usaqlar

Övladlarımıza düşməni necə tanıdaq? – PSIXOLOQ YANAŞMASI

Baxış sayı: 721

Azərbaycanın apardığı Vətən müharibəsi, Ordumuzun qazandığı qələbələr bütün xalqda böyük bir ruh yüksəkliyi yaradıb. O cümlədən uşaqların da dilində “Qarabağ Azərbaycandır” şüarı səslənir. Bu günə qədər bəlkə də Qarabağ savaşı ilə bağlı tam bir məlumata, təsəvvürə malik olmayan uşaqlar bu gün televiziyada düşmənə qarşı aparılan savaşın görüntülərini izləyirlər. Eyni zamanda, şəhidlərimizlə bağlı məlumatları, erməni terrorçularının atəşi ilə Gəncədə, Bərdədə, döyüş bölgələrində dağıdılan dinc yaşayış evlərini görürlər. Bu onların psixologiyasına necə təsir edir? Erməni işğalçılarını uşaqlara necə tanıtmalıyıq?

Psixoloq Elnur Rüstəmov bildirdi ki, artıq uşaqlar nəyin baş verdiyini əyani şəkildə görürlər: “Sentyabrın 27-dən biz əks-hücumla işğal olunmuş torpaqlarımızı ermənilərdən azad edirik. Bizim döyüş meydanında qazandığımız qələbələr, həmçinin bu torpaq uğrunda şəhid olan, yaralanan əsgərlər, onlara həm dövlət, həm də cəmiyyət tərəfindən birmənalı dəstəyin göstərilməsi, şəhid və yaralıların qəhrəman kimi  qarşılanması və s. uşaq psixologiyasına müsbət mənada təsir göstərir. Uşaq və yeniyetmələr vətənin nə qədər əziz olduğunu, vətən uğrunda savaşmanın və bu yolda şəhid olmanın nə qədər şərəfli bir iş olduğunu görürlər. 30 il idi ki, bizdə belə aktiv müharibə şəraiti yox idi. Zaman-zaman qısamüddətli döyüşlər olmuşdu, ancaq aktiv fazada deyildi. Hazırkı dövrün uşaqları Qarabağ müharibəsi haqqında kitablardan, yaxınların, doğmaların dediklərindən məlumatlı idilər. Ancaq müharibə başlayandan bəri nə qədər dinc əhali dünyasını dəyişdi. Gəncədə və Bərdədə baş verənləri, uşaqların öldürülməsini  bizim nə qədər pis, humanist prinsiplərə  söykənməyən bir düşmənlə qarşı-qarşıya olduğumuzu gördülər. Dünənə qədər biz o uşaqlara Xocalı faciəsini çatdırmağa çalışırdıq. Ancaq bu dəfə onlar əyani gördülər. Nə qədər humanistlikdən, insanpərvərlikdən danışılsa da, biz ilk növbədə onu nəzərə almalıyıq ki, bizim çox pis bir düşmənimiz var”.

Elnur Rustemov

Psixoloq vurğuladı ki, heç bir insani dəyər tanımayan, vandal, barbar bir düşmənlə vuruşur: “Biz onlara qarşı hər zaman ayıq-sayıq olmalıyıq. Bundan sonra böyüyən uşaqlar da bilməlidirlər ki, onların erməni kimi bir düşməni var. O düşmənə qarşı hər zaman güclü olmaq üçün elm və təhsil, ordu quruculuğu inkişaf etməlidir. Onlara qarşı daim ayıq-sayıq olmalıyıq. Ermənilər zaman-zaman bizim insanpərvərliyimizdən istifadə ediblər. Artıq buna imkan verməməliyik. Hazırda hər şey təbii axarı ilə gedir. Belə bir məsəl var ki, ”bir müsibət yüz nəsihətdən yaxşıdır”. Bu gün baş verən müharibə daha çox təsir effektinə malikdir, vətənpərvərlik, vətəni qorumaq, azərbaycançılıq təfəkkürünün formalaşması baxımından çox misilsiz təsirə malikdir”.

Psixoloq vurğuladı ki, bu dövrdə valideynlər uşaqlarda yarana biləcək psixoloji narahatlıqlar və davranış pozuntuları ilə bağlı diqqətli olmalıdırlar: “Sadəcə, valideynlər diqqətli olmalıdırlar, bu proseslərdə xüsusən uşaqlarla bağlı hər hansı psixoloji narahatlıq olarsa, psixoloqa müraciət edib dəstək almalıdırlar. Bu narahatlıq  yuxu pozuntusu ola bilər, sayıqlamalar, müəyyən davranış pozuntusu ola bilər ki, həmin uşaqlarla profilaktik tədbirlərin aparılması çox yaxşı olardı. Bununla bağlı dövlət tərəfindən də tədbirlər görülür. Xüsusən cəbhə bölgəsində və ətraf rayonlarda yaşayan uşaqlarla iş aparılır ki, onlarda bu travma dərinləşməsin, posttravmatik stress pozğunluğunun kəskin fazaya keçməməsi üçün profilaktik tədbirləri təxirə salmadan həyata keçirmək lazımdır. Bunun bir mexanizmi olmalıdır”.

“90-cı illərin uşaqlarından fərqli olaraq, hazırkı dövrdə qalib ölkənin vətəndaşı kimi böyümək və tariximizdən zəfər səhifələrini oxumaq böyüməkdə olan nəslin tərbiyəsinə necə təsir edəcək” – sualına cavab verən psixoloq bildirdi ki, burada əsas məsələ haqlı və ədalətli bir savaş apardığını bilmək və bu hər iki dövrdə eyni idi: “Hər bir situasiya şəxsiyyətin formalaşmasına təsir edir, əlbəttə, gənc nəsil qalib ölkənin vətəndaşı kimi yetişəcək. Ancaq bu məsələdə əsasən ədalətli olub-olmamaqdan söhbət gedir. Kim ədalətlidir? Qalibiyyətə qalsa, ötən 30 ildə Ermənistandakı gənclər qalib kimi böyümüşdülər, törətdikləri vandallıq, qəddarlıq, zəbt etdikləri torpaqlar. Onlar bunu görmüşdülər. Necə oldu ki, XXI əsrdə bunlardan əsər-əlamət qalmadı? Çünki ədalətsiz davranmışdılar. Bunu heç vaxt unutmamalıyıq. Bu gün ordumuz niyə qələbə qazanır? Niyə şəhid anası övladının şəhid olmasını faciə kimi qəbul eləmir? Çünki onun oğlu haqq savaşında şəhid olub. Biz torpaq işğal etməmişik. İndi durum 90-cı illərdən fərqli olsa da, ədalətli mövqeyimiz dəyişməyib. Onda durum da başqa  idi, Sovet hökuməti dağılmışdı, düşmənə o gün kömək edənlər bu gün də kömək edirlər. Ancaq biz haqlı olduğumuzu bilirdik. Nə qədər ideoloji iş aparsalar da, təzyiq etsələr də Qarabağı bizim yadımızdan çıxara bilmədilər. Çünki o bizim əzəli torpağımızdır. Bu prosesdə ən əsas məsələ haqlı, ya haqsız olmaq, ədalətli ya ədalətsiz olmaqdır. Erməni bilir ki, haqsızdır, ədalətsizdir. Əlbəttə, Ermənistan vətəndaşı gəlib Qarabağda döyüşmək istəməyəcək və onlar muzdlu döyüşçü gətirməyə məcbur olacaqlar. Ancaq bizim gənclərimizin yanaşması fərqlidir, o torpaqlar bizim öz torpaqlarımızdır. Ona görə də onlar 90-cı illərdə vəziyyəti ən qəddar həddə çatdırdılar. Ancaq bu bizə təsir göstərmədi, ilk situasiyada xalqın qəhrəmanlıq ruhu ortaya çıxdı. Çünki biz bütün ruhumuzla bilirdik ki, haqlıyıq. Biz o zaman savaşı uduzmuşduq, ancaq savaş davam edirdi. Bu gün biz  bir xalq olaraq kimliyindən asılı olmayaraq, hər kəsin bərabər bir hədəf uğrunda irəliləməsində  də başlıca faktor, bütün azərbaycanlıların haqlı olduqlarını bilməsidir. Türkü də, talışı da, ləzgisi də bilir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz öz torpağımızda vuruşur, müharibə aparır, şəhid olur, qələbə qazanırıq. Başqasının torpağına göz dikməmişik. Bu gün şəhid olan 1998-2000-ci il təvəllüdlü uşaqlar Qarabağı görməmişdilər. Qarabağlı olanlar var ki, Bakıda doğulmuşdular, orada şəhid oldular. Hər kəs inanırdı ki, bu torpaqlar bizimdir və bir gün qayıdacaq”.

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir