oksana resulova

Oksana Rəsulova: “Özümü şahzadə kimi hiss edirdim” – FOTOLAR

Baxış sayı: 1. 282

“Məşhurların gözəllik sirrləri” rubrikamızın qonağı istedadlı aktrisa, hind mahnılarının peşəkar rəqs ifaçısı Oksana Rəsulovadır. Aktrisa hər zaman medianın və tamaşaçıların diqqət mərkəzində olub. Biz də onun gözəllik sirrlərini öyrənmək üçün suallarımızı ünvanladıq.

 

– Oksana Rəsulova gözəlliyini nəyə borcludur?

– Özümü gözəl hesab etmirəm. Çünki həyatda məndən də gözəl xanımlar var. Mən ki, gözəl deyiləm… O ki qaldı sualınıza, xarici görünüşümü öncə Allaha, daha sonra valideynlərimə borcluyam. Valideynlərim çox yaraşıqlıdır.

– Gözəl, cazibədar və baxımlı olmağın avantajları nələrdir?

– İnsan simasının gözəl olmasını istəyirsə, ilk növbədə daxilini təmizləməlidir. Daxilində olan paxıllığı, pis niyyətliliyi təmizləsə, bu onun simasına da yansıyacaq. Mənim üçün ilk növbədə xarici görünüş deyil, insanın daxili gözəlliyi önəmlidir. Hər bir qadın özünə baxmalı və baxımlı olmalıdır. Bəzən deyirlər ki, filankəsin imkanı var deyə gözəldir. Mən bu fikirlərlə razı deyiləm. Gözəllik pula baxmır. Elə ucuz vasitələr var ki, onlarla da istədiyiniz nəticəni əldə edə bilərsiniz. Hər kəs öz cibinə görə özünə baxmalıdır.

– Uzun müddətdir ki, sizi tanıyırıq və hər zaman efirdə, gündəmdə, mediada sizi fit, formada, baxımlı görürük. Bunlara necə nail ola bilirsiniz? Və rəqsin bu işdə hansı rolu var?

– Əlbəttə ki, rəqs insanı hər zaman cavan göstərir. Rəqslə sağlam olmaq və istədiyin bədən formasında qalmaqda mümkündür. Ancaq mən fiquramı qorumaq üçün fitnesə gedirdim. Hazırda fasilə vermişəm. Bir neçə aydan sonra yenidən fitneslə məşğul olacağam. Onu da deyim ki, indiyə qədər heç bir dietadan istifadə etməmişəm. Dieta saxlamamışam. Hər bir insanın bədən forması onun genindən asılıdır. Bizim ümumiyyətlə nəslimizdə kök insan olmayıb. İnsan yaşlandıqca kökəlir. Hər şey yemək lazımdır. Mən özümü heç nədən məhrum etmirəm, hər şey yeyirəm, amma çox az miqdarda. Bədəni buna öyrəşdirmək lazımdır. Dərim və saçlarıma qulluq edirəm.

– Hindistanda keçirilən festivalda “Müsabiqənin ən gözəl qızı” tituluna layiq görüldünüz. Sizcə, efir üçün gözəllik nə qədər önəmlidir?

– Bu, tamaşaçıların seçimi idi. Ekran tələb edir ki, aktrisanın üzü baxımlı, saçları parlaq, dərisi şəffaf olsun. Ümumiyyətlə, efirə çıxan hər bir insan bu qaydalara riayət etməlidir. Səhnə gözəllik tələb edir. Tamaşaçının gözü tərəzidir. Göz də baxanda efirdə gərək istirahət etsin. Aktrisalar, müğənnilər gərək gözəl formada, geyimdə, şəffaf olsunlar. Tamaşaçı onlara baxanda valeh olsun, onlar da gözəl görünməyə çalışsın. Efirə çıxan hər bir insan tamaşaçıya müsbət emosiyasını,  qüvvəsini ötürməlidir. Amma elə kök adamlar var ki, min arıq insana dəyər. Kök olmaq ayıb bir şey deyil. Elə kök xanımlar tanıyıram, daxilləri o qədər gözəldir ki, köklüyü o qədər də üzə vurmur. O, həmin çəki ilə də qəbul edilir və sevilir.

– Sosial şəbəkədən izlədiyimiz qədəri ilə, hər zaman stilist Nura xanımla çalışırsınız. Simanızı başqa stilistlərə etibar etmirsiniz?

– Mən Nura Babayeva ilə 10 ildir ki, işləyirəm. Ona qədər bir çox stilistlər mənə müraciət etmişdilər ki, sizinlə çalışaq və yeni imic yaradaq. Mən o təkliflərin heç birinə razı olmamışam. Çünki Nuranın işi məni qane edir. O, öz işinin peşəkarıdır. İşini bilir, onun dünya şöhrətli işləri var. Nurayla işləmək hər bir tanınmış sima üçün fəxrdir. O mənimlə uzun müddətdir ki, işləyir və artıq üz cizgilərimə bələddir. Harada necə görünmək lazım olduğunu yaxşı bilir. Əvvəllər onun yanına gedəndə düşünürdüm ki, onunla bundan sonra işləməyəcəm. Ancaq gördüm ki, başqa stilistlər də ya şaçımı yandırır, ya da üz cizgimə yaraşmayan makiyaj edir. Nuranın işlərini isə nəinki mən, tamaşaçılarım da bəyənir. Onun müştəriləri mənim şəklimi göstərib, həmin cür makiyaj olunmaqlarını istəyirlər. Nura eyni zamanda gözəl insandır, onunla işləmək mənim üçün böyük həzdir. Bir-birimizi başa düşürük, artıq rəfiqə olmuşuq. Onu bir bacı kimi çox istəyirəm.

– Əvvəllər sizi hind rəqslərinin mahir ifaçısı kimi tanısaq da, sonradan aktrisa kimi məşhurlaşmağa başladınız. Xanım həmkarlarınızdan sizə paxıllıq edənlər varmı?

– Son 4 ildir ki, aktrisa kimi fəaliyyətə başlamışam, təbii ki, rəqqasəlik də öz yerində. Paxıllıq edənlər yəqin ki, var, ancaq onların kim olduqlarını bilmirəm. Paxıllıq, qısqanclıq daxildən gələn bir şeydir. Nəinki tanınmış sima, adi insanların yanında, ətrafında belə paxıl insanlar olur. Gərək o insanlara baş qoşmayasan. Çevrəmdə bu tip insan olanda, onlara əhəmiyyət vermirəm. Əsas odur ki, sən özün paxıl olma, qalanı boş şeydir.

– Dost seçərkən ən çox hansı keyfiyyətlərə üstünlük verirsiniz?

– Mənim üçün dost seçmək dövrü artıq gecdir. Neçə illərdir ki, dostluq etdiyim insanlar var. Hazırda onlar mənim ətrafımdadır. Artıq seçilmişik və onlar da seçiliblər. Bundan sonra ətrafımda olan insanlarda mərdliyə, dürüstlüyə, sirr saxlamaq bacarığına, sözübütövlüyə daha çox önəm verirəm. İnsan gərək ətrafında nə danışdığını bilsin. Çünki sabah sən onunla münasibətlərini bitirdikdə, siz dost olmasanız belə, bu insan sənin haqqında artıq-əskik danışmasın. Amma indiki zamanda dost çox azdır, demək olar ki, yoxdur. Ona görə də dostları diqqətlə seçmək lazımdır. 2 yaxın dostun olsun, amma əsil dost olmağı bacaran insan olsun.

 

– Ötən mövsüm Xəzər televiziyasında ən baxımlı seriallardan olan, “Oksi media” tərəfindən çəkilən “Lal yuxu” serialının davamı olacaqmı?

– Əfsuslar olsun ki, bu mövsüm onu verə bilmədik. Əslində bu mövsüm davam etməli idi. Serialın davamının çəkilişləri üçün sponsor çətinliyimiz oldu. Məhz bu səbəbdən çəkilişlərimiz yarımçıq qaldı. Ona görə “Lal yuxu” serialının davamı olmayacaq. Sponsor tapılsa, ola bilsin ki, çəkdik. Amma hələ ki çəkilişlər dayandırılıb.

– “Oksi media” hazırda hansı işləri görür?

– Hazırda bir neçə reklam işləri görürük. Gələn il komediya filmi çəkməyi düşünürük. Filmin ideyası artıq hazırdır, ssenarisi isə hələ ki yazılmayıb. 2019-cu ilin yayında filmin çəkilişlərinə başlayacağıq.

 

– Yeni çəkilən “Qaragöz” filmində əsas obrazlardan birini canlandırırsınız. Bu filmdə bizi nələr gözləyəcək və siz orada necə bir obraz təqdim edəcəksiniz?

– Ekran işinin rejissoru Orxan Mərdan, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru isə Elman Əliyevdir. Bu filmdə Elməddin Cəfərovla birlikdə çəkildik. Bundan əvvəl onunla 6 ay ərzində “Bacanaqlar” serialında çəkilmişəm. Yaxşı komandamız var idi. Gözəl filmdir, komediya janrındadır. Film haqqında danışmağa icazə yoxdur. Amma onlarla işləməkdən həzz aldım. Özümü şahzadə kimi hiss edirdim. Böyük hörmət, izzət gördüm. Çəkiliş prosesləri də gözəl keçdi. Oktyabrın 18-də təqdimatı olacaq.

 

– O dinamik həyatınıza nə zaman qayıdacaqsınız?

– İnşallah, dinamik həyatıma bu il oktyabr ayından qayıtmaq fikrindəyəm. Lap dinamik həyatıma isə yanvardan qayıdacam. İki yeni premyeramız olacaq. Xatırladım ki, “Qış nağılı” filmində də rol almışam. Ümumiyyətlə rol aldığım hər iki film çox gözəl komediyalardır.

 

– Həyatınızda şansın, uğurun yeri haradadır?

– Onu deyə bilmərəm, uğur Allahdan gəlir, insan gərək məqsədə çatmaq üçün işini sevsin. Qarşısına qoyduğu məqsədə doğru iri addımlarla getsin ki, nəticə əldə edə bilsin. Şans insanın qapısını oturduğu yerdə döymür. Bu, çox nadir hallarda olur. Amma mənə aid olan şey deyil. Yəni oturduğum yerdə uğur əldə etməmişəm, çalışmışam, əziyyət çəkmişəm. Biz hər şeyi özümüz etmişik, çətinliklərlə nəyəsə nail olmuşuq. Şikayətimiz yoxdur, qoy belə də davam eləsin. Çəkişməsən bərkişməzsən.

 

– Həyatınızı gizli yaşamağa qərar vermisiniz. Sizi bu addımı atmağa nə vadar etdi?

– Tanımış simalar daha çox danışılır, müzakirə olunur. İnsanların bizimlə maraqlanması normal haldır. Sadəcə, şəxsi həyatımı artıq heç kimlə bölüşmək istəmirəm. İndiyə qədər özəl həyatımı  hər kəslə yetərincə bölüşdüm, yetərincə uğursuzluqlarla qarşılaşdım. Hamı bilir ki, mənim ailə həyatımda nələr olub… Bundan sonra istəmirəm mənim özəl həyatımı bilsinlər. Ailə mənim şəxsi həyatımdır, bu heç kimi maraqlandırmasın. Xahiş edirəm ki, şəxsi həyatımla bağlı sual verməyin. “Ərim kimdir?”, “hardadır?”, “nəçidir?”, “nə problemi var?” kimi suallar lazım deyil. Bəsdir, artıq çox gündəmdə oldum, şəxsi həyatımla bağlı ona görə də xoşbəxtlik əldə edə bilməmişəm. İndi də istəmirəm bununla bağlı mətbuatda yazılsın. Sizin vasitənizlə media nümayəndələrinə demək istəyirəm ki, yaradıcılığımla bağlı nə sual olsa verin, mən hazıram, amma ailəmlə bağlı heç bir sualı cavablandırmayacam.

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir