usaq

Onları gerçəkdənmi, girdabdan ancaq rəsmilər qurtarmalıdır?

Baxış sayı: 614

Mərasimlərin qadağan olduğu bir vaxtda gündəmimizi gizli keçirilən toy-nişan xəbərləri ilə yanaşı, uşaqkən ərə verilənlər üçün düzənlənən şadlıqlar da zəbt edir. Ümumiyyətlə, son vaxtlar uşaqlara qarşı zorakılıq artmaqdadır.

 

Məktəb, yoxsa çörək gözləyən ailə?

Mayın son günləri azyaşlı qızın çobanlıq etməsi ilə bağlı daxil olmuş məlumata əsasən, Bakı ətrafındakı qəsəbəyə gedərək vəziyyəti yerində öyrənməyə çalışdıq. Gördüklərimizdən xeyli təəccübləndik. 14 yaşlı qız hər gün Hövsanda yaşadığı “ev”dən Zığ şosesi adlanan yerə gedərək, magistral yolun kənarında qoyun otarır. Təxminən səhər saat 5-dən evdən çıxıb iki saatlıq yol qət edən qız axşam saat 9-da evə qayıdır. Ümumilikdə gündə dörd saat vaxt yoluna gedir. Mal-qarası avtomobillərin sıx hərəkət etdiyi magistrala çıxdıqda isə həyatını riskə ataraq onları qaytarır.

Qızın ailəsi ilə tanış olduqda yəqin etdik ki, burada 14 yaşlı qızdan savayı heç kəs işləməyi özünə rəva bilmir. Məktəbli qız isə çöllərdə qoyun otarır.

 

On beş yaşında ana olan uşaq

Uşaqların Hüquqlarının Müdafiəsi Günü, yəni iyunun birində 15 yaşlı bir qız uşaq “statusundan” çıxdı – ana oldu. Ağcabədi rayon xəstəxanasına ağır vəziyyətdə çatdırılan yeniyetmə qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirdi.

Yeniyetmənin nənəsinin durumla bağlı açıqlaması isə belə oldu ki, qız xalası oğluna nişanlı imiş (15 yaşında!), ancaq xalası rəhmətə gedib və onun əri ilə oğullarına baxan olmadığından qız öz xoşu ilə xalasıgilə köçüb və nişanlısının ailəsi ilə birgə yaşayıb.

 

Özündən az qala üç dəfə yaşlı biri ilə nişanlandı

İyun ayının 5-də Lənkəran rayonu ərazisində yerləşən istirahət mərkəzlərindən birində 14 yaşlı qızla 38 yaşlı kişinin nişan mərasiminin keçirilməsi barədə yayılan məlumatlar rezonans doğurdu. Qızın anası bu əməlinə haqq qazandırmaq üçün: “Mən özüm xəstəyəm, bu vəziyyətdə yaşadığıma görə qızıma ad eləmə məclisi keçirmişəm”, – deyə izahatda yazıb.

 

Xəbərləri rəsmi qurumlar da oxuyur, bəs nəticəsi?

Sözügedən problemlərə rəsmi qurumlar da maraqlanmışdılar. Nəticəsini Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərovdan soruşduq.

“Suraxanı Rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ailəni ziyarət ediblər. Anasının xəstə, atasının isə işsiz olduğu müəyyənləşdirilib. Hazırda atanın məşğulluqla təmin edilməsi istiqamətində işlər aparılır. Uşağın təhsili də artıq bərpa edilib və o, məktəbə gedir. Məktəb ləvazimatları ilə bağlı da dəstək göstərilir”, – deyə qurum rəsmisi Hövsanda çobanlıq edən qızla bağlı məlumat verib.

“Ağcabədidə 15 yaşında ana olan qızla bağlı 1 iyunda cinayət işi açılıb. Qız doğum evindən çıxandan sonra övladı ilə birgə ata evinə qayıdıb, birgəyaşayışın qarşısı alınıb. Onunla bağlı məlumatları gözləyirik”, – E.Səfərov bildirir.\

On dörd yaşlı qızın özündən 24 yaş böyük olan kişi ilə nişanlanma mərasimi haqda danışan Səfərov qeyd edib ki, nikahın qarşısı alınıb, birgəyaşayış yoxdur, ailə nəzarət altındadır: “Ailəyə də bildirilib ki, yaş məhdudiyyətinə əməl edilmədiyi halda onlar cinayət məsuliyyətinə cəlb ediləcəklər. Cinayət baş verməmişdi, birgəyaşayış olsaydı, nikah olsaydı, avtomatik cinayət məsuliyyəti yaranacaqdı”.

 

Qız razı olsa belə, qanun var

“Hansı ailə ki, erkən nikahı qəbul edir, o ailədə ata və ananın verdiyi tərbiyə bundan ibarət olur ki, qız uşağı bilir ki, hansı yaşda artıq nikaha hazır olmalıdır. Qız uşağı psixoloq nəzarətinə götürüləndə “mən nikaha hazıram, öz razılığımla bu addımı atıram” deyərsə belə, bu o demək deyil ki, biz buna razı olacağıq. Qanunvericilik var, ona görə də bununla bağlı öhdəlik var. Bu və bu kimi hadisələrlə əlaqədar olaraq həm əks addım atılarsa yaranacaq məsuliyyət, həm də erkən nikahın fəsadları izah edilir”, – Dövlət Komitəsinin nümayəndəsi deyib.

 

Gürcüstan araşdırma aparıb, təklifə isə susur

E.Səfərov həmçinin bir neçə ay öncə Gürcüstanda 11 yaşlı qızın 15 yaşlı oğlanla nişanlanması hadisəsi ilə bağlı görülən yekun işlərdən də danışdı: “Gürcüstanda erkən nikaha cəlb olunan azərbaycanlı ilə bağlı olaraq isə onu deyim ki, onun Azərbaycan vətəndaşı olmamasına baxmayaraq komitə tərəfindən də həm oranın ombudsman aparatına, həm Ədliyyə, həm də Daxili İşlər Nazirliyinə müraciət edildi. Gürcüstan hökumətindən bildirildi ki, özləri həmin regionda nəzarəti gücləndirəcəklər. Onlar söylədilər ki, primitiv maarifləndirmə kampaniyaların keçirilməsinə baxmayaraq, təəssüf ki, bu kimi faktlar var. Lakin sırf həmin fakta gəldikdə, onun qarşısı alınıb, heç bir nikah yoxdur.

Bundan başqa, biz təklif etdik ki, regionalarda kampaniyaların keçirilməsi, maarifləndirici materialların Azərbaycan dilində yayımı, təlimlər keçirilsin. Lakin hələlik bu təklifimizə heç bir müsbət cavab gəlməyib”.

 

Bakı bölgələri qabaqlamağa başlayıb

Elgün Səfərov son illərdə uşaq nikahlarının 10 dəfəyədək azaldığını bildirib: “Din xadimləri tərəfindən dini nikaha daxil olanadək rəsmi şəkildə şəhadətnamənin təqdim edilməsi məqsəd kimi qoyulub. Bununla bağlı olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə qərara gəlinib. Din xadimlərinə tövsiyə sənədlər də təqdim edilib. Bu amil uşaq nikahlarının sayının aşağı düşməsinə səbəb olub. 10 il əvvəl 4500 civarında olan uşaq nikahları bu gün 350 civarındadır”.

Komitə rəsmisi bildirir ki, xüsusən də cənub zonasında uşaq nikahlarının sayı xeyli azalıb. Uşaq nikahlarının respublika üzrə sayına görə cənub bölgəsi 5-6-cı yerlərdədir. Cənub zonasından fərqli olaraq Bakı şəhəri və Bakı kəndlərindəki vəziyyət bir o qədər də ürəkaçan deyil: “Bakı kəndləri uşaq nikahlarına görə respublikada ilk yerdə qərarlaşıb”.

E.Səfərov uşaq nikahlarına cəlb edilən oğlan uşaqlarının sayında da azalmaların olduğunu bildirir və vurğulayır ki, yetkinlik yaşına çatmayan oğlan uşaqları arasında 2019-2020-ci illərdə nikaha məcburedilmə ilə bağlı 1 fakt qeydə alınıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir