valideyn ve usaq

Övladınız üçün gündəlik rejim qurmağın qızıl qaydaları

Baxış sayı: 1. 734

Gündəlik rejim qurmaqla siz həm övladınızın, həm də özünüzün qayğılarını xeyli azaldmış olacaqsınız. Hər gün əməl edəcəyiniz ardıcıllığı bilməsi övladınıza əminlik və təhlükəsizlik hissi aşılayacaq. Qaydasızlıq və daim tələsməkdən qaynaqlanan lazımsız həyəcan və stressdən uzaq olması isə ona oyunlar və təlim prosesi üzərində diqqətini daha yaxşı cəmləşdirməyə kömək edəcək.

İlk baxışdan kiçik dəcəlinizin hər hansı bir rejimə uyğunlaşması sizə nə qədər qəliz görünsə də, bir neçə həftə davamlı səylərinizlə bunun öhdəsindən gələ bilərsiniz. Bir neçə qızıl qaydaya əməl etməklə siz məqsədinizə tez bir zamanda nail olacaqsınız:

  • Gündəlik mühüm olan işləri müəyyənləşdirin və lazımi ardıcıllıqla düzün.

 

  • Bu ardıcıllığa hər gün əməl edin. Övladınız, xüsusilə çox kiçik yaşlılar, təkrarı sevirlər. Eyni ardıcıllığı təkrar etməklə siz balacanızın beynində hansı addımdan sonra nəyin gəldiyi ilə bağlı iz buraxmış olacaqsınız. Beləliklə, yatmamışdan öncə yuyunacağı və nağıla qulaq asacağını bilən dəcəliniz daha səbrli və rahat olur.

 

  • Real olmayan məqsədlər qoymayın. Əgər övladınız səhər yeməyinə 30 dəqiqə sərf edirsə, bunu 15 dəqiqə hesablamaqla siz vaxt qazanmayacaqsınız; əksinə, işlərinizin cədvəl üzrə getmədiyi üçün əsəbləşəcəksiniz. Bu təbii olaraq gündəlik rejimə daxil etdiyiniz digər fəaliyyətlərinizə də təsirsiz ötüşməyəcək.

 

  • Övladınızın növbəti gün üçün yemək və geyim hazırlıqlarını əvvəlki axşamdan (yaxud çox erkən oyanmağı sevirsinizsə səhər tezdən) edin. Səhər bağçaya geyiləcək şalvar, yaxud nahara yeyiləcək yemək üçün məhsulların qayğısından azad olmaqla siz xeyli vaxt və güc qorumuş olacaqsınız. Eyni zamanda vaxt çatışmamazlığl səbəbi ilə övladınızın gündəlik rejimindən ixtisarlar etməyəcəksiniz.

 

  • Dəyişikliyə yer qoyun. Hər dəfə balacanızı eyni ailə üzvü yatızdırarsa, o olmadığı halda yuxuya hazırlıq əsl sınağa çevrilə bilər. Bu səbəbdən aidiyyatı olan bütün ailə üzvləriniz vaxtaşırı övladınızla bağlı qayğıları bölüşməlidir. Həftədə bir dəfə səhər yeməyini ana ilə deyil nənə ilə yesin, yaxud ayda 4 gecə balacanız yatmağa atası ilə hazırlaşsın.

 

  • Əgər gündəlik rejimində övladınızın sevmədiyi və heç cür razılaşmadığı bir bənd varsa bununla bağlı mükafat təklif edə bilərsiniz. Məsələn, dişləri təmizləməyə görə əl çalmaq, öpmək, yaxud oyuncaqları yığışdırmağa görə əlavə oyun vaxtı övladınızın davranışını dəyişə bilər.

 

  • İstisnalar mümkündür. Nənə-babanın evində gecələyirsiniz, yaxud səyahət edirsinizsə gündəlik rejimdə pozuntular qaçılmazdlr. Sizin işiniz belə xarici faktorların övladınıza təsirini minimuma endirməkdir. Bunun üçün onun sevimli oyuncağını, yemək qablarını, yaxud yataq örtüyünü özünüzlə götürün. Yemək və yuxu vaxtlarına mümkün qədər dəqiq riayət edin.

 

  • Əgər gündəlik rejimi qurmaq heç cür alınmırsa demək sizin qoyduğunuz qaydalarda uyğunsuzluq var. Bu halda övladınızın tərbiyəsinə cəlb olunmuş ailə üzvləri və digər köməkçilərlə cədvəlinizi yenidən nəzərdən keçirməyiniz faydalı olar.

Səbrli olun, bu mümkündür və siz bunu bacaracaqsınız!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir