dilenci

Övladını diləndirən şəxslər valideynlik hüququndan məhrum edilə bilərmi?

Baxış sayı: 349
 Bu gün dilənçi və qaraçı uşaqların əməyinin istismarı bir sıra ölkələrdə başlıca problemlərdən biridir. Etiraf etməliyik ki, Azərbaycanda da dilənərək pul qazanan uşaqlar var. Bakı Şəhər Baş Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin doqquz ayında dilənən 973 azyaşlı məntəqəyə gətirilib. Bəzən belə uşaqlar valideyn himayəsindən məhrum qalan uşaqlar olsa da, aralarında ata-anası tərəfindən dilənməyə məcbur edilənlər də az deyil.

Maraqlıdır, bəs övladını diləndirən şəxslər valideynlik hüququndan məhrum edilə bilərmi? Beləliklə, bu suala mütəxəssislərlə aydınlıq gətirməyə çalışmışıq.

 

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvi Çingiz Qənizadə övladlarını diləndirən şəxslərin valideynlik hüququndan məhrum edilməsinin düzgün olmadığını düşünür: “Valideynlik hüququndan məhrumetmə mürəkkəb anlayışdır. Ola bilər ki, uşaq atası tərəfindən bu işə sövq edilir və ana bu məsələdən xəbərsizdir. O səbəbdən də bu işə kompleks yanaşmaq lazımdır. Azyaşlı əməyinin istismarçısı olan qaraçı ailələrinin də valideynlik hüququndan məhrum edilməsi düzgün deyil. Çünki qaraçılar övladlarını 3-4 saat diləndirdikdən sonra öpüb, əzizləyir, yedizdirir, geyindirirlər”.

Deputatın sözlərinə görə, bu problemin həlli üçün cəza tədbirləri artırılmalı, mübarizənin başqa formaları tapılmalıdır: “Bu gün biz dilənənlərin bir ərazidən digərinə qovulduğunun şahidi oluruq. Onları bir-iki saatlıq tutaraq haradasa saxlayırlar. Bu isə problemin həlli demək deyil. Düşünürəm ki, bu məsələ kifayət qədər araşdırılmalı, problemin qarşısını almaq üçün inzibati məsuliyyət anlayışı gücləndirilməlidir”.

Ç.Qənizadə uşaq əməyinin yalnız diləndirilməklə deyil, müəyyən yerlərdə işə cəlb olunmaqla da istismar olunduğunu qeyd edib: “Bir müddət öncə restoranların birində azyaşlı uşağın yemək daşıdığını görüb onu səslədim. Uşağın 15 yaşı vardı. Restoranın administratorunu çağıraraq, uşağın bizə xidmət göstərməsinin düzgün olmadığını dedim. O isə uşağın valideyni tərəfindən bu işə sövq edildiyini bildirdi. Valideynlər ehtiyacları olduğu üçün uşaqları belə işlərə vadar edirlər. Ancaq ehtiyac olarsa belə, kiminsə 15 yaşlı cılız uşağı gecə saatlarında restoranda işlətmək haqqı yoxdur”.

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadənin sözlərinə görə, uşağın sığınacağa yerləşdirilməsi elə valideynlik hüququnun məhdudlaşdırılması deməkdir.

Birlik sədri bildirir ki, son vaxtlar sığınacağa diləndirilən 4 uşaqla bağlı müraciət daxil olub: “Bu uşaqların ən kiçiyi 2, ən böyüyü isə 8 yaşında olub. Belə uşaqlar hüquq-mühafizə orqanları tərəfindən sığınacağımıza gətirilir. Uşaqların məcburi əməyə cəlb olunması halları aşkarlandıqda isə tərəfimizdən də hüquq-mühafizə orqanlarına müraciət edilir. Hazırda bir neçə uşaqla bağlı hüquq-mühafizə orqanına məlumat vermişik. Bu uşaqlardan biri zərərçəkmiş kimi qiymətləndirilib, barəsində cinayət işi açılıb”.

K.Ağazadə qeyd edir ki, uşaqlar özləri də əməklərinin valideynləri tərəfindən istismar olunduqlarını etiraf edirlər: “Bir müddət öncə bir azyaşlının atası tərəfindən diləndirilməsi ilə bağlı xəbər yayılmışdı. Uşaq özü də bunu etiraf edirdi. Biz həmin uşağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacağına yerləşdirdik”.

“Ailədən təhlükə gəlirsə, bu zaman uşağın dövlət müəssisəsinə yerləşdirilməsi üçün icra hakimiyyətlərinə müraciət edirik. Onların yerləşdirilməsi ilə bağlı sərəncamlar icra hakimiyyətləri tərəfindən icra edilir. Belə uşaqlar ya Səhiyyə Nazirliyinin körpələr evinə, ya da Təhsil Nazirliyinin uşaq müəssisələrinə yerləşdirilir. Yalnız valideyn reabilitasiyadan keçdikdən sonra uşaq ona geri qaytarılır” – deyə müsahibimiz əlavə edir.

K.Ağazadə onu da deyir ki, bəzən valideynlər reabilitasiyadan keçdikdən sonra belə, övladlarını sığınacaqdan götürməkdən imtina edirlər: “Bir neçə il öncə anası tərəfindən diləndirilən bir uşaq sığınacağımıza yerləşdirilmişdi. Anası cinayət törətdiyi üçün həbs edilmişdi. Qadın cəzasını çəkənədək uşaq sığınacaqda qaldı. O müddətdə isə biz uşağın təhsilinə kömək etdik, bir sıra sənədlərini qaydasına saldıq. Həbsxanadan çıxdıqdan sonra qadın sığınacağımıza gəldi. Buradakı durumu görüb, özü də etiraf etdi ki, uşağını apararsa, onun üçün bizim yaratdığımız şəraiti yarada bilməyəcək. Çünki qadının dolanışığı yaxşı deyildi. Onunla söhbət əsnasında səfil həyatı yaşadığını, dəmir yığmaqla çörək pulu qazandığını öyrənmişdik”.

Birliyin sədri vurğuladı ki, azyaşlı övladının əməyindən yararlanan, onu istismar edən şəxslərin valideynlik hüququndan məhrum edilməsi ən böyük cəzadır: “Hazırda sığınacağımızda olan iki uşağın ailələrinə geri qaytarılmaması üçün çalışırıq. Bir müddət öncə 2 yaşlı körpə qız ətrafdakı şəxslər tərəfindən itlərin hücumundan xilas edilmişdi. Daha sonra həmin uşaq sığınacağımıza yerləşdirildi. Qaraçı ailəsi bu uşağı geri almaq üçün dəfələrlə müraciət etdi. Biz isə düşünürük ki, bu uşaq ailəsinə geri qaytarılsa, yenidən dilənçiliyə cəlb olunacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir