Övladınıza istədiyiniz soyadı qoya biləcəksiniz

Baxış sayı: 1. 941

Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın üzvü Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, sənəddə, əsasən, soyad sonluqları məsələsinə diqqət yetirilib: “Sənəddə 6 variant təqdim edilib. Bunlar “lı”, “li”, “lu”, “lü” (məsələn, Məmməd Həsənli), “zadə” (Məmməd Həsənzadə), “oğlu” (Məmməd Həsənoğlu), “gil” (Məmməd Həsəngil), “soy” (Məmməd Həsənsoy) sonluqları ilə bitən və şəkilçisiz (Məmməd Həsən) formadır”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda hələ də ayrıca olaraq “Adlar və soyadlar haqqında” qanun qəbul edilmədiyindən bu gün vətəndaşlar övladlarına öz soyadından başqa digər soyad yazdıra bilməzlər. Lakin Nazirlər Kabinetinə göndərilən sənəd qəbul edilərsə, bunu etmək mümkün olacaq: “Həmin sənəddə vətəndaşlara yeni doğulan uşağa tamam başqa soyad yazılmasında sərbəstlik verilməsi nəzərdə tutulur. Məsələn, bəlkə biri uşağın soyadı kimi öz kəndinin, şəhərinin adını yazdıracaq”.

N.Cəfərov bildirib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarını verəndən sonra oradakı məqamları birləşdirməklə ayrıca qanun da qəbul edilə bilər: “Bundan əlavə, ad, soyad, ata adının hansı sıra ilə yazılmalı olduğu da bilinmir. Bizdə bununla bağlı çoxvariantlılıq var. Məsələn, ad, soyad, ata adı siyahıda necə yazılmalıdır, ayrılıqda necə yazılmalıdır, rəsmi sənədlərdə necə yazılmalıdır? Bu məsələlər dəqiqləşdirilməlidir”.

Qeyd edək ki, Nizami Cəfərov bu məsələ ilə bağlı bəzi məqamları Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında da qaldırıb.

O qeyd edib ki, Milli Məclis bu məsələyə mütləq müdaxilə etməlidir: “Hər halda bununla bağlı qanunun qəbuluna və ya mövcud qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var. Çünki burada müəyyən mürəkkəblik var. Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, soyadlarımızın 80 faizi hələ də “ov”, “yev” sonluqları ilədir. Bu, heç də o demək deyil ki, həmin şəxslər bunu belə istəyirlər, sadəcə bu məsələ inersiya üzrə gedir. Çünki adların, soyadların dəyişdirilməsi və verilməsində müəyyən sənədləşmə işləri aparılmalıdır. Bu tamamilə qanunidir və olmalıdır. Amma bu prosesi nisbətən yüngülləşdirmək məsələsi həll edilməlidir. Yeni doğulan uşaqlara verilən soyadlarda dəyişiklik etmək asandır. Bundan əlavə, vətəndaşlar cəmiyyətdə artıq müəyyən məqama çatdıqdan sonra elə öhdəliklər yaranır ki, öz soyadının dəyişdirilməsində çətinliklərlə qarşılaşırlar. Bax, bu məsələni də nisbətən asanlaşdırmaq olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir