanlar yaxşı bilir ki, ailənin kiçik övladını böyük uşaqlar böyüdür, qohum-əqrəba baxır. Getdikcə o qədər biri-birimizə yadlaşdıq ki, qohumluq bağları da zəiflədi. Uşağı dayəyə etibar edirik, amma nənəsinə vermirik; yox, qayınanam uşağa baxmasın!.. Bu yerə gəlib çatmışıq artıq.

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir