qrip

Ölüm riski daşıyan qripdən qorunmağın yolları

Baxış sayı: 710

Səhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci ilin payız-qış mövsümündə ölkədə qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Nazirlikdən verilən məlumata görə, sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qripə yoluxma halları tez-tez baş verdiyindən çox insan bu virusu o qədər də ciddiyə almır. Demək olar, hər kəs xəstəliyi ayaq üstü keçirir. Lakin mütəxəssislər bildirir ki, qrip dünyada ən təhlükəli xəstəliklərdən birdir və ölümə də səbəb ola bilər. Həkimlər qripdən ölüm hallarını daha çox ətraf mühitin çirklənməsi, çirkli hava kütlələri, yanlış qidalanma və qripin genetikasının dəyişməsi ilə əlaqələndirirlər.

Vaqif Qarayev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “açıqlama verən həkim Vaqif Qarayev öncə bildirdi ki, adətən məişətdə adi burun tutulmasına da qrip deyirlər ki, bu da yanlışdır: “Qrip xüsusi törədicisi olan, ölümcül fəsadlara səbəbiyyət verən bir xəstəlikdir. Bu xəstəlik milyonlarla insanın ölümünə səbəb olan epidemiyalar yaradır. Bu xəstəliyin A , B, C tipləri var. Son zamanlar , “quş qripi”, “donuz qripi” adlandırılan epidemiyalar ölümcül virus xəstəlikləri və A tipinin mutasiya olunmuş formalarıdır. Ümumiyyətlə, bu viruslar gündəlik mutasiya olunur, ona görə qripə yoluxan insanlar deyir ki, heç vaxt belə olmamışdım. Bizdə bu ay üçün qrip yoxdur, lakin mövsüm dəyişkənliyi ilə bağlı kəskin respirator xəstəliklər var. Uşaqlar və yaşlı insanlarda bədənin müdafiə gücü zəif olduğu üçün onlar bu xəstəliklərə tez yoluxurlar. Eyni zamanda, bəzi uşaq kollektivləri var ki, bu xəstəliklərin yayılmasında çox böyük rol oynayır. Hər bir ölkənin səhiyyə təşkilatları virus xəstəlikləri ilə bağlı əhalini təlimatlandırır. Xüsusilə uşaq kollektivlərinə ciddi xəbərdarlıq olunur ki, xəstə uşaqlar sağalanadək kollektivə buraxılmasın. Bu, bizdə böyük bəladır. Qəbula gələnlərə deyirik ki, uşaq bir müddət bağçaya, məktəbə getməməlidir. Valideynin gözü kəlləsinə çıxır ki, belə şey ola bilməz. Bunu altında qırmızı xətt çəkərək deyirəm ki, əgər xəstə uşaq məktəbə və ya bağçaya gedirsə, əvvəlcə özü gec sağalacaq, sonra da virusun kollektivdə yayılmasına səbəb olacaq. Burada həm valideyn, həm də müəssisə rəhbərləri günahkardır”.

Mütəxəssis xəstəliklərdən qorunmaq üçün qidalanmaya xüsusi diqqət ayırılmasının çox vacib olduğunu bildirdi: “Qidalanma faktoru çox önəmlidir. Xüsusilə uşaqların qidalanmasına diqqət ayırılmalıdır. Xüsusilə uşaqları çipslərdən, bu cür kulinariya məmulatlarından uzaq tutun. İmmunitetin güclü olmasını istəyiriksə, gündəlik menyumuzda zülal, yağ, karbohidrat kimi inqridiyentlərə, eyni zamanda, isti və duru yeməklərə yer ayırmalıyıq.  İkinci məsələ insanların keyfiyyətli qidalanmasıdır. Valideynlər əllərinə nə keçir verirlər uşaqlarına, bu da doğru yanaşma deyil. Bəzən mən fikir verirəm ki, dükanlarda bəzi məhsulların üzərində məhsul barəsində məlumatlar yoxdur. Biz də fikir vermədən bu cür qidalardan istifadə edirik. Bu cür xəstəliklərdən qorunmaq üçün diqqət etməyimiz lazım olan digər məsələ mütəmadi olaraq təmiz havanın qəbul olunmasıdır. Bəzən fikir verirəm ki, valideynlər uşaqlarını açıq havaya çıxarıb, ağzını burnunu bağlayıb. Onda niyə çıxarmısan ki? Zətən bu uşaq təmiz hava qəbul etmir. Olmaz belə şeylər. Onu da qeyd edim ki, xüsusilə uşaqları insanların sıx toplaşdığı yerlərə aparmaq olmaz. Burada kifayət qədər xəstə insan ola bilər. Digər məsələ hərəkətli həyat şəraitidir. Müntəzəm olaraq valideynlər özləri ilə birgə övladlarını da yürüşə çıxarmalıdır. Daha sonra əllərimizin təmizliyi məsələsi gəlir. Mən hər zaman demişəm ki, insanın ən çirkli olan əzası əlləridir. Hər gec yatmamışdan öncə əllərimizi yaxşı-yaxşı yumalıyıq. Bəzən insanlar  xəstəliyi digər insanlara yoluxdurmamaq üçün maskalardan istifadə edir. Əlbəttə, istifadə olunsa, daha yaxşıdır. Lakin bunun çox effektli yol olduğunu düşünmürəm. O maskanı taxarkən də burnumuzu yox ağzımızı örtməliyik. Oturduğumuz otağın havası tez-tez dəyişməlidir. Bu da vacib məsələlərdən biridir. Qidalarımız arasında meyvə-tərəvəz və maye mütləq olmalıdır”.

Vaqif Qarayev qripin evdə müalicəsinin sonradan daha böyük fəsadlara gətirib çıxara biləcəyini dı qeyd etdi: “Bəzən insanlar qripə barmaqarası yanaşır. Evdə öz üsulları, xalq təbabəti ilə müalicə etməyə çalışırlar. Lakin unutmaq olmaz ki, bu xəstəlik sonradan böyük fəsadlara səbəb ola bilər. Bu məsələdə uşaqlarımıza qarşı daha həssas yanaşmalıyıq. Xəstəlik sonrada qulaqda ağrıya, sinusit, yəni xalq arasında haymorit, tənəffüs yollarında infeksion xəstəliklər, pnevmoniya kimi ciddi xəstəliklərə çevrilə bilər. Temperatur 38 dərəcəni keçdisə, artıq mütləq həkimə müraciət etmək lazımdır. Bu bizim və övladlarımızın sağlam gələcəyi üçün önəmlidir”.

 

Məleykə AĞASOY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir