online alis-veris

Online alış-veriş barədə bilmədiklərimiz

Baxış sayı: 2. 038
Son illərin əsas trendi heç şübhəsiz ki, onlayn alış-verişdir. Bank kartı olan istənilən şəxs internetdə gördüyü malları əlavə vaxt və enerji sərf etmədən satın alır. Lakin alış-veriş saytlarında “serfinq” edərək satıcı kaprizi, basabas diskomfortu olmadan edə bilinəcək bu alış-veriş növü heç də hər zaman müsbət nəticə vermir.
Online alış-verişin düsturu
Budəfəki yazımızda online alış-veriş barədə bilmədiyimiz bəzi detalları işıqlandıracağıq. Öncə ondan başlayaq ki, internetlə alış-veriş etmək insanlara ilk növbədə vaxt qazandırır. Bir məhsulu internet vasitasilə 7 gün, 24 saat müddət ərzində araşdırıb incələyə bilərsiniz. Digər mallar ilə dərhal qarşılaşdırma, müqayisə aparma imkanları da öz yerində. Sözügedən məhsulun bütün marka və növlərini eyni anda görə bilərsiniz. E-ticarət sayəsində mağaza-mağaza gəzib yorulmur, nəqliyyat, parkinq xərci ödəmirik, həm də saatlarla zamanımız bizə qalır.
Daha bir məqam. Virtual dünyadakı alış-veriş klassik mağazada etdiyimiz alış-verişdən daha ucuzdur. Virtual iş dünyasındakı mağaza kirayəsi, işçi məvacibi, elektrik və sair xərclər olmadığından, bu, malın qiymətinə də avtomatik təsir edir. Bundan başqa, virtual dünyada ediləcək qısa bir gəzinti ilə satın alınacaq məhsulla bağlı mütəxəssis və istehlakçı rəyləri ilə də tanış olmaq mümkündür. Bundan başqa, bir çox mağaza e-posta servisi ilə sifarişin hansı mərhələdə olduğu haqqında (karqoya nə zaman verildi, nə qədər müddətdə təslimat olacaq) müştərsini də məlumatlandırmaqdadır. Online satışla məşğul olan bir çox mağaza müştərilərinin ödəmə məlumatlarını qorumaq üçün bir çox təhlükəsizlik qaydalarına (SLL, SET) riayət edir.
Burada ən vacib məsələ təhlükəsizlikdir. Bu məsələdə çox diqqətli olmaq lazımdır. “İnternetdə kredit kartı məlumatlarını vermək güvənlidirmi” sualının cavabına gəlincə, dünyada 100 faiz təhlükəsiz sistem yoxdur. Hər sistem ələ keçirilə bilər. Amma gerçək həyatda kredit kartı məlumatlarınız daha asanlıqla ələ keçirilə bilir. Bir neçə bəsit önləyici tədbirlər alanda görmək olur ki, virtual dünyadakı alış-verişdə kredit kartından istifadə etmək daha az risk daşıyır, nəinki restoran və ya dükanda. Alış-veriş etdiyimiz yerlərdə, restoranlarda, yanacaqdoldurma məntəqələrində və sair kartımızı kimlərəsə təslim edə bilirik. Halbuki təhlükəsiz internet saytlarında bu risk daha aşağıdır. Qısacası internetdən alış-veriş edərkən əlavə bir narahatçılıq yersizdir.
Mütəxəssislər məsləhət görür ki, daha öncə internet üzərindən alış-veriş etməmisizsə, kitab və CD kimi nisbətən ucuz məhsullar sifariş edərək başlayın. Bundan başqa, hər kəs bir veb səhifəsi aça bilər. Sadəcə, təhlükəsiz, bilinən veb xaricində ismi tanınan marka quruluşlarının veb səhifəsindən alış-veriş edin. Alış-veriş etdiyiniz saytlardakı bütün məlumatları yaxşıca oxuyun. Xüsusən də kredit kartınızdan nə qədər pul çəkiləcəyi, məhsulun neçə gün içində, hansı formada göndəriləcəyi, daşınma xərcinin də sizə aid olub-olmadığını diqqətlə oxuyun.
Amerikada aparılan bir araşdırmaya görə, istehlakçıların 33 faizi məhsul seçib, sonra mağazaya gedir. 19 faiz isə mağazaya gedib, sonra online məhsulu satın alır. Bu da onun sübutudur ki, istehlakçı artıq internetdə araşdırma və incələmə etmədən alış-veriş etmir. Bu isə onu göstərir ki, yaxın gələcəkdə biz istehlakçılar olaraq mağaza-mağaza gəzib, məhsul satın almayacağıq. Hər şey kompüterin bir düyməsinin əmrində olacaq. Hətta insanların market alış-verişini də onlayn qaydada həyata keçirəcəyi yaxın gələcəkdə baş verə bilər.
Ziyanları… say, say bitmir
Bütün hallarda bu seçimin müsbət və mənfi tərəfləri var. Öncə onlayn alış-verişin mənfi tərəfləri haqda:
1. İnternetdən alacağınız məhsulu gözlə görməyəcəyiniz üçün və əllə yoxlaya bilməyəcəyinə görə, sonuc satıcının insafına və ya insan kimi “keyfiyyət”inə qalıb.
2. Əgər çox tanınmamış saytlardan alış-veriş etmisizsə, bu halda aldadılma riskiniz var. Çünki öncə pulu verir, sonra məhsulu əldə edirsiniz.
3. Aldığınız məhsulu dəyişdirmək və ya qaytarmaq çox əziyyətli bir iş olacaq. Məsələn, məhsulda qüsur varsa, bunu istehsalçıya sübut etmək üçün o dünyanın əzabını görüb qayıdacaqsız.
4. Aldığınız məhsul gələcəkdə xarab olarsa, zəmanət məsələsini həll etmək də sıxıntı yaradacaq.
5. Daşınma zamanı məhsulun sıradan çıxma ehtimalı da böyükdür.
6. Kompüterinizdə virus olduğu və ya səhifə təhlükəsizliyi olmadığı halda kredit kartı məlumatlarınız başqalarının əlinə keçə bilər.
7. Satın aldığınız məhsulun gəlməsi məsafəyə bağlı olaraq 1-5 gün arasında dəyişə bilər.
8. Saxta alış-veriş saytlarında aldadılma ehtimallarınız böyükdür.
Mağaza-mağaza gəzmirsən, 14 gün içində geri qaytarırsan…
Amma zərərlərini yazıb, üstünlüklərini yazmamaq insafsızlıq olar. Bu da online alış-verişin faydası:
1. İnternetdə satılan məhsullar mağaza qiymətləri ilə müqayisədə daha ucuzdur.
2. İnternetdə axtardığımız məhsulun qiymət araşdırması daha asan həyata keçirilir.
3. Mağaza-mağaza gəzməyə ehtiyac görmədən məhsul araşdırması etmək mümkündür.
4. Məhsulu alanların şərhlərini oxuyub, onun haqqında məlumat sahibi olmaq mümkündür.
5. Axtardığınız məhsulu zəhmətsiz və asan yoldan çatmaq mümkündür.
6. Kredit kartı, pul köçürmə və ya qapıda ödəmə seçimləri var ki, bu da müştəriyə yüngüllük yaradır.
7. Xoşunuza gəlməyən məhsulu 14 gün içərisində şərtsiz geri qaytara bilərsiz.
Bütün bunlar məsələnin nəzəri tərəfləridir. Amma online alış-veriş edən bəzi xanımlar daha çox internetdə təqdim olunan malla evə göndərilən mal arasında fərq olmasından şikayətlənirlər. Bir çox hallarda isə malın keyfiyyəti qaneedici olmayıb. Belə ki, online alış-veriş saytlarındakı məhsulların fotolarında xüsusi effektlərdən istifadə olunur. Bu, daha çox geyim əşyalarına aiddir. Belə ki, bu zaman onun görüntüsü aldadıcı olur, parlaq və əlvan rəngdə görünən geyim müştəriyə çatdırılanda heç də həmin effektdə olmadığı üzə çıxır.
Sevinc TELMANQIZI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir