ders

Onlayn platformaya köçən repetitorluq

Baxış sayı: 233

“Repetitorluq zamanın tələbidir”-  bu fikrin artıq aksioma çevrilməsi sirr deyil. Demək olar ki, imkanlı, ya imkansız – hər bir valideyn uşağını ən azı bir fəndən repetitor hazırlığına yönləndirir. Repetitorluq sürətli təhsil, hətta valideyn və uşaqların tələbatına ani reaksiya hesab edilir. Həmçinin, valideynlər övladlarının daha dərin bilik və bacarıqlara yiyələnməsi, rəqabət qabiliyyətlərinin artması üçün onların əlavə hazırlığına ehtiyac duyaraq, repetitorlara ödədikləri xərci, artıq çoxdan aylıq çıxarlarının mühüm hissəsinə daxil ediblər. Qəbul imtahanları ilə üz-üzə olan yuxarı sinif şagirdləri üçünsə bu xidmət daha böyük məna kəsb edir. Belə ki, ali məktəbə daxil olmaq istəyənlərin yüksək bal toplamaq istəklərinə pandemiyanın özünütəcrid mexanizmi qətiyyən mane ola bilmir. Ona görə, repetitorluq da onlayn platformaya köçüb. Məsələn, yaxın Rusiyada son günlərin trendi onlayn-aqreqatorlar və təhsil platformalarının yükünün iki-üç dəfə artmasıdır. Müxtəlif platformalar distant repetitor xidmətləri təklif edirlər. Profi.ru saytında ölkə üzrə təkcə keçən həftə 350 000 repetitor qeydiyyatdan keçib. Keçən illə müqayisədə onlayn tədris təklifləri xeyli artıb.  Ən populyar predmetlər isə ingilis dili, riyaziyyat, informatikadır.

Karantin qaydaları bizim ölkəmizdə də repetitorların qarşısında müəyyən qadağalar yaratsa da, xüsusən İKT bilikləri yüksək olan və evində bu istiqamətdə imkanlar yarada bilən müəllimlər çıxış yolunu tapıblar.   Söhbətləşdiyim valideynlərdən birinin fikrini çatdırıram: “Oğlum 11-ci sinifdə oxuyur. Qəbula hazırlaşır. İki həftədən çoxdur ki, hazırlıqlarını onlayn şəkildə həyata keçirir. Dərslər videokonfrans şəklində keçirilir. Deməzdim ki, bu, üz-üzə dərsləri əvəz edir, amma yenə də effektlidir. Bəzən dərsin gedişatına internetin sürəti mane olur, görüntülər zəifləyir. Onlayn dərsə daha çox mane olan həm də texniki problemlərdir”. Yəni şagird, oxuduğu məktəbin onlayn dərslərinə, Təhsil Nazirliyinin həyata keçirdiyi teledərslərə qoşulmaqla yanaşı, repetitorların xidmətindən də onlayn yararlana bilir.

Müəllimlərin şəraitə uyğun fikirləri, demək olar ki, valideynlərlə uyğunluq təşkil etsə də, məsələnin görünməyən tərəflərinə də güzgü tutur.

 

Əməkdar müəllim Almaz Həsrətinn sözlərinə görə, onlayn dərslərin keçirilməsi bizdə birdən-birə baş verməyib. Belə ki, artıq on ilə yaxındır ki, bu proses Azərbaycan təhsilində, xüsusən orta məktəblərdə özünü göstərib: “2011-2012- ci illərdə ilk dəfə olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların dərsdən geri qalmaması üçün Bakı məktəblərinin birində onlayn təhsilə keçid alınmışdı. 2013-cü ldə “Elektron məktəb – elektron müəllim” layihəsini həyata keçirərkən bu  layihə çərçivəsində mənim tərəfimdən kurslar təşkil olunmuşdu. Ölkə daxilində olan müəllimlər bu kurslara qatılmışdılar ki, indi onların bəhrəsini görürük”. A.Həsrət qeyd edir ki, hazırda onlayn dərslərə keçid zamanı yetişib. Belə ki,  sinif daxilində olan dərslər, mövcud duruma əsasən artıq şəbəkəyə ötürülüb və şəbəkə dərslərinə keçib: “Sosial alətlərdən, müxtəlif platformalardan istifadə etməklə, müəllimlər öyrəndikləri bütün bilik və bacarıqları tətbiq edərək dərslərinə davam edirlər. Mükəmməl olmasa da, yaxşı haldır ki, əksər müəllimlərimiz şagirdlərin təhsildən geri qalmaması üçün əllərindən gələni edirlər. Hansı şagirdin evdə İKT imkanı varsa, onlar da prosesə qoşulurlar. Ətrafımızda repetitor müəllimlər çoxdur. Bu istiqamətdə çalışan kurslar da az deyil. Repetitor müəllimlər var ki, onlar nəinki özləri hazırlaşdırdıqları şagirdlərə, hətta digər müraciət edən şagirdlərə də təmənnasız yardım göstərmək üçün onalyn dərslər keçirlər. Müəllimlər onlayn dərslərini müxtəlif platformalar – zoom, whatsap, skayp proqramları vasitəsilə həyata keçirirlər. Onlar şagirdlərin geri qalmaması üçün əllərindən gələni edirlər”. Ekspertin sözlərinə görə, onlayn platformalar vasitəsilə dərs keçən müəllimlər arasında repetitor müəllimlər də çoxluq təşkil edir: “Onlar əvvəllər üz-üzə keçdikləri dərslərdə şagirdlərinə ayırdıqları diqqətdən indi daha çox diqqət ayırırlar ki, şagirdlərdə hər hansı geriləmə olmasın”. A.Həsrətin fikrincə, bu məsələdə, məsələn, Rusiya ilə paralellər aparmaq doğru deyil. Belə ki, qonşu ölkənin təhsil proqramlarında bizim təhsil proqramlarında olduğu kimi yeni təlim proqramı – kurikulum, açıq və qapalı testlərlə  deyil, köhnə sistemə uyğun sual-cavablar (EGE) qaldığı üçün köhnə müəllimlər üstünlük təşkil edir: “Onlara da məzmun öyrənmək üçün üz tuturlar. Bizdə isə repetitorluqla məşğul olan və xüsusi kurslarda dərs deyən müəllimlərə diqqət etsəniz, yaşı 55-60-a qədər olan, yəni İKT bilik və bacarıqlarına malik müəllimlərdir. Məzmun əldə olunması ilə yanaşı, bacarığın da əldə olunması əsas götürülür. Bu baxımdan, repetitor kimi daha yaşlı müəllimlərin yanına gedən yoxdur. Çünki tələbə uyğun olaraq, valideynlər özləri orta yaş həddində olan repetitor müəllimlərə üstünlük verirlər”. Ekspertin sözlərinə görə,  hazırda İKT bacarığı olan müəllimlər repetitorluqdan geriləməyiblər: “Elə  müəllim var ki, evində İKT avadanlığı yoxdur. Amma biz bir neçə iş adamlarına müraciət etdik. Onlar ya şagirdin evi üçün internetin çəkilməsini təmin ediblər, ya da müəllimin özünə şərait yaradıblar. Hansısa imkanlı valideyn bunu edib ki, övladlarının dərs aldığı sinfin şagirdləri təhsildən geri qalmasınlar. Biz müəllimlər də birləşib bütün şagirdlərimizi mövcud platformalardan istifadə etməklə sabaha hazırlamağa hazırıq”.

 

Tarix müəllimi Pərviz Ağalarov bildirir ki, koronavirus pandemiyası ilə bağlı elan olunan xüsusi karantin rejimi  repetitorluğa xeyli ziyan vurub. Xüsusilə İKT bacarığı olmayan müəllimlər, demək olar ki, işsiz qalıb. Belə ki, bu müəllimlər daha çox orta və yaşlı nəslə məxsusdur: “Orta məktəblər onlayn dərslərə keçiblər. Həmçinin Təhsil Nazirliyi “Virtual məktəb” layihəsini irəli sürüb. Dövlət İmtahan Mərkəzi də onlayn dərs və sınaqlara keçdiyindən, qeyd etdiyim kateqoriyadan olan müəllim-repetitorlara müraciət edən şagirdlər və abituriyentlər artıq yenidən rəsmi təhsil ocaqlarına üz tuturlar. Belə deyək ki, pandemiya  abituriyentləri xeyli dərəcədə yenidən təhsil  verən rəsmi strukturlara qaytarıb. Amma İKT bacarığı olan müəllimlər, xüsusilə gənclər  dərslərini yaranmış şəraitə uyğun olaraq, online formada keçirlər. Yəni pandemiya və karantin rejiminin qaydalarına baxmayaraq, repetitorluq hələ də davam etməkdədir. Təbii ki, buna daha çox meyl edənlər də məhz yuxarı – 10-11-ci sinif şagirdləridir”. P.Ağalarovun sözlərinə görə, bacarıqlı repetitorlar müxtəlif proqramlardan – zoom, diskord, skype və s. istifadə etməklə online dərslər keçirlər: “Bəzi  müəllimlər isə “youtube” kanalı açmaqla dərslərini davam etdirməkdədirlər. Valideynlər də aylıq ödənişlərini karta ödəməklə həyata keçirirlər”. P.Ağalarovun fikrincə, distant təhsil və ya online dərslər ənənəvi təhsilin yerini verə bilməz: “Bu, xüsusilə təhsilalanların bilik və bacarıqlarının yoxlanması prosesində öz mənfi təzahürlərini büruzə verir. Məsələn, verilən test tapşırıqlarının yerinə yetirilməsi ciddi problemdir”.

 

Bununla belə, dünyanın hər yerində ekspertlər hesab edirlər ki, çətinliklər və qüsurlar olsa belə, onlayn təhsil, virtual məktəb və ya teledərslər pandemiya dövründə təhsilverənlər və təhsil alanlar üçün vəziyyətdən yeganə çıxış yoludur. Repetitorlar da, dərs verdikləri təhsilalanlar da bu gəminin sərnişinləridir.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir