ders

Orta təhsili vaxtından əvvəl bitirməyin nə kimi əhəmiyyəti var?

Baxış sayı: 1. 139

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, eksternat imtahanları 14-15 yanvar tarixlərində paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunacaq. Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq. Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək. Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, son illər təhsilin kütləviliyi, əhatəliliyi, fasiləsizliyi və varisliyinin təmin olunması baxımından təhsilin məktəbəqədər pilləsindən tutmuş, doktorantura pilləsinə qədər hamı üçün əlçatan olması istiqamətində müəyyən addımlar atılıb: “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nda edilən dəyişikliklər, istedadlı olub-olmamasından asılı olmayaraq, ölkədəki bütün 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunması, 6 yaşı təqvim ilinin sonuna qədər tamam olan bütün uşaqların birinci sinfə qəbuluna imkan yaradılması, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçirilməsi, ali məktəblərə qəbul olunarkən abituriyentlərə ikinci dəfə şans verilməsi və s. bu kimi bir çox dəyişikliklər buna misal ola bilər. O cümlədən, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar da bu qəbildən olan tədbirlərdən biri olub, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən həyata keçirilir. Qabaqcadan da bildirildiyi kimi, test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq və yaradılmış komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək. Bu kimi stimullaşdırıcı tədbirlərin nəyi pisdir? Əgər bir şəxs hər hansı bir səbəbdən 9-cu sinifdə məktəbdən ayrılıbsa, bu o demək deyil ki, o insan elə o məhdudiyyət çərçivəsində də qalmalıdır. Burada həm də insan hüquqlarının təminatı məsələsi var. Əgər bir məzun ali məktəbə imtahan verərkən, hər hansı bir gərginlik keçirərək, psixi sarsıntıya məruz qalıbsa, bu o demək deyil ki, onun biliyi test tapşırığındakı 5-3 sualla məhdudlaşır. O cümlədən də, əgər hər hansı bir uşaq tədris proqramını tam mənimsəyərək, xüsusi istedad nümayiş etdirirsə, məktəbi daha tez başa vura bilməsini niyə əngəlləməliyik ki? Onu da qeyd edim ki, belə bir qayda hələ sovetlər dönəmində tətbiq olunurdu. Məsələn, beşinci sinifdə təhsil alan şagirdin əgər fitri istedadı var idisə, xüsusi komissiyanın iştirakı ilə eksternat imtahanı keçirməklə, onu bir pillə yuxarı sinfə keçirirdilər. Nəzərə almaq lazımdır ki, biz beynəlxalq təhsil sisteminə inteqrasiya edirik, Boloniya təhsil sisteminə qoşulmuşuq, dünyanın müxtəlif təhsil təcrübələrini öyrənirik. Ona görə də, bu kimi dəyişikliklər dünya təhsili standartlarına uyğunlaşmaq baxımından da zəruridir. Bir də ki, əgər böyüklər üçün yaş məhdudiyyəti aradan qaldırılıb onlara 50-60 yaşında belə ali məktəbə daxil olmaq və ya ikinci ixtisas seçmək üçün imkan yaradırıqsa, nə üçün kiçiklərin intellektual inkişafına yardımçı olmayaq? Əlbəttə ki, bu kimi proseslərin icrası tam obyektivlik, aşkarlıq və şəffaflıq tələb edir”.

Təhsil eksperti Kamran Əsədov söylədi ki, istedadlı uşaqlar orta məktəbi vaxtından əvvəl başa vurması çox vacib məsələdir: “Çünki həmin uşaqlar tədris proqramını vaxtından əvvəl mənimsəyirlər. Azərbaycanda təhsil haqqında qanuna görə, orta ümumtəhsil məktəblərinin tədris proqramını vaxtında əvvəl mənimsəyə bilən şagirdlərin məktəbi vaxtından əvvəl bitirməsinə icazə verilir. Məncə, bu, kifayət qədər uğurlu bir addımdır. Çünki orta ümumtəhsil məktəblərinin proqramı təkrar keçməsinin həmin uşağın bilik və bacarıqlarına o qədər də əhəmiyyətli təsiri yoxdur. Bu məqsədlə müvafiq komissiya yaradılıb və uşaqların bilik və bacarıqları yoxlanılır. Şagird tədris proqramını tam şəkildə mənimsəyə bilirsə, vaxtından əvvəl məktəbi bitirməsinə icazə verilir. Həmin şagird ali təhsil müəssisəsinə erkən yaşda imtahan verə bilir. Vaxtilə yaxşı oxuyan şagirdlər birinci sinifdən 3-cü, üçüncü sinifdən isə birbaşa beşinci sinfə keçə bilirdi. Dünya təcrübəsində də kifayət qədər belə nümunələr var. İndi bu məsələ Azərbaycanda da gündəmə gətirilib. Vaxtından əvvəl təhsilini başa vuran şəxslər əmək bazarında daha çox uğur əldə edə bilir. Onların bilik və bacarıqları bazarın tələblərinə cavab verir. Düşünürəm ki, həmin şagirdlərə şərait yaradılmalı və prosedur qaydaları bir qədər sadələşdirilməlidir. Tələblərə cavab verən şagirdlərə bu imkan yaradılmalıdır. Təhsil proqramını tam mənimsəyən şagirdə yenidən o proqramı tədris etmək, onun təhsil hüququnun pozulmasıdır. Bu mənada belə bir qərarı müsbət addım kimi qiymətləndirirəm”.

 

Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir