qoca

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Baxış sayı: 1. 640

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların sayı kifayət qədərdir. Amma etiraf edək ki, övlad qayğısından uzaq düşən valideynlərin sayı da az deyil. Belə ki, bəzi valideynlər mal-mülk üstündə yaranan söz-söhbət üzündən evdən atılırlar, bəziləri xəstəlik, bəziləri isə ailədaxili münaqişələr səbəbindən tərk edilirlər.

Bəs görəsən, mövcud qanunvericiliyə əsasən, övlad qarşısında böyük vəzifələr daşıyan valideynin övladı onun qarşısında hansısa məsuliyyət daşıyırmı? Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə görə övlad öz valideyninə baxmağa borcludurmu?

 

Yeri gəlmişkən, Çində valideynlərinə qayğı göstərməyən övladlara qarşı cəza tətbiq olunur. Belə ki, bu ölkənin qanununa görə bütün vətəndaşlar yaşı 60-ı ötmüş valideynlərini yoluxmağa və onlara qayğı göstərməyə məcburdurlar. Məhkəmə hakimlərinə isə şifahi göstəriş verilib ki, övladların valideynlərinə iki ayda bir dəfədən gec olmayaraq, baş çəkmələri diqqətdə saxlanılsın. Bu qaydaya əməl etməyənləri cərimə və ya bir il müddətində azadlıqdan məhrum edilmə cəzası gözləyir.

 

İnsanların düşüncəsi «oyanmalıdır»

Məsələ ilə bağlı fikirlərini bölüşən psixoloq Azad İsazadə deyir ki, əslində övladları tərəfindən valideynlərin atılması hüquqi məsələdən çox mənəvi məsələ sayılır. Onun sözlərinə görə, tədricən milli-mənəvi dəyərlər aşınmaya məruz qaldığından cəmiyyətdə xoş olmayan mənzərə yaranır: “Son illərdə Azərbaycandakı sosial vəziyyət bir qədər dəyişilib. Məsələn, qocalar evinə yerləşdirmə hallarından mən də tez-tez eşidirəm. Hətta Maştağı psixiatrik xəstəxanasının qocalma prosesi və onun profilaktikası şöbəsi həmişə doludur. Bunun obyektiv və subyektiv faktorları var. Obyektiv olan bioloji səbəblərdir. Yəni neyrodeqeneratif xəstəlik, qocalıq otrofik proseslər”.

Azad İsazadə bu məsələd tibbin inkişafının nəticələrini də qeyd edərək bildirir ki, şuntlaşdırma ömrü uzadır, beynin normal funksiyasını isə uzatmır. Onun sözlərinə görə, əvvəllər insan ağıl zəifliyinə ya da neyrodeqeneratif xəstəliklərə çatmıyaraq daha cavan yaşda infaktdan dünyasını dəyişirdi: “Ancaq şuntlama ürək-damar xəstəliyindən ölüm hallarının sayını kəskin şəkildə azaltdı. Deməli, beyin qocalması ilə əziyyət çəkən insanların sayı artır. Bundan əlavə, qocalmış insanlar axını qaçqın çox olan dövr ilə bağlıdır. O vaxt yaşlıları, əlilləri, paralizasiya olanları yerləşdirmək üçün ayrı imkan da yox idi. Vəziyyət elə idi ki, qocalar evində olan şərait çadır və ya yataqxanada olan şəraitlərdən daha yaxşı idi. Bunlar obyektiv səbəblərdir. Subyektiv faktorlara gəlincə, heç bir xəstəliyə baxmayaraq, orta statistik Azərbaycan ailəsi daimi böyüklərin ətrafında formalaşıb. Ailədə hətta işləmək qabiliyyətini itimiş böyüyün olması böyük məna daşıyır. Belə insanın ailədə hər hansı təşəbbüslərinə xeyir dua verməyi olduqca vacib əhəmiyyət sayılır. Hətta uşaqların valideynlərində ayrı yaşamağı da cəmiyyətdə rüsvayçılıq sayılırdı. Misal üçün uşaqların hamısı Bakıya köçüb yaşlı valideynlərini tək qoyaraq qazanc əldə etmək üçün gedib. Uşaqlardan, ya da nəvələrdən kimsə mütləq onlarla qalmalı idi. Fikrimcə urbanizasiya prosesi də bu problemə təsir edib. Rüsvayçılıq amili itib. Yəni, dəyərlər tədricən aşındığından cəmiyyətdə bu cür mənzərə yaranır».

Çində valideynlərinə qayğı göstərməyən övladlara qarşı cəza tədbirlərinin tətbiq edilməsi təcrübəsinə toxunan ekspert bunun Azərbaycanda reallaşdırılmasını mümkün saymır. Onun fikrincə, mövcud problemi aradan qaldırmaq üçün ilk növbədə insanların düşüncə tərzində «oyanış» olmalıdır: «Məsələn, yaponlar belə hesab edirlər ki, yaşlıları qocalar evinə təhvil vermək insafsızlığın yüksək dərəcəsidir. Bununla belə tibbin yüksək səviyyəsi bu ölkəni dünyada ən qocalan ölkələrin sayına gətirib çıxarıb. Güclü milli ənənələri olan yaponlar qocalar üçün gündüz vaxtı yaşlılara xidmət göstərən evləri yaratmağa başladırlar. Səhər qocaları həmin xidmət evlərinə aparırlar. Bu gündüz stasioner adlanır. Onlar həm yaşlı, həm də xroniklər üçün nəzərdə tutulur. Səhər doqquzdan günörta saat 3-ə ya da 5-ə qədər işləyir. Orada tibi xidmət və iki dəfəlik yemək təşkil olur. Axşam isə insan evdə olur. Psixika xidmətində bunlar var. Qocalar evində isə yoxdur. Ola bilsin ki, yaranmış vəziyyətdə bu ən yaxşı çıxış yoludur. Həm də bu bizim qocalarımıza ən əsası seçmə imkanını verə bilər. Hesab edirəm ki, bizdə də bu təcrübədən yararlanmaq mümkündür. Çünki inzibati cəza tədbirləri ilə valideynindən imtina etmək istəyən övladın düşüncəsini dəyişmək mümkün deyil».

 

Məhkəmə müəyyən etsə ki…

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Pərviz Zamanlı isə məsələnin hüquqi tərəflərindən danışır. O bildirir ki, valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Onun sözlərinə görə, Ailə Məcəlləsində əmək qabiliyyətli, yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduqları təsbit edilib: “Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmini məhkəmə valideynlərin və övladların maddi vəziyyətini nəzərə almaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edir. Alimentin miqdarı müəyyən olunarkən aliment tələbi valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verilməsindən asılı olmayaraq məhkəmə onların hamısını nəzərə ala bilər. Müəyyən olunmuş aliment onu ödəməli olan şəxsin qazancından və digər gəlirlərindən tutulur. Qazanc və digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və sair kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən tutulur. Bu vəsaitlər çatışmadıqda isə tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər”.

Hüquq məsləhətçisi deyir ki, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmədə müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar həmçinin valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

Pərviz Zamanlı bildirir ki, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər: «Uşaqların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla müəyyən edilir. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir