13

Ölüm gətirən rəqəm, Yol Polisinin “ehtiyat”ı, yoxsa yersiz qorxu? – 13 rəqəminin SİRRİ

Baxış sayı: 877

13 rəqəminin uğursuz olduğuna dair inam dünyada o qədər geniş yayılıb ki, bir çox sahələrdə həyata ciddi təsir edir. Bəzi ölkələrdə qapılara 13 nömrəsi verilmir, təyyarələrdə 13 nömrəli oturacaq qoyulmur, binalarda 13-cü mərtəbə əvəzinə 12 A ya da 14 yazılır. Otellərdə 13-cü nömrə olsa belə insanlar həmin otaqda qalmaq istəmirlər. Hətta Amerikada ayın 13-də işə getməmək, təyyarə və qatar yolçuluğuna alınmış biletin ləğvi, alış-verişin azalması və bu kimi hallardan dolayı ölkəyə milyonlarla dollar ziyan dəyir.

Bəzi mənbələrdə 13 rəqəminin nəhsliyinə inamın Həzrəti İsanın həvarilərinin sayından (12 həvari) qaynaqlandığı bildirilir. Başqa bir yanaşmaya görə, bu stereotipin kökü daha qədimlərə – mifoloji Tanrıların yaşadığına inanılan çağlara – Skandinaviya torpaqlarına qədər gedib çıxır. Rəvayətə görə, o zamanlar vikinqlərin məşhur tanrısı Odin ilə Friqqanın oğlu, ay kraliçası Nannanın həyat yoldaşı, işıq və gözəllik Tanrısı Balder ziyafət verirmiş. Bu ziyafətə 12 insan dəvət edilsə də, yalan və hiylələrin Tanrısı Loki dəvət olunmadığı halda, 13-cü qonaq olaraq ziyafətə qatılmaq istəyir. O, ziyafətə qatılır və çıxan münaqişədə Loki bütün tanrılar tərəfindən də çox sevilən Balderi öldürür. Bu mifik hekayə və inam Skandinaviyadan Avropanın cənubuna doğru yayılır.

Xristian din adamları bu mifik rəvayəti Həzrəti İsanın son yeməyinə uyğunlaşdırırlar. Xristian versiyasında Balderin yerini Hz. İsa, Lokinin yerini də xain İuda tutur. Bu yeməkdən sonra Məsih çarmıxa çəkilərək öldürülür. Bu səbəbdən də xristianlarda bir axşam yeməyində 13 insan bir yerə yığışarsa, bunlardan birinin başına bir fəlakət gələcəyinə inanırlar. Bu inama görə 13 rəqəmi uğursuzdur.

Ayın 13-ü cümə gününə düşərsə, ümumiyyətlə, uğursuz sayılır.

Ancaq hesab olunur ki, insan ayın 13-də doğulubsa, 13 rəqəmi onun uğurlu rəqəmi ola bilir.

13 rəqəminin uğursuzluğuna inancın kökündə bir il içində ayın 13 dəfə bədirlənməsi faktının dayandığını deyənlər də var.

Bu inam bizdən də yan keçməyib. Məsələn, Azərbaycanda maşınlara verilən nömrə nişanlarının kodlarında 13 rəqəmi yoxdur. Beyləqan 11, Biləsuvar 12, ondan sonra gələn Cəbrayılın kodu isə 14 olaraq qeyd olunub.

Ayın 13-ü nəhs gün kimi qəbul edildiyindən bu tarixdə toylar nadir hallarda baş tutur. İnsanlar hətta yaxın ətrafından birinin bu tarixdə toy etdiyini öyrənəndə o tarixi dəyişdirməsini, əks təqdirdə, fəlakət yaşama ehtimalının olduğunu deyirlər. Hətta ayın 13-ü cümə günü evlənənlər arasında qısa müddətdən sonra ayrılanların olmasını məhz bu tarixlə əlaqələndirənlər olur.

 

Psixoloq Azad İsazadə bildirir ki, 13 rəqəminin uğursuz sayılmasının heç bir dinə aidiyyatı yoxdur: “Orta əsrlərdə Fransa kralı ilə bir katolik arasında maliyyə qalmaqalı yaşanır. Bir gün ərzində fransız ordusu hərbi ordeni məhv edir. Bu da ayın 13-ü, beşinci gün baş vermişdi. Təqvimdə 13-ü beşinci günə düşəndə deyirlər ki, nəhs gündür. 13 rəqəmi o vaxtdan pis rəqəm kimi qəbul olunur. Heç bir dinə aidiyyatı yoxdur. İnsanlar qeyri-adi qüvvəyə inanmağı xoşlayır. Əsasən də ümidsizlik halında qeyri-adi qüvvələrə meyl daha da çoxalır”.

 

AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Firudin Qurbansoy bildirdi ki, 13 rəqəminin uğursuz hesab olunması xristianlara aid olan bir məsələdir: “İsa peyğəmbərin 12 həvarisi var idi. Özü ilə birlikdə onlar 13 nəfər idilər. 13-cü həvari peyğəmbəri satdı. Buna görə də 13 xristian aləmində uğursuzluq rəmzi sayılır. Lazım olan yerlərdə say kimi 12 rəqəmi götürülür. Serviz, stullar və s. 12 götürülür. Hər hansı məclisdə çalışırlar ki, say 12-dən çox olanda 24 olsun. Yəni, 12+12 olmasını istəyirlər. 12 rəqəmi bürcə uyğundur. 12 bütövlük sayıldığı halda 13 nəhs rəqəm kimi götürülür. Ayın 13-ü cümə gününə düşəndə Avropa ölkələrində evdən bayıra çıxmırlar. Bu, psixoloji xəstəlikdir. Rum rəqəmləri ilə V və Xlll yazırsan. Rum rəqəmi ilə 5 V hərfidir, 13 isə X və 3 I hərfidir. Bir I hərfini qoyursan X-in önünə, birini V-nin, birini isə V-dən sonraya qoyanda X ili yaranır ki, bu da həyatdan kənar anlamındadır. Vita latın dilində həyat deməkdir. Ona qısaldılmış şəkildə V deyirlər. XV – həyatdan kənar deməkdir ki, bu da ölüm mənasını verir”.

Müsahibimiz qeyd etdi ki, bir sıra Avropa ölkələrinin təyyarələrində 13-cü sıra yoxdur: “Təyyarələrdə 12-dən sonra 14 gəlir. Mehmanxanalarda 13-dən sonra 14-cü mərtəbə var. Bu hal məntiqə sığmayan bir hərəkətdir, analoqu olmayan axmaqlıqdır. Həmin tarixdə evlənib boşanmaq məsələsinə gəlincə, həmin ayrılanlar əslində sadəcə zahirən bir-birlərinin xoşuna gəliblər. Əgər bir-birlərini dərindən tanımaq istəsəydilər, görərdilər ki, ayın 13-nün bu ayrılığa heç bir dəxli yoxdur. Bir-birlərini qəbul etmir və heç cür də bir-birinə güzəştə getmirlərsə, onlar boşanacaqlar”.

F.Qurbansoy bildirir ki, 13 – əbcəd hesabı ilə 4 deməkdir (1+3). “4” rəqəminin ən möhkəm kvadrat olduğunu deyən astroloq, eyni zamanda Allah sözünün 4 hərflə yazıldığını da deyir: “Ərəb əlifbası ilə Allah yazanda 4 hərf olur. 4 müqəddəs rəqəm sayılır. Bu baxımdan, 13 Allaha yaxın bir rəqəmdir. Nəyə görə nəhs olmalıdır? Sadəcə, kim bu tarixdə anadan olubsa ağlına mənfi bir şey gətirməsin. Kim də bu tarixdə toy edirsə, Allah xoşbəxt eləsin”.

 

Millət vəkili Çingiz Qənizadə bu cür amillərə inanmadığını bildirir: “Yaradan-Allahdan başqa o cür inanclara inanmıram. Pirlərə, seyidlərə, cüt-tək, nəhs kimi amillərə inanmıram. Həyat öz axarı ilə gedir, hərənin öz qisməti var. Allah hər kəsin qismətinə nə yazıbsa, o da olacaq. Hüquqi dövlətdə bu cür qadağaların olması hansısa bir hüquqi bazaya söykənməlidir. İctimai bir tələbə söykənməlidir. İndi sizdən eşitdim ki, maşın seriyalarında 13-lə başlayan rəqəm yoxdur. Görünür, nəsə bir inanc var ki, 13 nəhsdir və bunun satılmasında problemlər ola bilər. Bu baxımdan, 13-lə başlayan nömrələri hazırlamayıblar. Amma kimsə də deyə bilər ki, mən 12-dən sonra 13-ü istəyəcəm, niyə vermirsiniz? O zaman nə cavab veriləcək, maraqlıdır. Hesab edirəm ki, hüquqi, demokratik dövlətdə belə inanclara görə bu cür məhdudiyyətlərin olması lazımsızdır”.

 

Millət vəkili Rüfət Quliyev bildirir ki, 13 rəqəminin nəhs olması ilə bağlı bütün dünyada fikir var: “Gözümlə görmüşəm ki, Avropanın bir çox ölkələrində otellərin 13-cü mərtəbəsi yoxdur. Təyyarələrdə eləsi var ki, 13-cü cərgə yoxdur. Binaların, evlərin üstünə 13 rəqəmini yazmırlar. 13 rəqəminin nəhsliyi ilə bağlı fikir yazılmamış qanun kimidir. Ancaq fikrimcə, 13 rəqəminin avtomobil nömrə nişanlarında olması yaxşı olardı”.

R.Quliyev bildirir ki, o özü dostları ilə harasa gedəndə təyyarədə 13-cü cərgədə oturanda və yaxud otellərdə olanda nəhs yerdə oturmaqla bağlı zarafat edirlər: “Biz bu fikrə zarafatla yanaşsaq da, adamlar var ki, ciddi baxırlar”.

 

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, 13 rəqəmindən zərurət olduğu halda istifadə olunacaq: “Regionlar üzrə dövlət qeydiyyat nişanlarının kodlaşdırılması aparılarkən 13 və digər bəzi rəqəmlər ehtiyat kodu kimi müəyyənləşdirilib və zərurət yarandığı halda istifadəyə buraxılacaqdır”. (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir