telebe yataqxanasi

Ölkəmizdə tələbə yataqxanası ilə bağlı real vəziyyət necədir?

Baxış sayı: 782

Bildiyimiz kimi, sentyabr ayının sonundan ali təhsil müəssisələri əyani şəkildə tədrisə davam edir. Bununla da regionda yaşayan tələbələr şəhərimizə üz tutub. Məlum məsələdir ki, bəzi işbazlar da fürsətdən istifadə edərək kirayə ev qiymətlərini qaldırırlar. Tələbələr üçün yataqxanaların olması isə bu məsələnin ən başlıca həlli yoludur. Tələbə yataqxanası və ya tələbə evi tələbələrin təhsil müddətində kütləvi qaldıqları məkanlara verilən addır.

Bir sıra ölkələrdə yataqxanalar, ümumiyyətlə, ailələrinin yaşadığı şəhərdən fərqli bir şəhərdə yaşayan tələbələr tərəfindən istifadə olunur. Bəs, Azərbaycanda tələbə yataqxanası ilə bağlı real vəziyyət necədir?

Məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov vurğulayır ki, yataqxanaya ehtiyac hər il  olduğu kimi cari ildə də qalmaqdadır:

kamran esedov

“Artıq uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin problemi onların tələbə adı qazanması ilə bitmir. Əksinə, yeni və daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında kirayə evlər və ya yataqxana problemidir. Çox təəssüf ki, yeni tədris ili başlasa da, tələbələrin əbədi problemi – yataqxana problemi bu il də həllini tapa bilməyib.  Baxmayaraq ki, tələbələrin qeyd olunan probleminin hər növbəti ildə aradan qaldırılması ilə bağlı rəsmi qurumlar məlumat verirdi. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il  olduğu kimi cari ildə də qalır”.

Təhsil eksperti hesab edir ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır:

“Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi köçkünlər yerləşdirilirdi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abituriyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır”.

K.Əsədov düşünür ki,  iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər:

“Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və ordan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapa bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir