ok

“OK” sözünün mənasını bilsəydiniz, ondan istifadə etməzdiniz

Baxış sayı: 6. 853
Bu söz leksikonumuza girəndən həyatımız da bir qədər asanlaşıb. Bəzən uzun-uzadı müzakirələri, lüzumsuz dartışmaları, izahat zərurətlərini onunla həll edə bilirik. 
“OK” dedikmi, axar sular dayanır, çox vaxt… Bu, günün gərgin, qaynar tempində yazışmalar zamanı ən çox istifadə etdiyimiz kəlmədir, desək, yanılmarıq. Çünki vaxt itirmək istəmirik.
“Yaxşı, haqlısan. Dediyin kimi edərəm”, “Danışdığımız kimi olsun. Anlaşdıq” və s. bu kimi uzun cümlələr əvəzinə “ok” yazmaq görün, nə qədər rahatdır?
Amma köhnə nəslin nümayəndələri hesab edirlər ki, bu, insanlar arasındakı ünsiyyət soyuqluğunun səbəblərindən biridir. Belə kəlmələr münasibətləri bozlaşdırır, mehribanlığı azaldır və sair. İnsanlar bir-biri ilə robot kimi danışmağa davam etdikcə, bu, söhbətləşmə, dərdləşmə, dostluq kimi anlayışları arxa plana atır. Çox zaman da əks-arqument kimi soruşurlar: “Heç bu sözün mənasını bilirsiz? Nədən yaranıb, mahiyyəti nədir, xəbəriniz varmı?”
Sözün etimologiyasına keçmədən öncə deyək ki, müasir gənc nəsil üçün sözləri qısaldaraq, danışmaq ənənə halına keçib. Onlar artıq “tamam” əvəzinə “tmm”, “görüşərik” əvəzinə “grşrk” yazırlar. Hərdən yeniyetmə yaşındakı uşaqlarınızdan “cnm, necəsən?” deyə mesaj alsanız, bilin ki, sizə “canım” deməyə çalışır, sadəcə, sait səsləri ixtisar etməklə, öz aləmində vaxt qazanır.
Keçək, sözün etimologiyasına… “OK” amerika ifadəsidir, “hər şey yaxşıdır, hər şey qaydasındadır” mənasını bildirir. Bütün dillərdə eyni mənanı verdiyi üçün təbii ki, beynəlmiləl söz kateqroiyasına daxildir. Global Language Monitor  (GLM)  Assosiyasının müşahidələrinə görə, “OK” planetdə ən çox yayılmış və hamının qəbul etdiyi sözdür.
“Necə və nədən yaranıb” sualının cavabı isə müxtəlifdir. Çünki bununla bağlı bir neçə versiya var.
Birincisi və ən geniş yayılanı təbii ki, Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti olmuş Martin Van Byurenlə bağlıdır. Deyilənə görə, “ok” onun ləqəbi olub. Old Kinderhook – prezidentin doğulduğu holland qəsəbəsi bu cür adlanırdı. O, bu bənzəri olmayan adı özünə təxəllüs seçibmiş. Seçki öncəsi nyu-yorklu demokratlar belə bir reklam şüarı hazırlamışdılar: “Old Kinderhook is O.K”.
Seçkilərdə dəstək məqsədiylə Martin “The OK Club” adlı siyası qrup yaradır. “OK” daim dildə istifadə edilməyə başladı. Bu sözün “anadan olma” tarixi 1839-cu il 22 mart hesab olunur.
Başqa bir versiyada isə bildirilir ki, “ok” sözünün ortaya çıxması 1830-cu illərə qədər gedir. 23 mart 1839-da ABŞ-ın Boston şəhərində çıxan “Boston Morning Post” qəzetində uzun bir paraqrafın altındakı ingiliscə “all correct” yəni “hamısı doğru” sözü səhvən ya da zarafat məqsədiylə “OK” hərfləriylə yazılıb. Bu qəzetdə ədəd halına gələn bu cür qısaltmaların hamısı zamanla unudulub, gedib.
Versiyalardan biri də ABŞ prezidenti Endryü Ceksonun adı ilə bağlıdır. Deyilənlərə görə, o, “all correct”  sözünü, yəni, “hər şey qaydasındadır” ifadəsini “oll korrect”  kimi işlədirdi.
İnternet gəzişmələri zamanı onu da öyrəndik ki, “OK” sözü alman mənşəlidir. Qəzetlərə göndərilən məqalələrdə düzəliş edilməyəndə, korrektorlar O.K işarəsinin qoyurdular. Almanca bu, “ohne korrektur”, yəni mənası “korrektə olunmayıb” deməkdir.
“Ok”un Fransada yaranması ilə bağlı da məlumatlar var. Fransızlar isə hesab edir ki, bu söz müharibə vaxtı formalaşıb. Belə ki, günlük döyüşlərdə itki olmadıqda, “0 killed “ (0 ölü ) yazıblar, qısaldılmış formada isə “OK” deyiblər.
“Choctaw qırmızıdərililəri”nin dilində “Okeh” sözü “Elə” mənasını verirdi.
Bu sözün bu qədər işlək olmasının daha bir səbəbi isə onun digər sözlərdən fərqli olaraq, bir şeyə tərəfsiz qala bilmək şansı verməsidir. Necə deyərlər, “ok” sayəsində fikir ifadə etmədən uzlaşma təmin edildiyi deyilə bilirdi.
İndi isə müxtəlif dillərdə “ok” sözünün verdiyi mənalara nəzər yetirək.
Obeday Kelly (Obediah Kelly) – ABŞ-ın dəmiryolunun yükdaşıyan agenti vacib sənədləri “OK” yazaraq, Obeday Kelly tərəfindən yoxlanıldığını bildirirmiş.
 
Okeh – sözü Çokto dilində “bəli” deməkdir.
 
Oll Korrekt – 19-cu əsrdə ABŞ prezidenti Andrew Jacksonun ən məhşur ifadəsi idi. Hər şey yaxşıdır, düzgündür sözünü bəzən o “OK” deyərək, bildirirmiş. 
 
Old Kinderhook- Prezident Jacksonun köməkçisi Martin vann Buren öz doğma torpağı olan Old Kinderhook barədə danışanda qısaca olaraq, OK deyirmiş.
 
Ola Kala – Yunan dilində “hər şey qaydasındadır” deməkdir. Qısaca olaraq, “OK”.
 
О Ке – Mandinqo dilində “hər şey yaxşıdır” deməkdir. 
 
Oav Kay – Vol millətinin dili ilə desək, “bəli, həqiqətən” demiş olarıq. 
 
Omnia Correcta – Latın dilində “bəli, düzgündür” deməkdir.
 
Aux Cayes (Okey kimi oxunur) – Haitidə öz ecazkar “rom” adlı içkisi ilə seçilən kəndin adıdır.
 
Och Aye – Şotland dilindən “OO bəli” deməkdir.
Sevinc Telmanqızı



4 şərh ““OK” sözünün mənasını bilsəydiniz, ondan istifadə etməzdiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir