valideyn

Övladınız sizə hörmətsizlik edirsə… – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 741

Valideyn-uşaq münasibətlərində əsas problemlərdən biri də uşağın valideynə qarşı hörmətsizlik göstərməsidir. Çünki belə hallar valideynlərdə ciddi narahatlığa səbəb olmaqla yanaşı, onun uşağa qarşı hiss etdiyi sevginin aşınmasına gətirib çıxarır.

Ümumiyyətlə, valideynin, hansı yaşda olursa-olsun, uşağından hörmət görmək istəməsi təbiidir. Ancaq burada əsas məsələ “hörmət” sözünün istər valideyn, istərsə də uşaq üçün hansı mənanı ifadə etməsidir. Xüsusilə də, yetkinlik yaşında olan uşaqlarda müşahidə edilən hörmətsizlik probleminin əsas səbəbi “hörmət” sözünün uşaq və valideyn tərəfindən müxtəlif mənalarda qəbul edilməsidir. Məsələn, uşaq üçün valideynin qarşısında ayaqlarını ayaqlarının üstünə aşıraraq oturmaq adi bir hal olduğu halda, valideyn üçün bu, hörmətsizlikdir. Təbii ki, bu misalların sayını artırmaq da olar. Belə hallarda valideyn, ilk növbədə, uşağı ilə bağlı tələblərini minimuma endirməli və bu tələbləri uşağına sakit bir şəraitdə çatdıraraq mübahisəyə yol verməməlidir. Çünki istər uşağın mütəmadi olaraq təzyiqlərə məruz qalması və istərsə də, bütün bu təzyiqlərə baxmayaraq, valideynin istədiyi nəticəni əldə edə bilməməsi valideyn və uşaq arasındakı münasibətlərə ciddi zərbə vura bilər. Ona görə də, valideyn və uşaq qarşılıqlı şəkildə tələblərini bir-birilərinə bildirməli və ortaq bir məxrəcdə birləşdikdən sonra razılığa gəlməlidirlər.

valideyn

Digər tərəfdən, valideyn uşağının hərəkətlərini şərh etməyə çalışmazdan əvvəl bütün şablonları bir kənara qoymalı və uşağının içində olduğu mühiti də nəzərə almalıdır. Hörmətsizlik probleminin başqa bir səbəbi isə uşağın kiçik yaşlarda öyrəndiyi və kökləndiyi hərəkətlərdir. Valideynlərin yol verdikləri ən böyük səhv kiçik yaşlarda uşaqlarının səhv hərəkətlərinə göz yummaları, hətta, bəzən bu hərəkətləri təbii qarşılamalarıdır. Belə olduqda, uşaq səhv hərəkətlərinin doğru olduğunu düşünərək böyüyür, bir müddət sonra isə bu hərəkətlər qarşısıalınmaz bir səviyyəyə çatır. Ona görə də, valideynlər kiçik yaşlardan bu hərəkətlərdə güzəştə getməməli və ya bu hərəkətlərin hörmətsizlik səviyyəsinə çatmasına imkan verməməlidirlər.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir