adlar

Övladlarına eybəcər adlar qoymaq istəyənlər – çıxış yolu nədir?

Baxış sayı: 1. 165

Sentyabr ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 68 müraciətə baxılıb. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova Xezerxeber-ə deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb: “Küheyl, Sofu, Saida, Əliyənaqi, Əliyənvəluyullah, Kapitalina, Həzrətəli, Meysəm, Ezel, Sada, Rina, Füruri, Sülhe, Nəroğlan, Ülya, Əliaçıq, Nağdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”.

S.Sadıqova əlavə edib ki, ötən ay bir neçə yeni adların (Şahəddin, Nəyyur, Uyqunə, Nurruh, Tamər, Aiza və s.) adlarının qoyulmasına isə icazə verilib”.

Qeyd edək ki, ötən illərdə də uşaqlara əcaib adların qoyulmasının qarşısı alınmışdı. Məsələn, bəzi valideynlər yeni doğulan körpələrinə Piriş, Odumi, Xeyirxəbər, Həftik, Bostan, Ramen, Yaşasin, Hərdəm, Serra, Nigah, Qansız, Nicəliş, Görüş, Qiymətəli və bu kimi əcaib adlara verməyə çalışmışdılar. Bəzən valideynlər unudur ki, əcaib adlarla böyüyən uşaqlar gələcəkdə utancaqlıq hissi ilə öz adlarına mənfi reaksiya verir, buna görə daim psixoloji təzyiq altında qalır, hər dəfə öz adlarını tələffüz edərkən çətin vəziyyətdə qalır. Cəmiyyətdə əcaib adları daşıyan insanlar heç də az deyil.

 

Bəs valideynlərin “kreativ” ad düşüncəsi nədən qaynaqlanır? 

Image result for Sosioloq Əhməd Qəşəmoğlu

 

Sosioloq Əhməd Qəşəmoğlu mövzuya bu cür münasibət bildirdi: “Bu cür əcaib adlar hansı cəmiyyətdə çoxdursa, deməli, orada daha çox cəhalət var. Mənim uşaqlığım Naxçıvanda keçib. Yadımda idi ki, o vaxt qonşu kənddən insanlar gəlmişdi, birinin adı Kombayn, birinin adı Traktor, digərininki isə Kommunist idi. Hətta bir dəfə bir xanım bir qızının adını Tovuz qoymuşdu, ikinci qızı doğulanda onunkunu Xoruz qoymaq istəyirdi. Aləm  dəymişdi bir-birinə ki, qız adını Xoruz qoymazlar. Xanım deyirdi ki, yox, Tovuza uyğun ad elə Xoruzdur. Bunların hamısı cahillikdən irəli gəlir. İnsanlarda dünyagörüşü geniş, ətraflı olsa, adın mahiyyətini anlayarlar. Universitet illərində isə xatırlayıram ki, bir oğlanın adı Marks idi və bu ada görə çox utanırdı. Sonda oğlan adını dəyişdirdi. Hətta deyəsən, xalq yazıçısı oğlunun adını Marks qoymaq istəyib, sonradan buna görə onu qınayıblar, o da fikrini dəyişib, sonradan Məsud qoyub. Və yaxud tələbələrimdən birinin adı Canan idi. Semestr bitənə qədər həmin qızın adını mən çəkmirdim. Uşağa necə deyəsən ki, ”Canan, gəl çıx lövhəyə”? Axı valideynlər niyə başa düşmürlər ki, qızın adını Canan qoymaq düz deyil. Kənardan kimsə onu səsləyəndə bu, heç də xoş görünmür. Belə hallar yolverilməzdir. Çünki bu cür neqativ adlar gələcəkdə həm uşaq, həm də cəmiyyətin özü üçün pis göstəricidir.

İkinci bir tərəfdən, bu məsələdə maarifləndirmə işi demək olar ki, sıfır səviyyəsindədir. Məlum olduğu kimi, hər birimizin adı bizə eyni zamanda bir enerji daşıyır, ona köklənirik. Hətta İslam dinində belə bir məsələ var ki, uşaq anadan olanda valideynin birinci borcu uşağa gözəl ad seçməkdir. Bəziləri uşağın adını dini kitabdan götürür. Amma bu məsələdə də diqqətli olmaq lazımdır. Məsələn, xatırlayıram ki, Türkiyədə bir valideyn dini kitabdan uşağa ad götürmüşdü. Sonradan məlum olmuşdu ki, verdiyi ad şeytan adıdır. Yəni sadəcə, kitabı açıb və qarşısına həmin ad çıxıb və anlamını bilmədən uşağa qoymuşdu. Beləliklə, insanların bu sahədə maariflənməsinə ehtiyac var”.

Sosioloq qeyd etdi ki, adlar insanlarda milli ruh aşılamalıdır: “Artıq keçən əsrin əvvəllərində ölkəmizdə bu istiqamətdə işlər aparılır. Üzeyir Hacıbəyov, Hüseyn Cavid və bu kimi  görkəmli şəxsiyyətlərimizin yaradıcılığına diqqət etsək görərik ki, onlarda bir ənənə var idi, hansı ki,  anladığımız, milli, türk təfəkküründən gələn adlara üstünlük verirdilər. Bu ənənəni sonralar Rəsul Rza və bir çox yazıçılarımız davam etdirdi. Fakt budur ki, əhalinin bir qisminin  dünyagörüşü imkan vermir ki, uşağına layiqli ad seçə bilsin. Ona görə də bizim bununla bağlı Milli Elmlər Akademiyasında qurum var və bu məsələ ilə bağlı çalışırlar”.

Sosioloq uşaqlara əcnəbi adların verilməsini də pislədi: “Bu da cahillik, yamsılamaqdır. Məsələn, valideynlər türk seriallarına baxıb oradan Filiz adını götürür. Bu ad Türkiyədə geniş yayılıb, amma ölkəmizdə bu adın mahiyyətini anlamırlar. Və yaxud Cansu adı. Bu ad Türkiyədə məşhur ad ola bilər, amma bizdə bu anlaşılmır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir