komputer-telefon

Ovcumuzda saxladığımız “düşmən” – MƏLUMATLARIMIZ OĞURLANIR

Baxış sayı: 782

“Telegram”ın bir neçə milyon istifadəçisinin məlumatları şəbəkəyə sızıb. Bu barədə “Kod Durova” səhifəsində xəbər verilib. Təxminən 900 MB-lıq baza “darknet” forumlarının birində görüntülənib. Bu, istifadəçi adı və telefon nömrələrini öyrənməyə imkan verir.

 

Məlumatları ələ keçən istifadəçilərin dəqiq sayı məlum deyil.

Bu fakt bir saha göstərir ki, İKT-nin inkişafı öz imkanları ilə bizi təhdid edir. Deməli, düşmən uzaqda deyil, ovcumuzda saxladığımız smartfonlarda, planşetlərdədir. Bəs nə edək? Telefonlarımızdan birdəfəlik imtina edib, Robinzon Kruzo həyatı yaşayaq, ya məlumatlarımızın oğrunlanmasını dövrün tələbi kimi qəbul edib, bununla razılaşaq?

Media hüquqşünası Ələsgər Məmmədli bildirir ki, bu, sosial medianın özü ilə birlikdə gətirdiyi təhlükədir:

“Düzdür, hər bir sosial platforma özünün daha təhlükəsiz olduğunu deyir. Əslində isə belə deyil. Problem ayrı-ayrılıqda “Telegram”da, “Facebook”da, “İnstagram”da yox, sosial medianın özündədir, başqa sözlə, kiberməkandadır. Buna kibercinayətkarlıq deyirlər. Cinayətkarlığın bu növü isə təkcə Azərbaycanda yox, bütün dünyada geniş vüsət alıb”.

Ə. Məmmədlinin fikrincə, kibercinaətkarlığın arxasında müxtəlif motivlər dayana bilər:

“İKT-ni bilən elə adamlar var ki, onlar sırf sosial şəbəkərdəki boşluqları, çatışmazlıqları ortaya çıxarmaq üçün belə addımlar atır, hesabları oğurlayırlar. Yəni faktiki olaraq belələrinin heç bir pis niyyəti yoxdur. Bir qisim kimlərinsə məlumatlarını oğurlayır və sonra həmin informasiyalardan kommersiya məqsədilə istifadə edir. Həmçinin kimlərinsə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə bu əməli törədənlər də az deyil. Hər halda kibercinayət də cinayətin bir növüdür. Və heç bir cinayət cəzasız qalmır”.

 

Media eksperti insanlara tövsiyələrini də verdi:

“Düzdür, kibercinayətkarlığa qarşı beynəlxalq miqyasda mübarizə gedir. Müxtəlif vaxtlarda qəbul edilən Avropa Konvensiyaları, o cümlədən Azərbaycan Respublikası qanunvericiliyinin Cinayət Məcəlləsinin müvafiq maddələri bu məsələni tənzimləyir. Amma cinayətkarlar bəzən o qədər peşəkar davranırlar ki, izi tapmaq olmur. Hətta birinci mənbədən yox, ikinci, üçüncü mənbədən də konkret məlumatı oğurlamağı bacaran İKT mütəxəssisləri var. Təbii, onlarla bacarmaq daha çətindir. Ona görə də biz mümkün olduğu qədər şəxsi, intim məlumatlarımızı ictimailəşdirməməliyik. Daha çox ictimai kommunikasiya xarakterli informasiyaları yaymağa üstünlük verməliyik ki, məlumatlarımız oğurlandığı təqdirdə daha az itki ilə üzləşək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir